1988-ci il fevralın 27-29-da erməni millətçiləri tərəfindən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin, Ermənistanın xüsusi xidmət orqanlarının əli ilə Sumqayıtda törədilən qanlı iğtişaşlar ağrılı bir hadisə kimi tariximizə yazılıb. Təfərrüatlar aydındır, əsas faktlar və rəqəmlər məlumdur. Azərbaycan tarixinin həmin dönənimə müəyyən qədər işıq salınıb, amma hadisələrin səbəblərinin konkret şəkildə əsaslandırılmasına hələ də ehtiyac duyulur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Emin Hacıyev söyləyib.
Onun sözlərinə görə, iğtişaş törədilməsi üçün Sumqayıtın seçilməsi düşünülmüş addım idi: “Sumqayıta bir neçə dəfə emissarlar gəlmiş, tüfeyli həyat sürən və bir neçə dəfə mühakimə olunmuş Eduard Qriqoryanı təlimatlandırmış, ona pul və narkotik vasitələr vermişlər. Qriqoryan Sumqayıtda hadisələrin icraçısı kimi fəaliyyətə başlayaraq, ətrafına millətçi gəncləri topladı və onlar Sumqayıtda iğtişaş törətməyə başladılar. Hadisələrin analizi göstərdi ki, qətlə yetirilənlər “Krunk” cəmiyyətinə aylıq vəsait verməkdən imtina edən ermənilər idi. Çünki Qriqoryanın əlində siyahı vardı və o, bu siyahıda nəzərdə tutulan ermənilərin evlərinə basqın edirdi. Qriqoryanın özü beş ermənini qətlə yetirmişdi”.
Deputat bildirib ki, baş vermiş iğtişaş Ermənistanın təxribatının nəticəsi idi. Belə ki, şəhərin erməni əhalisinin iğtişaşa qədər banklardan pullarını çıxarması da hadisənin qabaqcadan planlaşdırıldığı və onların bundan xəbəri olduğunu söyləməyə imkan verir. İğtişaş Ermənistan rəhbərliyinə daha geniş anti-Azərbaycan kampaniyasına başlamaq, təcavüz siyasətinə bəraət qazandırmaq və saxtakarlıqla azərbaycanlıların “vəhşi” obrazını yaratmaq, azərbaycanlılarla ermənilərin guya bir yerdə yaşaya bilmədiklərini göstərmək, nəticədə Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan qoparmaq üçün bir təbliğat vasitəsi kimi lazım idi.
Emin Hacıyev qeyd edib ki, Moskvanın təyin etdiyi şəhərin komendantı general Krayevin rəhbərliyi ilə fevralın 28-dən 29-na keçən gecə şəhərə daxil olmuş ordu hissələri və daxili qoşunlar şəhər partiya komitəsinin binasını mühasirəyə alaraq gözləmə mövqeyində dayanmışdılar. Həmin anlarda şəhərdə məlum qüvvələr tərəfindən erməni millətindən olanlar döyülür, öldürülür, zorlanırdılar. Nəticədə 26 erməni öldürüldü. Fevralın 29-da günorta ordunun proseslərə birdən-birə müdaxiləsi nəticəsində 6 azərbaycanlı tankların tırtılları altında vəhşicəsinə həlak oldu, 400-ə qədər insan xəsarət aldı, 200 mənzil talan edildi, 50 mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomobil yararsız hala salındı.
“Zaman 1988-ci ilin soyuq fevral günlərində Sumqayıtda baş verən olayların müəyyən detallarını unutdursa da, təxribatın əsl mahiyyəti, törədilmə şəraiti dəyişməz qalır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bir sıra məsələlərlə yanaşı, Sumqayıt hadisələrinə də aydınlıq gətirilib, qanlı aksiyaların səbəbləri və əsl səbəbkarları ətraflı araşdırılıb. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər üzdəniraq qonşularımızın məkrli niyyətlərinə, yalan və böhtan üzərində qurulan erməni siyasətinə daha bir ağır zərbə oldu”, – deyə o əlavə edib.
Emin Hacıyev: Sumqayıt hadisələri Ermənistana təbliğat vasitəsi kimi lazım idi
•
598