Ərazilərin bərpası üçün bütün potensial imkanlar səfərbər edilib

912

Azərbaycan xalqı tarixinin ən yaddaqalan və şanlı dönəmlərindən birini yaşayır. Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu vaxtilə nağıl kimi görünən həqiqətləri 44 günə bərqərar etdi. Şanlı ordumuz əzəli torpaqlarımızı düşmən tapdağından azad etdi. Torpaqlarının 20 faizi 30 ilə yaxın düşmən tapdağı altında olan Azərbaycan haqlı olaraq qələbə sevincini, zəfər müjdəsini bayram edir.
Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən Vətən müharibəsi həm də erməni işğalçılarının torpaqlarımızda həyata keçirdiyi dağıntıların tam olaraq üzə çıxmasına imkan yaratdı. Bu illər ərzində Erməni vandalları işğal etdikləri Azərbaycan ərazilərində böyük dağıntılar həyata keçirib, mövcud infrastrukturu tamamən məhv edib, kəndləri,şəhərləri, tarixi abidələri viran qoyublar. Biz bunun xüsusilə Ağdam nümunəsində şahidi olduq. Müharibədən sonra Ağdama səfər edən xarici media nümayəndələri Ağdam şəhərini Cənubi Qafqazın Xirosiması adlandırdı.
Ancaq bütün bu vəhşiliklərə, talanlara baxmayaraq dövlətimiz işğaldan azad edilmiş yaşayış məskənlərini, infrastrukturu yenidən bərba etmək əzmindədir, bunun üçün ölkəmizin kifayət qədər resursları, iqtisadi potensialı var. Prezident İlham Əliyevin də dediyi kimi, “…Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın.
Əlbəttə, işğaldan azad olmuş ərazilərimiz böyükdür və bu ərazidə yüzlərlə dağılıdılmış kənd, qəsəbə, şəhər, sosial infrastruktur, təbii və mədəni-tarixi abidələr var. Bu ərazilərdə yaşayış məskənlərinin, infrastrukturun bərpası üçün böyük zəhmət və vaxt tələb olunur. Cənab Prezidentin aprelin 20-də Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qeyd etdiyi kimi “…işğaldan azad olunmuş torpaqların ərazisi 4 Lüksemburq boyda ərazi deməkdir”. Bütün bu ərazilərin infrastruktur, nəqliyyat, logistika layihələri, kənd təssərrüfatı, xidmət sektorları ilə əhatə olunması üçün işlər görülməlidir.
Dağıntıların miqyasının böyük olması isə azad edilmiş ərazilərin bərpası prosesini mürəkkəb və zaman alan prosesə çevirir. Ona görə də bərpa prosesinin müxtəlif iqtisadi və sosial istiqamətlər üzrə həyata keçirilməsinə ehtiyac yaranır. Bunları nəzərə alaraq İkinci Qarabağ Müharibəsi bitdikdən dərhal sonra azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar verildi və “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesi başlandı.
Qarşısında duran əsas vəzifə qısa müddətdə ərazilərin minalardan təmizlənməsi idi. İşğaldan azad olunmuş ərazilərdə minalardan və partlamamış sursatlardan təmizləmə işlərini Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə aparılan əməliyyat-axtarış tədbirlərinin birinci istiqaməti yaşayış məntəqələrinə düşmən tərəfindən atılmış raket qalıqlarının hissələrinin götürülməsi və zərərsizləşdirilməsidir. İkinci istiqamət humanitar dəhlizlərin yaradılmasıdır. Hansı ki, bu dəhlizlər vasitəsilə elektrik xətlərinin, yolların çəkilişi həyata keçirilir. Bir sözlə, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün bütün potensiallar səfərbər olunub.
Məkrli Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin verilməməsi onların işini çətinləşdirir və mürəkkəbləşdirir. Bütün çətinliklərə baxmayaraq minatəmizləmə işi uğurla davam edir.
Bu çətin və şərəfli işlə paralel işğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar biri də yolların çəkilməsi oldu. Çünki yol inkişaf deməkdir. Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğal olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılmasıdır. Həyata keçirilməsinə başlanılan ilk layihələrdən biri Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının yenidən qurulması oldu. Hələ döyüşlərin davam etdiyi dövrdə bu yolların çəkilişinə başlanıldı. Digər böyük əhəmiyyətə malik olan avtomobil yolu isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoludur. Füzuli-Şuşa yolu əsgərlərimizin Qarabağın mərkəzinə, xüsusilə də Şuşaya doğru irəlilədikləri yoldur. Ona görə də ölkə başçısı bu yolu “Qələbə Yolu” adlandırmışdır.
Bu gün Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər yolunun tikintisi uğurla davam edir. Paralel olaraq Bərdə-Ağdam və Horodiz-Zəngilan- Ağbənd dəmiryolu infrastrukturu da yaradılmaqdadır. Şuşanın Qarabağda əsas turizm və mədəniyyət mərkəzlərindən birinə çevrilməsi nəzərdə tutulduğundan avtomobil yolu ilə yanaşı Şuşaya dəmiryolu xətti də çəkiləcəkdir.
İşğaldan azad edilmiş ərazilərdə iki beynəlxalq hava limanın inşası da planlaşdırılıb ki, onlardan birincisinin – Füzuli Beynəlxalq Hava Limanının təməli 2021-ci ilin yanvarın 14-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuş və tikintisi uğurla davam edir. Yaxın gələcəkdə Zəngilan rayonunda hava limanının tikintisinə start veriləcək. Üçüncü hava limanı isə Laçın rayonu ərazisində inşa ediləcək.
Qayıdışa aparan yolda qarşıda duran mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş ərazilərdə enerji, su və digər zəruri infrastrukturun qurulması və təhlükəsizliyinin təmin edilməsidir.
Ölkə başçısı bu günlərdə Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qeyd etdi ki, ilk növbədə, mövcud infrastruktura yaxın olan kəndləri bərpa etməliyik: “Bu da təbiidir, çünki həm vaxt, həm səmərəlilik baxımından bu, daha məqsədəuyğundur. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib”.
Bu gün Azərbaycan Respublikasının Prezidenti azad nəfəs alan torpaqlarımızı gəzir, həm bu yerlərdə gördüyü erməni vəhşiliyini beynəlxalq ictimaiyyətə çatdırır, həm də xalqına bütün şəhər və kəndlərimizin bərpa olunacağı müjdəsini verir.
Azərbaycan xalqı öz prezidentinə inanır və güvənir. İnsanlar inanırlar ki, tez bir zamanda müharibədə olduğu kimi, ərazinin bərpa edilməsində də böyük uğurlar qazanılacaqdır. Qarabağda davamlı iqtisadi inkişafın təmin edilməsi isə regionda sülhü və sabitliyi möhkəmləndirəcək.
Yeganə Əhmədova, Əməkdar mədəniyyət işçisi, Sumqayıt şəhər Mərkəzi Kitabxananın direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər