Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova Şimali Kipr Türk Cümhuriyyətində təşkil olunan “Türk Dünyası Uşaq Ədəbiyyatı Seminarı”nın açılışında və oturum müzakirələrində iştirak edir.
20–21 aprel 2026-cı il tarixlərində paytaxt Lefkoşada keçirilən beynəlxalq seminar KKTC-nin Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin Mədəniyyət İdarəsi, Milli Təhsil Nazirliyi, Türk Dil Qurumu və Atatürk Müəllimlər Akademiyasının birgə əməkdaşlığı ilə baş tutur.
Seminarın əsas məqsədi Türk dünyasında uşaq ədəbiyyatının mövcud vəziyyətini qiymətləndirmək, keyfiyyətli ədəbi nümunələrin yaranmasını təşviq etmək, ortaq ədəbi düşüncə formalaşdırmaq və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməkdir.
Açılış mərasimində millət vəkili, professor Elnarə Akimova, Türk Dil Qurumunun sədri Osman Mert, Akademiyanın rəhbəri Güner Konedralı, Azərbaycan Milli Elmlər Akademiyasından Aygün Bağırlı, Mədəniyyət İdarəsinin müdiri Şirin Zaferyıldızı Zaimağaoğlu, Təlim və Tərbiyə İdarəsinin müdiri Murad Aktuğ çıxış ediblər.
Elnarə Akimova çıxışında Türk dünyasında ortaq mədəni yaddaşın qorunmasında uşaq ədəbiyyatının mühüm rol oynadığını vurğulayıb. O, bildirib ki, uşaq ədəbiyyatı yalnız estetik zövq formalaşdırmır, eyni zamanda milli kimliyin, dilin, mənəvi dəyərlərin və ortaq tarixi yaddaşın gələcək nəsillərə ötürülməsində strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Türk xalqları arasında ortaq ədəbi platformaların yaradılması bu baxımdan xüsusi önəm kəsb edir.
Seminarda Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, eləcə də Şimali Makedoniya və Kosovodan alimlər, yazıçılar və nəşriyyat nümayəndələri iştirak ediblər.
İki gün davam edəcən seminarda birinci sessiya Türk Dil Qurumunun uşaq ədəbiyyatı sahəsində strateji baxışına həsr olunub. Burada qurumun uşaq ədəbiyyatına yanaşması, Türk dünyası üzrə ədəbi inteqrasiya təşəbbüslərinin məqsəd və məzmunu, dil və mədəniyyətin uşaq ədəbiyyatı ilə əlaqəsi, həmçinin ortaq əlifba prosesinin bu sahəyə mümkün təsirləri barədə söhbət açılıb.
Günün ikinci yarısında keçirilən ikinci sessiyada isə dünya üzrə uşaq ədəbiyyatının mövcud vəziyyəti müzakirə edilib. Qlobal ədəbi mühit, beynəlxalq qurumların fəaliyyəti və müasir inkişaf tendensiyaları əsas müzakirə mövzuları arasında yer alıb.
Təşkilatçıların məlumatına görə, seminar yalnız elmi fikir mübadiləsi platforması deyil, həm də akademik institutlar, yazıçılar və mədəniyyət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Yekunda ortaq layihələrin hazırlanması və Türk dünyasında uşaq ədəbiyyatının inkişafına yönəlmiş yeni təşəbbüslərin irəli sürülməsi gözlənilir.






Müzakirə qapadılmışdır.