Ermənistan cəmiyyətinin ciddi psixoloji durumu rəsmi İrəvanın işğalçı siyasətinin nəticəsidir

554

“Əsas yaradılış məqsədi Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvi irsinin araşdırılması, dünyada təbliği, eləcə də dialoq, tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsi olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyət sahələrinə, həmçinin, dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitliyin bərqərar olunması naminə təşkil olunan qlobal tədbirlərin keçirilməsi də daxildir. Mərkəz qarşıda qoyulan məqsədlərə nail olmaq üçün ətrafında nüfuzlu sabiq dövlət və hökumət başçılarını, həmçinin beynəlxalq ekspertləri birləşdirmiş, nüfuzlu yerli və xarici alimlərdən ibarət peşəkar mütəxəssislərin köməyi ilə elmi araşdırmaların aparılması və dünyada təbliği işini yüksək səviyyədə qurmuşdur.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.

R.Hüseynov qeyd edib ki, Mərkəzin təşkilatçılığı ilə keçirilən tədbirlər aktuallığına görə daim beynəlxalq xəbər gündəmini zəbt edir: “Son bir neçə gündə “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda təşkil olunan tədbir və tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müzakirələrdə çıxışları beynəlxalq xəbər gündəminin başlıca obyektinə çevrildi. Tədbirin Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər olduğu bir dövrdə qlobal gündəlikdə duran mühüm məsələlərdən birinə həsr olunduğunu, yaranmış yeni vəziyyətin yeni yanaşmalar tələb etdiyini bildirən prezident İlham Əliyev öz çıxışında bir sıra önəmli məsələlərə toxundu. Ərazilərimizin 30 illik işğalı zamanı erməni vandallarının genişmiqyaslı dağıntılarına, bütün yaşayış infrastrukturunu məhv etməsinə baxmayaraq  Azərbaycan gələcəyə nəzər salmağa, Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühitinin yaradılmasına dəstək verməyə hazırdır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan tərəfi artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmiş və bunlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da öz əksini tapmışdır.”

YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, 30 ilə yaxın bir zaman çərçivəsində ərazilərimizin işğalı səbəbindən Azərbaycan Ermənistanla əməkdaşlıq etməmiş, onları böyük miqyaslı regional layihələrdən kənarda qoymuşdur: “Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum olan Ermənistan tərəfi bu gün həm işğal etdiyi əraziləri, həm də müzəffər ordumuz tərəfindən darmadağın edilmiş ordularını itirmişdir. Altı aydan çoxdur ki, daimi siyasi böhran içində olan Ermənistan cəmiyyətində böyük dərəcədə inamsızlıq hökm sürür və işğalçılığı dövlət siyasətinə çevirmiş liderlərin qarşılıqlı ittihamları sayəsində cəmiyyət ciddi psixoloji durum yaşayır. Müzakirələr zamanı Ermənistan cəmiyyətinin daha yaxşı başa düşməsi üçün prezident İlham Əliyevin sadə dillə bildirdiyi kimi, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, tarixə və beynəlxalq hüquqa əsasən özünə məxsus olmuş əraziləri geri qaytarmaq istəyir, məcburi köçkün həyatı yaşayan bir milyon azərbaycanlının öz evlərinə geri qayıtmasını istəmək kimi legitim tələb irəli sürürdü.”

R.Hüseynov onu da bildirib ki, ərazilərimizi işğal edərək Beynəlxalq hüququ pozan Ermənistan dövlətinin rəsmilərinin Azərbaycana qarşı informasiya terroru o qədər geniş təşkil olunmuşdur ki, erməni cəmiyyətinin bir hissəsi gedən proseslərdə haqlı olduqlarına inanmağa başlamışdı: “İndi isə baş verənlərlə bağlı insanların aldığı məlumatlar Ermənistan cəmiyyətində çox ciddi psixoloji dramın yaşanmasına gətirib cıxardı. Onlar 30 ildir bu ölkəni idarə edən liderlərin xalqa yalan danışdığını başa düşüblər. Hətta 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da döyüşü udmaları, yeni ərazilərin nəzarətə götürülməsi haqqında yalan məlumatlar yayan Ermənistan dövləti artıq Azərbaycan tərəfindən yaradılmış yeni reallığı çox aydın şəkildə başa düşməli və bu reallığa uyğunlaşmalıdır. İlk növbədə Azərbaycanı iblisləşdirməyə son qoymalı, sözdə olmuş olsa belə qisasçılıq cəhdlərindən çəkinməli, ictimaiyyət arasında revanşist hisslər yaymamalıdırlar. Bu gün Ermənistan cəmiyyəti də çox yaxşı bilir ki, bir dövlət olaraq Ermənistan siyasi, iqtisadi və hərbi cəhətdən tamamilə asılı ölkədir. Yaranmış vəziyyətin əsas səbəbi olan işğal və işğalçılığın dövlət siyasətinə çevrilməsi olmasaydı, Ermənistanın heç olmazsa yarımmüstəqil xarici siyasət qurmaq üçün daha çox imkanları olardı. Müharibəyə son qoymaq, istənilən potensial hərbi qarşıdurma riskini minimuma endirmək və ya aradan qaldırmaq üçün sülh razılaşmasının əldə olunması üçün Ermənistan rəsmilərinin də cəhd göstərməsi, xoş məram nümayiş etdirmələri lazımdır.”

YAP Sumqayıt şəhər təşkilatının sədri qeyd edib ki, bu gün Ermənistan cəmiyyətində yaranmış çaşqınlıq cəmiyyət üçün çox ciddi psixoloji dramdır və yaranmış bu drama görə onlar öz liderlərindən başqa heç kimi günahlandırmamalıdırlar: “Müstəqilliklərinin əvvəlindən bütün erməni liderlər işğalçılıq siyasətini prioritet tutaraq ölkələrini fəlakətə sürükləyirdi. Ermənistan cəmiyyətinin yaranmış ciddi psixoloji durumu bu liderlərdən təşkil olunmuş rəsmi İrəvanın işğalçı siyasətinin nəticəsidir.”

Orxan Vahidoğlu, “İki sahil”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər