Lixtenşteyn matçı – 15 il əvvəl və indi
Millimiz hər dəfə Lixtenşteynlə qarşılaşanda nostalgiya hissləri məni 15 il əvvələ aparır. 1998-də yığma Azərbaycanın adını “cırtdan” ölkənin tarixinə yazmağı bacarmışdılar. Həmin vaxt bizimkilər bu biabırçılığa bəhanə uydurarkən, əsasən “rəqib cəmi iki dəfə qapımıza yaxınlaşdı, onda da qol vurdular” cümləsindən istifadə edirdilər. Guya ki, 90 dəqiqə ərzində futbolçularımız Lixtenşteynin qapısını top atəşinə tutublarmış. Düzdü, Bakıdakı cavab oyununda böyükhesablı qələbə qazanmaqla qisasımızı ala bildik. Bizim üçün tarixi sayılan oyundan öncə millinin o vaxtkı çalışdırıcısı Əhməd Ələsgərov rəqibi xarakterizə edərkən “onlar peşəkardır, peşəkar olmasaydılar, Bakıya aşpazlarını da gətirməzdilər” demişdi.
4:0 hesabıyla yekunlaşan qarşılaşmanı izləmək üçün xeyli əziyyətə qatlaşmışdım. Hələ jurnalist vəsiqəm yox idi. Ayda cəmi 15 min manat (köhnə pulla) təqaüd alan rayonlu tələbə üçün 10 manata bilet alıb futbola baxmaq isə şirin xəyal idi. Dostlarımızla qərarlaşdıq ki, stadiona polislərdən öncə gedək, tribunaların hansındasa gizlənək. Belə də etdik. Amma sonradan bütün tribunaları ələkvələk edən polislərin bizə rəhmi gəlməyincə, 5 saatlıq əziyyətimiz heç oldu, bir də gördük ki, stadionun darvazalarından çöldəyik. Düzdü, oyun başlayandan sonra yanğınsöndürən maşında əyləşən gizirin sayəsində uca divarı aşıb, yenidən tribunalara qayıda bildik. Oyun bitəndən sonra millinin qazandığı qələbənin sevinciylə evə sanki uça-uça qayıdırdıq.
Aradan xeyli müddət keçib. Çox şey dəyişib, o cümlədən yığmanın formasını geyən futbolçular, komandanın baş məşqçisi də. Müqayisə üçün təkcə bir məqamı xatırlatmaq kifayətdir ki, o vaxt Əhməd Ələsgərov futbolçuların millinin düşərgəsində normal qidalana bilməməsindən belə şikayətçi idisə, indi Berti Foqtsun komandası hər iki aydan bir xaricə, lüks otellərdə gecələməklə təlim-məşq toplanışına yollanır. Amma dəyişməyən odu ki, yenə də “cırtdan” kimi baxdığımız Lixtenşteyn bizim üçün çətin rəqibdir. Dubayda baş tutan sonuncu qarşılaşmadakı minimalhesablı qələbəyə sevinmək üçün səbəb tapa bilmirəm. Axı iki penalti vurmaq hüququ qazandığımız oyunda bu şansın birini qola çevirib qələbə qazanmaq bizə nə verdi? Referi penaltilərə “göz yumsaydı”, indi işimiz ərəbi asıb-kəsmək olacaqdı. Foqtsun komandasındakı nöqsanlar yenə də unudulacaqdı.
Yazımın əvvəlində xatırlatdığım kimi, bizimkilər 15 il əvvəl də Lixtenşteynin qapısı qarşısında xeyli təhlükəli vəziyyət yaradıb, yalnız birindən yararlanmışdılar. Dubaydakı oyunda da ssenari təxminən oxşar oldu. Deməli, yığmanın hücum potensialı və ələ dü-şən imkanlardan maksimum yararlanmaq bacarığı yoxdur. 15 il öncə də olmayıb. Onda biz nəyi inkişaf etdirmişik? Futbolçuların maddi vəziyyətindən başqa heç nəyi. Bir də milli-ni indi qocaman herr Berti Foqts çalışdırır. Almaniyalı mütəxəssis oyunöncəsi futbol-çularına ismarıc göndərirmiş kimi “bəziləri üçün bu, sonuncu şansdı” demişdi. Qəribədi, Foqtsun özünə sonuncu şansı nə vaxt verəcəyik? Ümumiyyətlə, bu ölkədə alman çalış-dırıcıyla ultimatum tonunda danışacaq kimsə varmı?! Yoxdur, olsaydı, herr Berti başı-mıza istədiyi oyunu açıb, cürbəcür yalanları qulağımıza üfləməklə işini bitmiş saymaz, milyonları rahatca cibinə qatlamaq cəsarətinə sahib olmazdı.
AFFA-nın baş katibi Elxan Məmmədov sevincək olub ki, Foqts yığmaya səfərdə oynamağı öyrədib. Canım-gözüm, Dubaydakı stadionların boş tribunalarını hansı ölkənin milli-sinin ev oyunundakı atmosferlə eyniləşdirə bilərik? Boş tribunalar önündə belə təcrübə-li Rəşad Sadiqov penaltini qola çevirə bilmirsə, gedin, başqa yalan düşünün. Yoldaşlıq görüşündə qazanılan belə ucuz qələbəylə sevincək olub başımızı aldatmağa çalışmayın. Baş katib qonşu Gürcüstanın Albaniya üzərindəki əzmkar qələbəsinə baxıb heç dillənməsə, yaxşıdı. Dostlarımızdan biri Lixtenşteynlə Albaniyanı eyniləşdirməyə cəhd göstərir-di. Tam uğursuz müqayisədir. “Qarabağ”ın liderlərindən Ansi Aqolli və Admir Telinin də müxtəlif vaxtlarda top qovduğu yığma hara, yarımhəvəskar futbolçulardan formalaşan Lixtenşteyn hara?! Gürcü futbolçularla bizimkiləri eyniləşdirmək də mümkünsüzdür. Bizim ən üzdə olan futbolçular Türkiyənin aşağı liqalarında belə heyətə düşə bilmirsə, gürcülərin sorağı Almaniya, İtaliya, Hollandiya çempionatlarından gəlir. “Niyə həmin əjdahalardan bizdə yoxdur” sualı ətrafında xeyli müzakirələr aparılıb. Yekun nəticə isə uşaq futboluna diqqətin artırılmasının vacibliyi, infrastrukturun inkişafı məsələlə-ri olub. AFFA rəhbərliyi isə qoca Foqtsun ayağının altına milyonlar səpələməklə ucuz reklam həvəsindədi.
Orta məktəb illərində Stalin represiyalarından bəhs edən bir kitab oxumuşdum. İndi adını xatırlamadığım həmin kitabda represiya qurbanı olan müəllimin evindən belə bir şeir tapılır: “Getdim çıxdım düz Gürcüstan elinə. Elləri var, bizim elə bənzəməz”. Prokuror istintaqda müəllimdən soruşur ki, “bu nə deməkdi, Gürcüstan da sovet ölkəsi, Azərbaycan da. Necə yəni bizim ellərə bənzəməyən elləri var?” Görürsüz də, iki qonşu arasındakı fərqlər hələ illər öncə də aktual olub. Nə sirdisə, biz gürcülərə bənzəməyə çox çalışsaq da, bunu bacara bilmirik.
Amal Abuşov