Emin Hacıyev: “Şanlı qələbənin qazanılmasında Sumqayıt gənclərinin də xüsusi xidmətləri oldu”

618

Azərbaycan 44 günlük Vətən müharibəsində – 2-ci Qarabağ savaşında şanlı qələbə qazandı, Böyük Zəfərə imza atdı. Bu əzəmətli zəfərin, hərbi-siyasi, diplomatik-ideoloji Qələbənin şəriksiz müəllifi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir, onun rəhbəri olduğu və arxasında xalqın dayandığı şanlı və qüdrətli Azərbaycan Ordusu, Azərbaycan Əsgəridir.

Azərbaycanın yenicə bərpa olunmuş dövlət müstəqilliyini itirilməkdən xilas edən Ulu Öndər Heydər Əliyev xalqımızın tarixinə Ümummilli lider kimi daxil olub. Cənab Prezident İlham Əliyev isə ölkə tarixinə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, Qarabağın böyük xilaskarı, qurucusu kimi daxil olacaq və artıq daxil olub. İndi yalnız xalqımız deyil, bizə dost olan ölkələrlə yanaşı, dost olmayan ölkələr belə onu bacarıqlı lider, qüdrətli dövlət başçısı kimi qəbul edir.

Möhtərəm Prezident İlham Əliyevin ordu quruculuğu ilə bağlı gördüyü işlər, məcburi köçkünlərə qayğısı, beynəlxalq səviyyədə milli maraqlarımızı qətiyyətlə təmin etməsi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarına dərin ehtiramı nəticə etibarilə Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhunun daha da güclənməsinə yol açdı.

Cənab Prezidentin ətrafında birləşən xalqımız uzun illər güc topladı və düşmənin başını dəmir yumruqla əzdi. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu ermənilərin özləri haqqında yaratdığı «məğlubedilməzlik mifi»nin üstündən xətt çəkdi.

Azərbaycan 2-ci Qarabağ müharibəsində tarixi qələbəyə nail olmaqla, beynəlxalq hüquqdan irəli gələn haqq və ədaləti, ərazi bütövlüyünü bərpa etməklə Cənubi Qafqazda yeni reallıq yaratdı. Bu qələbə ölkəmizin siyasi nüfuzunu, iqtisadi və hərbi qüdrətini təsdiqlədi, Azərbaycan dünyada öz sözü, müstəqil xarici siyasəti və mövqeyi olan dövlət imicini möhkəmləndirdi.

Azərbaycanda güclü “Prezident-Xalq” vəhdəti təzyiqləri dəf etməyə imkan verdi.

Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi, mürəkkəb maneələri, prinsipiallıq və qəti iradə nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərini mətinliklə dəf etdi, nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.

Ölkə başçısının dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni reallıq yarandı.

Böyük fəxrlə qeyd etmək istərdim ki, şanlı qələbənin, rəşadətli zəfərin qazanılmasında deputatı olduğum Sumqayıt şəhərindən könüllü olaraq döyüşlərə qoşulan gənclərin, əsgər və zabitlərin də xüsusi xidmətləri oldu. İkinci Qarabağ müharibəsində Sumqayıtlılar torpaqlarımızın işğaldan azad olunmasında 103 şəhid verdilər. 100-ə yaxın Sumqayıt sakini qazi oldu. Ümumilikdə, 1200 nəfərdən çox sumqayıtlı 44 günlük Vətən müharibəsində iştirak etdilər.

Müharibə başa çatdığı gündən keçən müddət ərzində cənab Prezident quruculuq işləri sürətlə davam edən ərazilərə 15-dən çox səfər etmişdir. Vətən müharibəsindəki qələbəmizi, ölkə başçısının quruculuq əzmini simvolizə edən, sərt relyefi 2000-3000 metr hündürlüklü Murovdağ silsiləsinin altından 12 kilometrə yaxın tunel ilə keçməklə ümumi uzunluğu 80 kilometrdən çox olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun çəkilməsi göstərir ki, dövlətimiz, onun müzəffər lideri ən mürəkkəb, ən çətin layihələri belə həyata keçirməyə qadirdir.

Postmüharibə dövrü əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün yeni imkanlar açır. Əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, yalnız Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da uyğundur.

Yəni, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Avrasiyanın yeni nəqliyyat damarının açılması da mümkündür. Bu da, əlbəttə  ki, bölgədə, uzunmüddətli sülhün əsas təminatçısı ola bilər.

Ölkə başçısının həyata keçirdiyi güclü dövlət, güclü vətəndaş, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Cənab Prezidentimizin qətiyyəti, qüdrətli iradəsi və liderliyi ilə Vətən sevən, torpaq sevən xalqımızı Şuşaya aparan Zəfər Yolu, dünyaya çıxaracaq Zəngəzur dəhlizi ölkəmizi daha yüksək zirvələrə, qələbələrə və zəfərlərə çatdıracaq.

Mən də öz növbəmdə bütün təbriklərə qoşularaq dövlətimizə daima qələbələr arzu edirəm.

Millət vəkili Emin Hacıyev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər