Erməni mifi məhv edildi, həqiqət və ədalət zəfər çaldı

1091

Müqəddəs Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə sevincindən bizi bir il ayırır. 2020-ci ilin payızında döyüş meydanında baş verənlər haqqın və ədalətin bərpası idi. Ermənilərin azərbaycanlılara qarşı düşmənçilik münasibətləri 200 ildən çox dövrü əhatə edir. Hələ 1-ci Pyotrun hakimiyyəti illərindən Rusiyanın isti dənizlərə doğru genişlənmək ideyasında erməni fitnəkarlığı, erməni riyası bir vasitəyə çevrilib. 1828-ci il Türkmənçay müqaviləsindən sonra isə bu siyasi oyun daha müntəzəm və məqsədyönlü xarakter aldı. Ermənilərin İrandan köçürülməsi müqavilənin 15-ci maddəsi ilə təsdiq olunurdu. Tarixi məlumatlara görə 1828 – 1830-cu illər arasında Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürülmüşdü. 2 il ərzində qeyri-rəsmi köçürmələrlə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürmələrdən sonra Qarabağın etnik tərkibi ermənilərin xeyrinə artmağa başladı.

Əzəli Azərbaycan torpaqlarında məskunlaşan ermənilər elə ilk gündən özlərinin çirkin, riyakar niyyətlərini biruzə verməyə başladılar. Yüz illərin etimologiyasına söykənən qədim yer adları, məşhur toponimlər mənəvi terrora məruz qaldı. Heç şübhəsiz, istər çar Rusiyasında, istərsə də Sovet Kremlində dayaqları olan fitnəkarlara bu terrora görə “gözün üstündə qaşın var” deyən tapılmadı. Bütün münbit ərazilər, bağlı-bağatlı sahələr ermənilərin əlinə keçdi. Ermənilərin çoxluq təşkil etdiyi bölgələrdə azərbaycanlılara qarşı etnik dözümsüzlük nümayiş etdirildi, buna hakimiyyət orqanları göz yumurdular, azərbaycanlıların haqsızlığa qarşı etirazına isə milli ədavəti qızışdırmaq donu geydirilirdi.

Ermənilərin açıq-açığına nifrətlərini püskürməsi 1905, 1907 və 1918-ci illərdə baş verdi. İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Muğanda, Göyçayda, Ucarda minlərlə müsəlman-türk vəhşicəsinə qılıncdan keçirərək qətlə yetirildi,. Yaşlılara, uşaqlara, xəstələrə amansız işgəncələr verildi.

1918-ci ildə inqilabçı cildinə girən daşnak tör-töküntüləri Bakını ələ keçirməkdən ötrü ən hiyləgər variantlara, vandalizmə əl atdılar. Şaumyanın Bakı komissarı təyin edilməsi qəddarlıqlara geniş meydan verdi. Qubada misli görünməmiş vəhşiliklər törədən Hamazaps açıq-açığına söyləyirdi: “Mən erməni xalqının qəhrəmanı və onun maraqlarının müdafiəçisiyəm. Ermənilərin intiqamını almağa gəldim. Xəzər dənizindən Şahdağa qədər bölgədə yaşayan bütün müsəlmanların kökünü kəsmək üçün buradayam”.

1918-ci il, martın 30-da, yerli vaxtda saat 1700-da başlayan və 3 gün davam edən qırğınlar qəddarlığın ən dəhşətli məqamı kimi tarixə düşdü. Xəzərdə dayanmış rus gəmilərinə “Bakıda rusları qırırlar” xəbərini çatdırmışdılar. Daşnak komitəsinin üzvləri xüsusi riyakar bir proqram çərçivəsində müsəlmanları qətlə yetirdilər. “İsmailiyyə” sarayı yandırıldı. “Təzə Pir” məscidi bombardman edildi. Və bu qırğına mərkəzdə Şaumyanın hiyləsi ilə “bolşevik-firqə” mübarizəsi donu geyindirildi. Ümumilikdə 1918-ci ildə Bakı quberniyasında 229, Şamaxıda 58, Quba qəzasında 112, Gəncə quberniyasında 272, Zəngəzurda 115, Qarabağda 157, İrəvanda 272, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edildi, yüz minlərlə əhali qəddarlıqla qətlə yetirildi.

Sovet hakimiyyəti illərində də bolşevik dərisində daşnakların Kremldən himayəsi nəticəsində ermənilər çirkin oyunlarını davam etdirirdilər. 1948-53-cü illərdə azərbaycanlılar öz ata-baba yurdlarından deportasiya edilərək onlara tamamilə yad bir iqlimdə – Kür-Araz düzənliyində yerləşdirildilər. Soydaşlarımızın alın təri ilə ərsəyə gətirdikləri mülklər, barlı-bəhərli bağlar ermənilərə qaldı.

1988-ci ildə SSRİ-də yenidənqurma adı altında başlanan özbaşınalıq, xaos, dövlət rəhbərinin ermənipərəst mövqeyi erməni ideoloqlarına daha geniş əl-qol açmağa, daha açıq şəkildə vəhşiliklər törətməyə şans verdi. Yenə azərbaycanlılar zillətə düçar oldular. Yenə qan töküldü, yenə insanlar didərgin düşdülər. 1992-ci ilin fevralında vəhşiliyin son həddi olan Xocalı faciəsi törədildi. Rusların 366-cı motoatıcı   polkunun iştirakı ilə gecə qəfil hücum nəticəsində 613 Xocalı sakini, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca, 8 ailə öldürüldü. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 1000 nəfər aldığı güllə yarasından əlil qaldı. Həmin məşum gecədə 1275 dinc sakin girov götürüldü.

Erməni vandalizmi sərhəd tanımayıb. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı.

Azərbaycan torpaqlarını işğal etdikləri müddətdə ermənilər Azərbaycan mədəniyyətinə də ağır zərbə vurdular. Belə ki, həmin ərazilərdə 13 dünya, 292 ölkə, 330 yerli əhəmiyyətə malik abidə, 22 muzey, 927 kitabxana, 808 klub, 4 teatr, 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi erməni barbarlarının əlindən dağıdılıb.

Azərbaycan Prezidenti İlham Əliyev səbr və təmkinlə, diplomatik yollarla Qarabağ problemini beynəlxalq tribunalardan səsləndirdi, Minsk qrupundan həqiqətin təsdiqini tapmasını tələb etdi. Təəssüf ki, dünya da susdu.

2016-cı ilin aprelində Lələtəpə uğrunda döyüşlərdə Azərbaycan Ordusu öz gücünü göstərdi. Erməni quldurları yenə öz təxribatlarından əl çəkmədilər.

2020-ci ilin iyulunda Tovuz istiqamətində təxribat törədildi.

Nəhayət, 2020-ci il, sentyabrın 27-də Ali Baş Komandan bu təxribatlara cavab olaraq əks-hücum əməliyyatının başlanması barədə əmr verdi.

Bəli, dünya Azərbaycanın gücünü gördü.

Xalqımız qələbə sevincini yaşadı.

Son 200 il ərzində ilk dəfə Azərbaycan rəhbərinə itirilmiş torpaqları geri qaytarmaq nəsib oldu.

Ali Baş Komandan düşmənə də, onu dəstəkləyən beynəlxalq qurumlara və ölkələrə də “həqiqət nazilər, amma üzülməz” fəlsəfəsini anlatdı.

Dünya ictimaiyyəti Azərbaycan Ordusunun timsalında 21-ci əsrin müharibə taktikasına bələd oldu.

Və hər kəs dəmir yumruğun gücünü gördü.

Mübariz Həmidov, Sumqayıt Dövlət Dram Teatrının direktoru, Əməkdar artist 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər