44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan yeni inkişaf mərhələsinə daxil olub. İşğaldan azad olunmuş ərazilərimizin bərpası ilə yanaşı, digər regionlarda da genişmiqyaslı layihələr reallaşdırılır. Bu, ölkədəki müsbət meyillərin təzahürü, sabitliyin,iqtisadi inkişafın, sosial rifahın təzahürüdür. İnkişaf özünü bütün istiqamətlərdə göstərir. Müstəqillik dövründə əhalinin sayı 7 milyondan 10 milyona yüksəlib. Ölkənin iqtisadi və sənaye potensialı durmadan artır. Ötən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə 20 faizə yaxın artıb. Yanvar ayına olan məlumata görə, iqtisadi artım 6 faizə yaxın, qeyri-neft sektorunda ÜDM 9 faizə yaxın, qeyri-neft sənayesində isə artım 24 faiz təşkil edib. İqtisadi inkişafı digər sahələrin göstəricilərində də görürük.
Davamlı inkişaf üçün enerji mənbələri olmadan müasir iqtisadiyyatı təsəvvür etmək mümkün deyil. Enerji sektorunun inkişafı həm iqtisadiyyatın əsasını təmin etmək, həm də müdafiə qabiliyyətini gücləndirmək baxımından olduqca vacibdir.
Son 18 ildə Azərbaycanda elektrik enerjisi istehsalının artırılması, yeni generasiya güclərinin yaradılması istiqamətində mühüm layihələr həyata keçirilib. 2004-cü ildən etibarən ölkədə modul tipli su elektrik stansiyalarının tikintisinə, köhnə istilik elektrik stansiyalarının yenidən qurulmasına və yeni enerji bloklarının tikintisinə başlanılıb. Son illərdə yeni və müasir elektrik stansiyalarının tikintisi Azərbaycanın iqtisadi inkişafında həlledici rol oynamışdır. Belə ki, bu stansiyalar tikilməsəydi, ölkənin enerji potensialı yeni tikilən bir çox müəssisə, zavod və fabriklərin tələbatını ödəyə bilməzdi.
Əgər 2003-cü ilə qədər ölkəmizdə elektrik enerjisi qıtlığı var idisə, artıq bir neçə il sonra bu vəziyyət kökündən dəyişdi. Azərbaycan elektrik enerjisinə olan tələbatını ödəməklə uzunmüddətli perspektivdə enerji təhlükəsizliyini tam təmin etdi. Eyni zamanda regionun elektrik enerjisi ixracatçısına çevrildi.
Prezident İlham Əliyev bu günlərdə “Qobu” Enerji Qovşağının açılışından sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibəsində bu sahədə görülmüş işlərə diqqət yetirdi, önəmli açıqlamalar verdi.
Qısa müddət ərzində nəhəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü potensialından xəbər verir. “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Gücü 750 meqavatlıq Yaşma yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına öz töhfəsini verəcək.
Ölkə başçısı AZƏRTAC-a müsahibəsində bildirdi ki, genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, mütəxəssisləri və fəhlələri iştirak ediblər. Ötən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkədir. Həm artan daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat yeni addımların atılmasına sövq edir. Azərbaycanda öz vəsaiti hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi ölkənin maliyyə və texniki imkanlarındanxəbər verir.
4 qonşu ölkəyə elektrik enerjisinin ixracı artır.
Prezident İlham Əliyev bildirdi ki, Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.
Azərbaycan özünü və tərəfdaşlarını bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilər. Dayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti bərpaolunan enerji növlərinə sərmayə qoyur. Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələri artıq görünür. Müsahibəsində xarici şirkətlər Azərbaycanın uğurlu gələcəyinə inandığını vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkədir. Keçən ay enerji sahəsində ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməli qoyulmuş 240 meqavatlıq külək elektrik stansiyası artıq gələn il istifadəyə veriləcəkdir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
Son illər həyata keçirilən layihələr nəticəsində Azərbaycanın bərpaolunan enerji potensialı da artmaqdadır. “Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası var. Ötən il azad edilmiş torpaqlarda 4 SES yenidən qurulub: “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində. Bu il daha 5 su elektrik stansiyasının tikintisinin başa çatdırılması nəzərdə tutulur. Təxminən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Xəzər dənizinin bərpaolunan enerji istehsalı üçün potensialı 150 min meqavatdan çoxdur.
Prezident İlham Əliyev müsahibəsində vurğuladığı əsas məqamlardan biri də Zəngəzur Dəhlizi ilə bağlı oldu. Ölkə başçısı bildirdi ki, Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyə və İrana yeni xəttin çəkilməsi hazırda prioritet planlardan biridir. Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir.
Beləliklə,Prezident İlham Əliyevin ötən 18 ildə həyata keçirdiyi enerji siyasəti nəticəsində Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyi təmin olunub, əhali və digər istehlakçıların elektrik enerjisi ilə etibarlı təminatı öz həllini tapıb. Ötən dövr ərzində eləcə də, bu gün icra olunan layihələr həm iqtisadi , həm də geosiyasi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Enerji ixracının artması ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini daha da artıracaq və ölkəmizi əlavə valyuta ilə təmin edəcək. Bununla da ölkəmiz təkcə neft və qazdan deyil, eyni zamanda elektrik enerjisindən də valyuta qazanacaq.
Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor