Uzun illərdi ki, ermənilər ənənəvi olaraq Azərbaycana ərazi iddiaları ilə çıxış etməkdədirlər. Bu tarixin genişmiqyaslı və hərtərəfli saxtalaşdırılmasına gətirib çıxarır.
Məşhur filosof Eric Hobsbavm qeyd edirdi ki, “…narkotik alışqanlığın xam maddəsi xaşxaşdırsa, tarix də kökü qədimlərə gedib çıxan ənənəvi münasibətlərin, etnik millətçiliyin və ideologiyaların xam maddəsidir. əgər məqsədə uyğun olan keçmiş yoxdursa, bu yenidən yaradıla bilər. Keçmiş qanuniləşdirilir və iftixar ediləcək heç bir şeyi olmayan indiki dövrə fəxr edilməsi üçün yeni bir plan təqdim edir”.
Eric Hobsbavmın dediyi bu sözlər sanki ermənilərə şamil olunmuşdur. İftixar ediləcək heç bir şeyi olmayan ermənilər və onların “görkəmli tarixçiləri” çox gülünc iddialar ortaya atmaqla, erməni tarixini e.ə. 2350-ci illərə-“Nuh Tufanı”na qədər aparmaqla, Hz Nuhun erməni mənşəli olduğunu və onun erməni dilində danışdığını iddia etməkdədirlər. Ümumiyyətlə, ermənilər öz tarixlərini gördükləri kimi deyil, görmək istədikləri şəkildə yazmış və bunun təbliğatını aparmışlar. Digər bir iddiaya görə, guya bu ilk xristian topluluq 1915-ci ildə türklər tərəfindən soyqırımına məruz qalmışdır. Səmyuel A.Uimz yazır ki, ermənilər xristian dünyasının içində dönə-dönə nağıllar söyləyərək özlərinin İisus Xristos yolunda əzabkeş ölkə olması haqqında xristian dünyasında ictimai fikir yaratmaq istəmişlər. Bu günlər ermənilərin danışdığı ən böyük nağıl isə guya 1915-ci ildə onların 1,5 milyon nəfər ulu babası türklər tərəfindən qətlə yetirilmişdir və bu, iyirminci əsrin ilk genosid nağılıdır.
Daha sonra o, yazır: “…Ermınilər iddia edirlər ki, onlar əvvəlcə öldürülmüş və sonra–onlar bu cür yaxşı xristian olduğundan–1,5 milyon nəfəri İisus kimi zuhur etmişdir. Hər şey bir yana erməni liderləri xəyali genosidi “çarmıxa çəkilmə”, yeni diktator ölkənin yaradılmasını isə İisus kimi “zuhur etmək”lə müqayisə edirlər. Bu saxtakarlıqdır!..
Özlərini “xristianlığın şəhid milləti” kimi dünyaya, daha doğrusu xristian dünyasına tanıdan erməni lobbisi 11 sentyabr 2001-ci il hadisəsini böyük bir fürsət olaraq gördülər və bu hadisədən etibarən siyasi kampaniyalarını dini ünsürlərlə bəzəməyə çalışdılar. Çatdırmaq istədikləri budur ki, erməniləri “şəhid” edən millət müsəlman türklərdir. Din faktorunu başlıca metod olaraq ortaya atan ermənilər xristian-müsəlman gərginliyindən istər Azərbaycanla əlaqələrində, istərsə də Türkiyə ilə əlaqəli problemlərində istifadə etməyə cəhd göstərməkdədirlər.
Ermənilərin Azərbacana qarşı ərazi iddiaları ilə çıxış etmələri hər kəs tərəfindən bilinir, amma əsl mahiyyəti bir az qaranlıq qalır. ABŞ-ın prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri, hazırda Vaşinqtonda Con Hopkins Universitetinin professoru, eyni zamanda strateji və beynəlxalq tədqiqatlar mərkəzinin məsləhətçisi Zbiqnev Brezezinski “Böyük şahmat lövhəsi” adlı kitabında yazır ki, Ermənistanın xristian, Azərbaycanın da müsəlman olması nəzərə alınarsa, müharibənin dini münaqişə mahiyyətində olduğu görülə bilər.
Ancaq xüsusilə qeyd etmək lazımdır ki, məsələyə bu iddiaların sırf Ermənistan tərəfindən irəli sürülməsi şəkildə baxmaq doğru olmaz. Müəyyən mənada bunlar həqiqətə uyğun olsa da, məsələnin mahiyyətini bütünlükdə açmır. Yəni önə sürülən iddiaların arxasında üzdə Ermənistan görünsə də, pərdə arxasında bu iddialara dəstək verən və bu işdə maraqlı olan böyük dövlətlər, daha doğrusu “Qlobal Sistem” dayanır.
Əvvəla qeyd edək ki, Azərbaycan dövlətçiliyinə qarşı “erməni faktoru”nun ortaya atılmasında başlıca yeri keçmiş sovet imperiyası tutur. Müstəqilliyin ilk illlərində ləzgi və talış faktorlarının da məhz imperiya tərəfindən səhnəyə sürüldüyünü unutmamaq lazımdır.
Rusiya bir tərəfdən demokratik dövlət olduğunu iddia etməkdə və bu sahədə islahatlar aparmaqdadır. O, bir tərəfdən Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik etməkdə, digər tərəfdən də Ermənistanı silahlandırmaqdadır. Rusiya mövcud siyasətində əl çəkmədiyi müddət içərisində Ermənistan-Azərbaycan münaqişəsinin həlli çox çətinləşəcəkdir.
Qərb dövlətlərinə gəlincə, başda ABŞ olmaqla böyük dövlətlərin strateji planları baxımından Ermənistan-Azərbaycan münaqişəsinin həlli Qafqazda hər şeydən əvvəl, sabitliyi və təhlükəsizliyi təmin etməlidir. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer özünün “Diplomatiya” adlı kitabında yazır: “…Millətlər yüksək mənəvi prinsiplər əvəzinə daha çox öz maraqlarını öz plana tutmuşlar və əməkdaşlıq etmək əvəzinə daha çox rəqabət yolunu seçmişlər. Dünyanın dünya qədər köhnə modelinin dəyişdiyi, yaxud yaxın onillikdə dəyişəbiləcəyini söyləməyə əsas qalmayıb…”
Müəllif böyük həvəslə Böyük Britaniyalı Lord Palmerstonun “Bizim nə əbədi müttəfiqimiz, nə də əbədi düşmənimiz vardır. Yalnız əbədi maraqlarımız vardır ki, bu maraqları da rəhbər tutmaq bizim başlıca vəzifəmizdir” kəlamlarından da sitat gətirir.
Henri Kissincer və Qərbin bu cür düşünən digər dövlət xadimləri və siyasətçilərinin milli maraqları soyuqqanlıqla hesablayan və həyata keçirən güc siyasəti ilə bağlı mövqeləri qeyri-humanist bir görünüş almaqdadır.
Əfqanıstan,Suriya,İraq,Liviya,Çeçenistan,Yuqoslaviya,Türkiyə və s. kimi ölkələrdə yaşayan xalqlar, eyni zamanda Azərbaycanın işğal edilmiş torpaqlarında vaxtilə yaşayan soydaşlarımız artıq bu təhlükəli konsepsiyasının qurbanı olmuşlar.
Dünyanın aparıcı dövlətləri Ermənistan-Azərbaycan münaqişəsinə ATƏT-in Minsk qrupu çərçivəsində yanaşsa da, bu təşkilatın günümüzə qədər yeritdiyi fəaliyyət heç bir nəticə verməməkdədir. Əksinə açıq ermənilərin lehinə münasibətlər ortaya qoyulmaqdadır. Buna misal olaraq 14 mart 2008-ci il tarixində BMT Baş Assableyasının 62-ci sessiyası çərçivəsində keçirilən növbəti iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul edilməsiylə əlaqədar ATƏT-in Minsk qrupuna həmsədr olan ölkələrin mövqeyinə nəzər salmaq kifayətdir. Qətnamənin ikinci bəndi belədir: “Baş Assambleya tələb edir: bütün erməni qüvvələri dərhal, qeyri-şərtsiz və tam tərkibdə işğal olunmuş Azərbaycan ərazilərini tərk etsin”. Bu bənd yerinə yetirilmiş olsa, münaqişə demək olar ki, həll edilmiş olacaq. Ancaq BMT Baş Assambleyasında adı çəkilən məsələ səsə qoyularkən bu qətnamənin qəbul edilməsinin əleyhinə səs verən 7 dövlətdən 3-ü məhz ATƏT-in Minsk qrupuna həmsədr olan ölkələr (ABŞ, Rusiya və Fransa) oldular.
Həmsədrlərin verdiyi bəyanatda belə bir ifadə öz əksinə tapır ki, guya qətnamə balanslaşdırılmış ərazi bütövlüyü təkliflərini nəzərə almır. Halbuki beynəlxalq hüquqa balanslaşdırılmış ərazi bütövlüyü termini yoxdur. Bütün bunlar onu göstərir ki, vasitəçilik missiyasını həyata keçirən dövlətlər BMT,ATƏT-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və təcavüzkar öz adı ilə çağıran qətnamənin qəbulunun əleyhinə səs verməklə təcavüzkar və işğalçı Ermənistanı açıq şəkildə dəstəkləməkdədirlər.
Müxtəlif tərzli təzyiqlər, türklüyün başına müsəllət olunan “Erməni Problemi” bilavasitə Qlobal Sistemin strategiyasından qaynaqlanır. İnsan hüquqları və demokratiya ilə əlaqəli Qərbin təzyiqləri altında bir həqiqət vardır: insan hüquqları ilə Qərbin maraqları üst-üstə düşməkdədir. Erməni terrorizmi və davam edən bu qanlı cinayətlərin arxasında nə “zavallı” erməni xalqının həqiqi müstəqilliyi, nə də gələcəyi var. Qərbin məqsədi Qafqazda özündən asılı olacaq, ona xidmət edəcək bir dövləti əldə etmək idi ki, bu potensial da erməni xalqında kəşf edildi.
Məhz buna görədir ki, məqalədə ilk növbədə erməni faktorunun böyük güclər tərəfindən ortaya atıldığı tədqiq edilməyə çalışmış,bu faktorların Azərbaycan dövlətçiliyinə təsiri təhlil edilmişdir.
Qeyd edilməlidir ki, münaqişənin həllinə yuxarıda qeyd edildiyi kimi, dini amillər də təsir edir. Düzdür, antitürkçülük nöqteyi-nəzərindən erməni təbliğatları güclü olsa da, dini baxımdan Qərb dövlətlərinin erməni məsələsinə verdiyi önəm başlıca məqamlar arasındadır.
Bu baxımdan, Qərb ictimaiyyətinin nəzərində ermənilərə xüsusi rəğbət yaratmaq məqsədi ilə “xristianlığa rəsmən qəbul edən dövlət və millət Ermənistan və ermənilərdir” şəklində təbliğatlara geniş yer ayrılmaqdadır. Vatikan və pravoslav nümayəndələrinin də fəaliyyətləri nəzərə alınsa, Qərb-xristian dünyasının ermənilərə söykənərək necə bir günahdan təmizlənməyə çalışdıqları daha yaxşı başa düşülə bilər.
Nəticə etibarı ilə demək olar ki, beynəlxalq münaqişələr ədalət müstəvisində deyil, ədalət umulan böyük dövlətlərin maraqları müstəvisində həll olunur. Erməni məsələsi digər türksoylu dövlət olan Azərbaycanla da əlaqəsi olduğundan, onun qarşı-qarşıya qaldığı münaqişə aparıcı dövlətlərin tələblərinə görə öz real obyektiv həllinə qovuşmamaqdır.Bunlara rəqmən mən əminəm ki,azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin apardıgı ugurlu xarici siyasti nəticəsində,işqal olunmuş torpaqlarımız tezliklə qaytarılacaq.Qacgın və məcburi köçkün olan soydaşlarımız öz dədə-baba torpaqlarına qayıdacaqlar.Əgər sülhsevər xalqımız danışıqları nəticəsiz görsə,silaha sarılaraq Ali-Baş komandan,cənab İlham Əliyevin rəhbərliyi altında öz torpaqlarını hərb yolu ilə qaytarmaqa hər an hazırdır.
Elmar Xəlilov
Sumqayit Dövlət Universitetinin dosenti,
tarix üzrə fəlsəfə doktoru
ERMƏNİ FAKTORU AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNƏ QARŞI
•
1273
Müzakirə qapadılmışdır.