Ermənilərin Gəncə hücumu: Əliyevin köməkçisi danışdı - İlk dəfə

1624

Son bir neçə il ərzində həm Cənubi Qafqazda, həm də onu əhatələyən bölgələrdə vəziyyət gərginləşməyə başlayıb. Böyük güclərin Qafqazda aktivliyini artırması, Ermənistandakı son hakimiyyət dəyişikliyindən sonra Qarabağda yaşananlar və İran böhranı Azərbaycan üçün yeni risklər ortaya çıxarmağa başlayıb. Risklərə rəğmən ölkə üçün yeni dividentlər də formalaşmağa başlayıb.

Axar.az bu məsələlərlə bağlı Azərbaycan Prezidenti katibliyinin rəhbəri, prezidentin köməkçisi vəzifəsində çalışmış (1993-1999) politoloq Eldar Namazovla müsahibəni təqdim edir:

– Eldar müəllim, bəzi ekspertlər Qarabağ məsələsinin hələlik gündəmində olmadığını, daha dəqiq desək, dünya üçün aktuallıq kəsb etmədiyini iddia edirlər. Maraqlıdır, Qarabağ dünyadakı bu konfliktlərin arasında hansı mövqeni tutur?

– Ümumiyyətlə, biz gərək dünya siyasətini düzgün qiymətləndirək və özümüzün də bu siyasətin harasında yer tutmağımızı obyektiv və dəqiq müəyyənləşdirək. Çünki hər bir millət istəyərdi ki, bütün dünyanın diqqəti onun üzərində olsun, bütün ölkələr öz problemlərini, konfliktlərini kənara qoyub məhz bu dövləti narahat edən məsələlərlə məşğul olsun. Amma bu belə olmur. Təbii, hər bir dövlət çalışır ki, özünün maraqlarına uyğun hərəkət etsin, onu narahat edən problemlərin həlli ilə məşğul olsun.

Bəzən deyirlər ki, heç kim bizlə maraqlanmır, dünyada bizə diqqət yetirən yoxdur. Amma üstündən bir müddət keçəndən sonra məlum olur ki, dünyanın əslində bizə də marağı var. Bu 3-5 il bundan əvvəl aydın görünmürdü. İndi daha aydın şəkildə görünməyə başlayır. Nəzəri, politoloji məsələləri bir az konkretləşdirək. Dünyada gedən proseslərdə öndə olan qlobal konfliktlərdir. Bu konfliktlər daha çox dünya liderliyi uğrunda aparılan mübarizədir. Belə mübarizə əsasən 3 böyük dövlət arasında gedir: ABŞ və onun müttəfiqləri (NATO ölkələri), Rusiya və Çin. Təbii ki, bu 3 ölkənin bütün beynəlxalq məsələlərdə özləri üçün ən aktual olanı qlobal savaşdır. Qalan məsələlərə də onlar bu prizmadan baxırlar. Yəni Rusiya düşünür ki, Qərblə apardığı qarşıdurmada hansı ölkələrin əhəmiyyəti nə cür ola bilər. Məsələn, İranın nüvə proqramı daha çox Rusiya üçün təhlükədir, ona görə ki, ABŞ bu bölgəyə çox uzaqdır. Yəni İran nüvə silahına malik olsa, ilk növbədə Cənubi Qafqazda, Orta Asiyada öz təsirini artırmağa çalışacaq. Bu da ilk növbədə Rusiya ilə müəyyən toqquşmalara səbəb ola bilər. Amma İran hazırda ABŞ-ın bir nömrəli hədəfidir və buna görə də Rusiya İranı təkləməyə və ona qarşı hansısa ciddi bir beynəlxalq addımın atılmasına mane olmağa çalışır. Çünki Rusiya bilir ki, ABŞ Rusiya üçün bir nömrəli rəqibdir, İran isə ABŞ-ın bir nömrəli düşmənidir. Yəni “düşmənimin düşməni mənim dostumdur” prinsipi əsas götürülür.

3 böyük qüvvə qlobal dünya liderliyi uğrunda savaşda kimlərin onlara dəstək ola biləcəyinə, konfliktlərdə kimə dəstək verəcəklərinə baxırlar.

Bu qlobal liderlik uğrunda qlobal toqquşmalardan sonra regional konfliktlər gəlir. Artıq bu, dünyada hegemonluq uğrunda yox, ya regionda liderlik, ya da hansısa ərazi problemlərinin həlli uğrunda gedir. Regional konfliktlər də öz aralarında bölünürlər. Onların arasında dünyanın daim diqqət mərkəzində duranları var. Misal üçün, İranın nüvə proqramı, Şimali Koreya məsələsi regional konfikt olmaqla yanaşı, hamının diqqət mərkəzindədir. Fikir verirsinizsə, hər iki məsələ də nüvə silahı ilə bağlıdır. Ona görə onlar öndədirlər. Hamı başa düşür ki, həm İran, həm də Şimali Koreya nüvə proqramı üzərində işləyir. Nüvə silahına malik olan ölkələr hər zaman təhlükə yaradır, regional balansı dəyişir. İran nüvə silahına malik olsa, bölgədəki başqa ölkələr də öz müttəfiqlərindən dəstək, yəni nüvə silahı istəyəcəklər. Bu, Səudiyyə Ərəbistanına da, Türkiyəyə də aiddir. Yəni burada zəncirvari proses gedəcək. Bu konfliktlər regional sayılsa da, bütün dünya ictimaiyyətinin diqqət mərkəzindədirlər.

Ondan bir pillə aşağıda adətən böyük bir regionda güclərin balansını dəyişə biləcək konfliktlərdir. Məsələn, Ukrayna, Suriyada baş verənlər buraya aiddir. Eyni zamanda Qarabağ konfliktini də buraya aid etmək olar. Çünki Qarabağ konflikti neft və qazla zəngin olan Azərbaycanı əhatə edir. Azərbaycan Avropanı müəyyən qədər öz neft-qazı ilə təmin edir, tranzit ölkə kimi, Azərbaycanın həyata keçirdiyi transmilli layihələr Avropanın maraqlarına uyğundur, ABŞ da bu layihələri dəstəkləyir.

Məsələn, bir hadisəni qeyd edim. Bir neçə il bundan əvvəl mən Qərb analitiklərinin məqalələrinə rast gəldim. Burada III Dünya müharibəsinin necə başlaya biləcəyi ilə bağlı təxminən 6-7 ssenari yer alırdı. Onlardan biri bu müharibənin Ukraynada başlaya biləcəyi idi. Yəni rus qoşunu Ukraynaya girsə və Avropa ölkələri Ukraynanı müdafiə etməyə başlasa, sonra addım-addım digər ölkələr də bu prosesə daxil olar və nəticədə III Dünya müharibəsi başlayır.

Dünya müharibəsinə apara biləcək konfliktlərdən biri də Suriyada baş verən hadisələr idi. Burada da ABŞ qoşunları və rus qoşunları arasında toqquşmalar başlasa idi, bu, dünya müharibəsinə səbəb olardı. Doğrudur, iki ölkənin qoşunları arasında belə toqquşmalar oldu. Sadəcə olaraq, bunlar Rusiyanın federal qoşunları deyildi. Məhv edilən Rusiyanın Vaqner özəl hərbi şirkətinin muzdluları oldu. Sadəcə olaraq, ruslar Vaqnerin onlara aid olmadığını deməklə kifayətləndi.

Belə potensial konfliktlərdən biri kimi Qarabağ münaqişəsi göstərilmişdi. Azərbaycan və Ermənistan arasında genişmiqyaslı müharibə başlasa, ruslar ermənilərə kömək etsə, dünya müharibəsinə yol açılar. Qeyd edim ki, bu ssenarilər Rusiya-Ermənistan münasibətlərinin çox yaxşı olduğu dövrə aiddir. Yəni Azərbaycan və Ermənistan müharibəyə başlayır, Ermənistan müharibəni uduzur, ruslar müdaxilə edir, hətta İran da ermənilərin tərəfində yer alır, Türkiyə Azərbaycana dəstək verməyə məcbur olur… Türkiyənin NATO-nun üzvü olduğunu nəzərə alsaq və İranın da məsələyə qarışmasına görə ABŞ-la İsrail İrana qarşı hərəkət etməyə başlayır – çünki İran qonşu ölkəni zəbt etmək istəyir və s.

Yəni Qarabağ konflikti III Dünya müharibəsinə səbəb ola biləcək 6-7 konfliktin arasında sadalanmışdı. Sadəcə, müəyyən dövrlərdə mkonfliktlər dondurulmuş vəziyyətdə olur. Onda artıq hamı deyir ki, bu konfliktə lazımi qədər diqqət ayrılmır. Belə mənzərə 2010-cu ildən sonra ortaya çıxmışdı. Onda artıq ictimaiyyət də yorulmuşdu. Çünki heç bir hadisə baş vermirdi, heç bir irəliləyiş yox idi. Ancaq 2016-cı ilin aprel döyüşlərindən sonra bütün dünya başa düşdü ki, Qarabağ konfliktini dondurulmuş vəziyyətdə saxlamaq qeyri-mümkündür. Azərbaycan öz torpaqlarını azad etmək üçün hərəkətə keçəcək və torpaqlarını güc tətbiq edərək azad edəcək. Dünya siyasətində də bir qayda var: Güclü olan tərəfə daha çox dəstək verirlər. Onsuz da dünya görür ki, güclərin balansı Azərbaycanın xeyrinə dəyişib. Azərbaycanın güc tətbiq edərək öz torpaqlarını azad etməyə tam hüququ çatır. Həm BMT-in Nizamnaməsinə, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, həm də ATƏT-in və digər təşkilatların qəbul etdiyi qərarlara görə…

– ABŞ diplomatlarının son dövrlər aktiv şəkildə azərbaycanyönlü mövqe sərgiləmələri və Qarabağın qaytarılmasını müdafiə etmələri də bununla bağlı ola bilərmi?

– Bilirsiniz, Azərbaycan artıq ordusunu modernləşdirib və üstünlüyünü sübut edib. Dünyada ölkələrin hərbi gücünü müəyyənləşdirən institutlar var. Onların reytinq cədvəllərinə görə, Azərbaycan ilk əllilikdə yer alır. Ermənistan isə çox geridədir. Yəni dünya Azərbaycanın maraqlarını bilir, Qarabağ konfliktinin dondurulmuş vəziyyətdə qala bilməyəcəyini daha çox nəzərə almağa başlayır. Azərbaycan ordusu hərəkətə keçib torpaqları azad etməyə başlayanda regional təhlükəsizlik sistemi üçün yeni təhdidlər yaranacaq. İran və Rusiyanın burada özünü necə aparacağı ilə bağlı suallar var. Ona görə də bölgəyə diqqət artır. Azərbaycan həm hüquqi cəhətdən burada daha haqlıdır, həm də hərbi baxımdan daha güclüdür. Ona görə də hətta ermənipərəst mövqedən çıxış edən rus rəsmilərinin də son vaxtlar leksikonlarında müəyyən dəyişikliklər olub. ABŞ diplomatlarının bəyanatlarındakı dəyişiklik də buradan qaynaqlanır. Bu, o deməkdir ki, Azərbaycanın tutduğu yol doğrudur. Biz ordunu gücləndirməliyik. Nümayiş etdirməliyik ki, biz daha vəziyyəti belə dondurulmuş vəziyyətdə saxlamağa razı deyilik. Erməni tərəfi sülh yolu ilə torpaqları qaytarmasa, Azərbaycan ordusu öz hüquqlarından istifadə edib torpaqlarını azad edəcək. Dövlətin bu strateji xətti dəqiq hesablanıb.

2016-cı il Aprel döyüşlərinə qiymət verəndə biz bir məqamı mətbuatda işıqlandırmamışıq. Hərbi əməliyytlar heç vaxt cızdığın plan üzrə getmir. 2000 il bundan əvvəl yazılan Qədim Çin hərb elminə aid kitablar var ki, onlar bu günə kimi hələ də həm Rusiyanın, həm ABŞ-ın hərbi tədris mərkəzlərində istifadə olunurlar. Orada klassik prinsiplərin arasında belə bir məqam var: Sən illərlə, aylarla müharibə planı hazırlasan da, ilk toqquşmadan sonra mütləq o plana dəyişiklik edəcəksən. Yəni 2016-cı ilin aprel ayında Azərbaycan ordusu bu kəşfiyyat döyüşünü həyata keçirəndə əvvəldən hansı nəticələrin əldə olunacağını bilməzdi. Biz həqiqətən də çox güclü bir müdafiə sistemi ilə üz-üzə qalıb böyük itkilər də verə bilərdik və ya erməni ordusu əks hücumla cəbhənin bizə aid tərəfində əməliyyatlar həyata keçirərək, mövqeləri tuta bilərdi. Belə bir hal baş versəydi, bu, Azərbaycan hakimiyyəti üçün ən böyük zərbə olardı. Bilirsiniz ki, Azərbaycanda 90-cı illərdə bütün hakimiyyət dəyişikliklərinə səbəb məhz cəbhədə baş verən hadisələr olmuşdu. Həm Ayaz Mütəllibov, həm Elçibəy hakimiyyəti bunun qurbanı oldu. Buna görə də 2016-cı ildə kəşfiyyat döyüşü keçirib, həm şimalda, həm cənubda əsas yüksəklikləri ələ almaq, bir neçə saatın ərzində 16 hərbi dayaq nöqtəsini darmadağın etmək inanılmaz cəsarətlə icra edilən böyük uğurdur. Yəni bu əməliyyat keçiriləndə Azərbaycan hakimiyyəti ciddi bir siyasi iradə ortaya qoydu. Yəni Azərbaycan bütün dünyaya sübut etdi ki, biz hərbi gücdən istifadə edib, torpaqlarımızı azad etməyə hazırıq və bizim iradəmiz buna çatır. Bu addım atıldısa, deməli, artıq müəyyən bir psixoloji bariyeri, bədii dildə desək, Rubikonu keçdik. Bununla da Azərbaycan Ordusunun üstünlüyü sübuta yetirildi. Psixoloji bariyeri keçəndən sonra bu, artıq Vaşinqtona, Moskvaya bir mesaj oldu ki, Azərbaycan Ordusu hər an BMT-nin Nizamnaməsinə uyğun olan hüquqlarından istifadə edib, torpaqlarını azad etməyə qadirdir. Rusları da, ABŞ diplomatlarını hərəkətə keçirən məhz bu amildir.

– Amma Qarabağın işğalda saxlanmasında daha çox maraqlı olan tərəfin Rusiya olduğu vurğulanır. Rusiya Qarabağ probleminin həllində maraqlı ola bilərmi?

– Hesab edirəm ki, maraqlıdır. Birincisi, doğrudan da, hər iki ölkəyə təsir imkanı yaradan konfliktin tam aradan qaldırılmasını Rusiya istəməz. Vaxtı ilə belə təhlükə olanda Rusiya çox sərt addımlar atdı. Belə ki, İrəvanda ölkə parlamentinə basqın oldu, ölkə rəhbərliyinin hamısı terrorla məhv edildi. Bu terakt ATƏT-in sammitinə az qalmış edildi. O vaxt hamı açıq bilirdi ki, bunu Rusiya edib. İndi də Ermənistanda bəzi mətbuat səhifələrində məqalələr çıxır ki, parlamentdə güllələnməni araşdırmaq lazımdır, onu Rusiya təşkil edib. Amma bir məqamı nəzərə almaq lazımdır. Bu günə kimi masanın üzərində olan bütün təkliflər – Madrid prinsipləri, Mərhələli plan, Lavrov planı, Şoyqu planı, Kazan razılaşması və s. – heç biri Qarabağ konfliktinin tam həllinə deyil, qismən həllinə yönəlib. Yəni Dağlıq Qarabağın statusu sual altında qalır. Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər azad olunur, bizim qaçqınlarımız həmin ərazilərə qayıdır, Qarabağa müvəqqəti status verilir. Amma bu, son status deyil. Ondan sonra artıq sülh danışıqları aparılır. Nə vaxt ümumi razılığa gəlinsə, onda son statusla bağlı referendum keçirib onu Konstitusiyamızda tətbiq edə bilərik. Əgər razılığa gəlinməsə, 10, 20, hətta 100 il də bu danışıqlar gedə bilər. Yəni bu planların hamısı Qarabağ probleminin tam həllinə yönəlməyib. Qarabağ probleminə daxil olan elementlərin yarısı həllini tapır. Bu da Rusiyaya yeni imkanlar yaradır. Yəni Qarabağın ətrafındakı torpaqlar, Laçın dəhlizi işğaldan azad olunsa və bu dəhlizdə sülhməramlı qüvvələr yerləşdirilsə, ümumiyyətlə, Qarabağın digər bölgələrində də sülhməramlı qüvvələr olsa, həmin sülhməramlı qüvvələri Rusiya təşkil etsə, yaxud Rusiyanın razılığı ilə təşkil olunsa, Moskva burada öz təsirini daha da artıracaq. Ən əsası konflikt qalacaq və danışıqlar artıq Dağlıq Qarabağın statusu ətrafında aparılacaq. Kim sülhməramlı qüvvələrə nəzarət edəcəksə, onun təsir imkanları daha çox olacaq. Həm də Rusiya hesab edir ki, indi elə bir mərhələ yaranıb ki, Azərbaycan Ordusu torpaqları azad etməyə qadirdir. Azərbaycan Ordusu hərəkətə keçsə, torpaqları azad edəcək və heç bir dövlət artıq Azərbaycana minnət qoya bilməyəcək ki, hansısa məsələdə sənə kömək etmişəm. Bu, Rusiya üçün təhlükə yaradır. Azərbaycan Ordusu konflikti tam həll edə bilər. Rusiya müdaxilə etməsə, bu, 1-2 həftəlik əməliyyatdır və ümuimiyyətlə, Qarabağ konflikti adında bir problem artıq qalmaz.

Rusiya bunu dərk edir. Belə bir şəraitdə bu təhlükəni aradan qaldırmaq üçün konfliktin tam həllini yox, sülh yolu ilə yarımçıq həllini istəyir. Bununla da Rusiyanın burada təsir imkanlarını qoruyub saxlanacaq, bəzi hallarda isə daha da artırmasına şərait yaradacaq. Ona görə də ruslar Lavrov, Şoyqu planını ortaya atırlar. Ermənilər isə buna sərt şəkildə etiraz edirlər. Çünki ermənilər düşünür ki, Qarabağı işğal etməkdə ruslar bizə kömək etdi, indi ruslar bu torpaqları Azərbaycana qaytarmağa köməklik edir. Yəni 30 il bundan əvvəl Rusiya öz təsirini Ermənistanda artırmaq üçün ermənilərə dəstək verdi. İndi geopolitik vəziyyət, güclərin balansı dəyişib. Buna görə də ruslar torpaqların azad olunmasına artıq etiraz etmirlər. Əksinə, deyirlər ki, bu, ABŞ-ın, Minsk Qrupunun nəzarəti altında yox, Rusiyanın təşəbbüsü, dəstəyi ilə həyata keçirilməlidir ki, burada öz təsir imkanlarını itirməsinlər. Ermənilər də indi qıcıqlanır. Yəni proses bumeranq kimi onların özünə qayıdır. Onlar elə bilirdi ki, bu vəziyyət dəyişməyəcək?!

O vaxt Ermənistanın sabiq prezidenti Levon Ter Petrosyan erməni cəmiyyətinə açıq məktub yazmışdı. Məktubda bildirmişdi ki, vəziyyət hər zaman belə olmayacaq. Gəlin Azərbaycanla razılığa gələk, torpaqları qaytaraq və Azərbaycanla iqtisadi əməkdaşlıq edək. Konkret yazmışdı ki, vaxt gələcək, neft razılaşmaları işə düşəcək, boru kəmərləri tikiləcək, Azərbaycana külli miqdarda vəsaitlər gələcək. Azərbaycan isə o vəsaitlərlə Ordusunu yenidən quracaq, modernləşdirəcək və daha güclü olacaq. Artıq elə bir şərait yaranacaq ki, bizə bu gün təklif olunan şərtləri 15-20 ildən sonra heç kim təklif etməyəcək. Nə qədər ki Azərbaycan hələ güclənməyib, gəlin Azərbaycanla razılığa gələk. Bu, Petrosyanın erməni xalqına 1998-ci ildə ünvanlandığı açıq məktub idi. Onun elə bu məktubunda yer alan proqnozlara uyğun hadisələr baş verdi. Güclərin balansı Azərbaycanın xeyrinə dəyişdi, psixoloji bariyeri də Azərbaycan keçdi.

Hazırda Rusiya öz siyasəti ilə bizi qabaqlamaq istəyir. Başa düşür ki, aydan-aya Azərbaycana mane olmaq daha çətin olur. Ona görə ki, Azərbaycan BMT-nin Nizamnaməsinə arxalanır. İndi qabaqlayıcı addım atıb, sülh yolu ilə problemin tam yox, aparıcı rol oyanayaraq, 50%-nin həllini təmin etmək niyyətindədirlər. Bununla da burada öz təsirlərini artırmaq istəyirlər. Buna isə müqavimət göstərən ermənilərdir. Çünki işğal edilmiş torpaqları öz konstitusiyalarında öz torpaqları kimi qeyd ediblər, cəmiyyəti buna kökləyiblər, inandırıblar. İndi isə bu torpaqlardan çıxmalıdırlar…

– Böyük güclər Qarabağın qarşılığında Azərbaycandan nə istəyir?

– Təbii ki, burada əsas məqsəd Azərbaycanda öz təsirini gücləndirməkdir. Qlobal savaşdan danışdıq. Bir məqama diqqət çəkmək istəyirəm. Niyə burada sülhməramlı qüvvələrin tərkibi məsələsi əsas məsələyə çevrilib? Ona görə ki, Qarabağda yerləşdiriləcək sülhməramlı qüvvələrin tərkibi Qərbə yaxın olan ölkələrdən ibarət olsa, burada bir, Rusiya və Rusiyaya yaxın ölkələrdən təşkil olunsa, fərqli nizam yaranacaq. Zaman keçdikcə, müəyyən dəyişikliklər baş verir. Məsələn, 90-cı illərin əvvəllərində Azərbaycan Rusiyaya təklif vermişdi ki, Qarabağ konfliktinin bitməsi və torpaqların qaytarılması qarşılığında Azərbaycan neft kontraktlarını Rusiya ilə imzalayacaq, Rusiyanın hərbi bazalarını Azərbaycanda yerləşdirilməsinə izn verəcək. Mən bu haqda indi açıq danışa bilərəm. Ona görə ki, bununla bağlı vaxtı ilə bir neçə dəfə mətbuata sızmalar olmuşdu. O dövrdə Gürcüstan da təqribən eyni vəziyyətdə idi. Şevardnadze də Rusiyaya müraciət etdi, hərbi bazaların Gürcüstanda yerləşdirilməsinə razılıq verdi. Ancaq onlar şərt qoymadılar ki, Abxaziya və Cənubi Osetiya məsələsi öz həllini tapsın. Ona görə də bir tərəfdən ruslar Gürcüstanda hərbi bazalarını saxladılar, eyni zamanda, Abxaziya və Osetiya məsələləri də öz həllini tapmadı. Şevardnadze sonradan buna belə qiymət verdi ki, bizi dizi üstə qoydular. Açıq şəkildə bəyan etdi ki, mənim hakimiyyətimi Rusiya məhv etdi.

Heydər Əliyevin mövqeyi isə daha sərt idi. O, Qarabağ probleminin tam həllini şərt kimi irəli sürdü. Yeltsin bu təklifə yox dedi. Yeltsin düşünürdü ki, Azərbaycan o qədər zəif və çətin duruma qalacaq ki, onunla həm neft kontraktlarını imzalayacaq, həm də bazalarını, Şevardnadze kimi, ölkədə yerləşdirilməsinə şərtsiz razılıq alacaq. 1994-cü ildə ermənilərin hərbi qüvvələri Tərtər, Bərdə istiqamətində hücuma keçdi. Bu, ermənilərin deyil, Rusiyanın təşəbbüsü təşəbbüsü idi. Çünki ermənilər özlərinə lazım olan rayonları artıq tutmuşdu. Oradan artıq Tərtər və Bərdə istiqamətinə hücuma keçməyi onlar planlaşdırmırdı.

– Bu, 1994-cü ilin sentyabrından əvvəl baş verdi?

– Bəli, daha əvvəl. Faktiki olaraq, ermənilərin adından bizə ultimatumu Rusiya verirdi ki, rus qoşunlarının Azərbaycana gəlməsinə, bazaların yerləşdirilməsinə razılıq verin, yoxsa ermənilər gəlib Gəncəni də tutacaq. Yəni hücumları gələcək neft boru kəmərinin yolunu kəsmək üçün təşkil edirdilər. Bununla da onun Gürcüstan ərazisindən keçməyinə mane olmağa çalışırdılar. Həm də Azərbaycanı dizi üstə qoymaq istəyirdilər ki, Azərbaycanın özü ermənilərin Gəncəni tutmaması üçün Rusiya qoşunlarının dəvətinə razılıq versin. Rusiyanın planı bu idi.

Tərtər istiqamətində hücumlar başlayandan sonra Heydər Əliyev ordunu səfərbər etdi və hücumların hamısını dəf etdi. Ermənilər Tərtər istiqamətində gedən döyüşlərdə o qədər itki vermişdi ki, İrəvanda əsgər analarının mitinqləri keçirildi. Rus mətbuatı yazırdı ki, hər gün 100-dən çox tabut təyyarə ilə gətirilir. İrəvanın yanında hərbçilər üçün yeni qəbiristanlıq salınmışdı. Döyüşlərə dəstək vermək üçün Gürcüstandakı hərbi bazalardan Rusiya öz tanklarını ermənilərə göndərdi. Ermənilər arasında tank üçün ekipaj tapılmırdı. Gürcüstandan gələn ruslar özləri döyüşə girdilər. Sonradan vurulan tanklardan əsir götürülənlərin çoxunun rus olduğu da ortadadır.

Rus hərbçiləri artıq özləri gəlib erməni tərəfdə vuruşurdu ki, Kremlin Tərtəri və Bərdəni almaq planı reallaşsın. Bakı-Qazax magistralını tutmaq və Gəncəyə hücum hazırlamaqla bağlı Kreml göstəriş vermişdi. Heydər Əliyev elə bir müdafiə təşkil etdi ki, bir müddətdən sonra artıq ermənilər açıq şəkildə müharibəni davam etdirə bilməyəcəklərini dedilər. Ermənilərin bu tapşırığı həyata keçirməyə nə halı, nə gücü qaldı. Və nəhayət, biz atəşkəs imzaladıq.

Bu atəşkəsdə heç bir şərt yer almadı. Bundan sonra Heydər Əliyev sürətlə neft kontraktlarını hazırlatdı və cəmi 4 aydan sonra planı reallaşdırdı – 12 mayda atəşkəs imzalanmışdı, 20 sentyabrda neft kontraktlarına imza atıldı. Heydər Əliyev bunu o qədər sürətli və peşəkarcasına icra etdirdi ki, Rusiya nə qədər neft kontraktlarına mane olmaq üçün müqavimət göstərsə də, bunu bacarmadı.

Bakı-Tiflis-Ceyhan boru kəməri tikilib qurtarandan və Azərbaycana böyük neft gəlirləri gəldikdən sonra rus siyasətçiləri, diplomatları ilə görüşüm zamanı dedilər ki, biz o vaxt böyük səhvə yol verdik. Bizə verilən təklifi Yeltsin rədd etdi və hesab etdi ki, Azərbaycanı sındırmaq mümkün olacaq. Amma biz uduzduq. Artıq neft kontraktları başqa ölkələrlə imzalanıb. Neft və qaz boru kəmərləri çəkilir…

– Maraqlıdır, Yeltsin belə mühüm təklifdən niyə imtina etmişdi?

– Düşünürəm ki, bu, Yeltsinin Heydər Əliyevə qarşı şəxsi qərəzliyindən və yaxud onun gücünü dəyərləndirmə imkanının olmamasından irəli gəlirdi. Bu, hələ, SSRİ Siyasi Bürosunun dövründən vardı. Yeltsin o vaxtı Heydər Əliyevə qarşı açıq çıxışlar edirdi. Ona görə ki, o vaxt Heydər Əliyev SSRİ-nin əsas liderlərindən biri kimi qəbul olunurdu. Qərb mətbuatında da Heydər Əliyevdən çox danışılırdı. Yeltsində bir qısqanclıq var idi. Heydər Əliyev rəqib kimi nüfuzlu və yaşca digər Siyasi Büro üzvlərindən gənc idi. Cavan olmasına baxmayaraq, Heydər Əliyevin çox böyük nüfuzu var idi. Yəqin bu şəxsiqərəzlik, qısqanclıq Yeltsinə vəziyyəti obyektiv və düzgün qiymətləndirməyə imkan vermədi. O, ürəyindən keçən halı reallıq kimi qəbul etdi və Heydər Əliyevin əməkdaşlıq təklifinə yox dedi. O, Heydər Əliyevi və Azərbaycanı diz üstə qoymağa çalışırdı. Nəticədə isə Heydər Əliyev elə bir siyasət həyata keçirdi ki, Rusiya çox şeyləri itirdi və Kreml sonradan dərin peşmanlıq keçirdi…

Ardı var…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər