Bu il Ermənistan-Azərbaycan münaqişəsinin qızışdırılmasında mühüm rol oynamış Sumqayıt hadisələrindən 31 il ötür. 1988-ci ilin 27-29 fevralında baş verən həmin olaylarda Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Ermənistan və SSRİ xüsusi xidmət orqanlarının əvvəlcədən hazırladığı ssenari üzrə şəhərin müxtəlif yerlərində təxribatlar törədilib. SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edilib. Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına məhkum olunub.
Hadisələrin təşkilatçısı qismində mühakimə olunan Əhməd Əhmədova isə SSRİ Ali Məhkəməsinin hökmü ilə güllələnmə kəsilib. Amansız hökm 17 ay sonra icra olunub. Sonralar istintaq-əməliyyat qrupunun həyata keçirdiyi araşdırma nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb. İğtişaşların sovet rəhbərliyində təmsil olunan ermənipərəst qüvvələrin göstərişi ilə erməni separatçı qüvvələrinin törətdiyi müəyyən edilib. Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan Eduard Qriyqoryana isə cəmi 12 il cəza verilib. Bu qədər cinayət törətməsinə baxmayaraq, o, Ermənistana göndərilib, sonra da azadlığa buraxılıb. Tarixçi deyir ki, uzun illərdir erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edir.
Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və etnik təmizləmə siyasəti həyata keçirmiş Ermənistan, Sumqayıt hadisələrini “Azərbaycanın təşkil etdiyi məqsədyönlü akt” kimi təqdim edir. Halbuki, Ermənistan Azərbaycana qarşı hələ ötən əsrin 80-ci illərin sonlarından təcavüzə başlayıb. Ermənistanın terrorçu təşkilatları Azərbaycan əhalisinə qarşı çoxsaylı terror aktları törədib.