Əməliyyat qorxusu: bundan necə yaxa qurtarmalı?

1386

Əməliyyat olunacaq demək olar hər bir şəxs istər-istəməz bir qorxu keçirir. Hətta LOR həkimin yanında ağrıyan qulağın müayinəsi kimi adi görünə biləcək bir prosedur da bəzən izah oluna bilməyəcək qorxu yaradır. Kimsə ağrıdan, kimsə də qarşıda onu gözləyən qeyri-müəyyənlikdən çəkinir. Cərrahiyyə əməliyyatında isə mütləq insanın daxilinə bir müdaxilənin olacaq, başqa yolu yoxdur. Bu qorxunun qarşısını almaq elə də asan deyil.

Qorxunun əsas səbəbləri:

Əməliyyat qorxusunu normal psixoloji reaksiya növünə aid etmək olar. Qorxunun əsas bir neçə səbəbi var.

Məlumatsızlıq

İnsan əməliyyatın necə reallaşacağını dəqiq bilmir. Həkimin pasiyentlə uzun-uzadı söhbət etməyə bəzən zamanı olmur, çünki növbədə gözləyən xeyli sayda pasiyenti qəbul etməlidir. Hər bir yaxşı həkimi onlarla əməliyyat gözləyir, pasiyenti sakitləşdirmək, onun qorxularını dəf etmək daha çox psixoloqun işidir. Əlbəttə həkim bacardığı qədər pasiyentə onun xəstəliyi, xəstəliyin fəsadları və əməliyyatın qaçılmazlığı barədə danışır. Amma bu sözlərin nə qədər hədəfə çatdığını söyləmək çətindir.

Xəstəlik haqqında həddən artıq məlumatlılıq

Pasiyent xəstəliyi barədə məlumatı çox zaman internetdən əldə edir. Kiminsə neqativ, o qədər də uğurlu olmayan əməliyyatdan paylaşdığı fikirlər də lazımsız qorxuya səbəb ola bilər. İnsana qoyulan diaqnoz yalnız ona aiddir, çünki hər pasiyentin fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Bəzən internetdə nümayiş edilən video qorxunu daha da dərinləşdirə bilər. Bu səbəbdən psixoloqlar əməliyyat prosesini əks etdirən videolara baxmağı məsləhət bilmirlər. Belə nümayişlər hətta qorxu bilməyən insanlarda da fobiya yarada bilərlər.

Narkoz qorxusu

Bəzən narkozla bağlı ciddi qorxular yaranır. Bəzi pasiyentlər anesteziyanın effektli olmayacağından, dəhşətli ağrıların yarana biləcəyindən çəkinirlər. Onlar ağrılara dözə bilməyəcəklərindən və ağrı şokundan ölə biləcəklərindən ehtiyatlanırlar. Narkozun mümkün fəsadları da qorxu yaradır, çünki narkotik yuxudan oyanmayan pasiyentlər də olur.

Qorxudan necə yaxa qurtarmalı?

İlk növbədə qorxunu yaradan səbəbi araşdırıb tapmaq lazımdır. Bunu bilmək işə yardım edən məsələdir. Kimsə uşaqlıq qorxuları ilə bağlı əməliyyatdan qorxur, kimsə yaxın insanını itirməsi səbəbindən. Məsələnin kökünü araşdırmaq insana bir psixoloji sabitlik bəxş edə bilər. Pasiyent həkimə, müraciət etdiyi müəssisənin personalına inanmalıdır. Mümkün qədər ətraflı məlumat toplamalı, seçimini düzgün etməlidir. Ümidsizliyi, qorxunu, pis fikirləri özündən uzaqlaşdırmalıdır.

Bəzi vasitələr allergik reaksiya verə bilər

Qərar qəbul edildikdən sonra əməliyyat barədə uzun-uzadı düşünməyə də ehtiyac yoxdur. Əsəb sistemini qıcıqlandıran alkoqol, siqaret və tünd qəhvədən imtina edib, sakitləşdirici otlardan dəmlənmiş çaylara üstünlük vermək olar. Bu halda belə müalicə edən həkimlə məsləhətləşmək lazımdır, çünki bəzi vasitələr allergik reaksiya verə bilər.

Ümumiyyətlə, əməliyyat öncəsi həkim məsləhəti olmadan hər hansı dərman preparatının qəbulu yolverilməzdir, çünki müəyyən fəsada yol aça bilər. Diyeta gözləmək, kosmetik vasitələrdən daha az istifadə etmək, vaxtaşırı arterial təzyiq və bədənin temperaturunu ölçmək lazımdır.

Psixoloqa müraciət etmək olar

Qorxu problemi ciddiləşirsə, ən azı əməliyyata bir neçə gün qalmış psixoloqa müraciət etmək olar. Sakitləşdirici musiqi, pozitiv filmlər, gülməli lətifələr də pozitiv əhvalın formalaşmasına yol açır.

Ən mühüm qayda isə budur: həkim pasiyentə kömək etmək, onu müalicə etmək üçün əməliyyata gedir. Burada başqa səbəb axtarmaq, fantaziyaları işə salmaq lazım deyil. Müsbət əhval işin uğurlu nəticəsinin yarısı deməkdir.

 

Elnur Əkbərov – Qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman həkim

e-tibb.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər