Prezident İlham Əliyevin 20 may 2021-ci il tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən videoformatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə bır sıra mühüm əhəmiyyət kəsb edən məsələlərə toxundu, Ermənistanın işğalçılıq siyasətinin nəticələri, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, müharibədən sonra regionda yaranmış yeni reallıqlar, ölkəmizin regionda sülh, əməkdaşlıq və təhlükəsizliyə xidmət edən təşəbbüsləri haqqında fikirlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Qeyd edim ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu beynəlxalq platforma olmaqla müxtəlif ölkələrin keçmiş dövlət və hökumət başçılarını, dünyanın tanınmış mütəxəssislərini, ictimai və siyasi xadimlərini öz sıralarında birləşdirir və daşıdığı missiya dünyəvi xarakter daşımaqla regionda və dünyada sülhə, əmin-amanlığa, qarşılıqlı iqtisadi-faydalı münasibətlərə və əməkdaşlığa xidmət edir.
Bir məsələni xüsusilə vurğulamaq yerinə düşər ki, qondarma Ermənistan dövləti yarandığı gündən bu yana heç vaxt müstəqil olmayıb və kimlərinsə maraqlarına xidmət edərək, toxmaq rolunu oynayıb, yəni ondan dəyənək kimi istifadə ediblər. Buna görə də heç vaxt müstəqil siyasət yürütməyib, dağ kölgəsinə sığınaraq özünü böyük dövlət, böyük qüvvə hesab edib. Düşünüb ki, arxasında dayanan varsa, demək, nə istəsə edə bilər. Bu da bu qondarma dövlətin aqressivləşməsinə, qonşu ölkələrə yuxarıdan aşağı baxmasına, nəticə etibarilə də davamlı olaraq işğalçılıq siyasəti yürütməsinə, qonşu torpaqlarına göz dikməsinə rəvac verib. Amma nəticə göz qabağındadır. Ermənistanın son 30 illik siyasətinə nəzər yetirsək, hər şey gözlərimiz önündə sərgilənər.Bəli, Ermənistanın acınacaqlı vəziyyəti burundan uzağı görməməyinin, öz işğalçılıq siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin də dediyi kimi:“Rəsmi İrəvanın işğalçılıq siyasəti Ermənistanı tənəzzülə apardı. 30 il çəkən işğal faktı səbəbindən Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistanın müstəqilik qazandığı zaman ilə müqayisədə vəziyyəti daha ağırdır… Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb. Ermənistan siyasi cəhətdən, iqtisadi cəhətdən, hərbi cəhətdən tamamilə asılı ölkədir və səbəb də işğaldır.”
Bu gün Ermənistan cəmiyyəti ciddi psixoloji dram yaşayır. Bu da, təbii ki, 30 il ərzində danışılan yalanın, aparılan yanlış təbliğatın nəticəsidir. Uzun illər ərzində Ermənistan siyasi isteblişmenti, cəmiyyətə təsir göstərməyə malik strukturları ictimai rəyi çaşdırmaqla Azərbaycanı iblisləşdirir, ondan xof, qorxu aləti kimi istifadə etməyə çalışırdılar. Nəticə olaraq da tamamilə qeyri-real mənzərə yaranırdı. Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrətin səviyyəsi o qədər yüksək idi ki, erməni cəmiyyətinin bir hissəsi haqlı olduqlarına inanmağa başlamışdı. Ona görə də indi baş verənlər Ermənistan cəmiyyətində çox ciddi psixoloji gərginliyin göstəricisidir. Təəssüflər olsun ki, onlar hələ indi-indi başa düşməyə başlayıblar ki, ölkəni idarə edən liderlər xalqa yalan danışıblar. Bu, 30 il ərzində də belə olub, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da.
Bir daha deyirəm, əgər işğalçılıq siyasətindən, boş-boş xülyalardan əl çəksəydilər, Ermənistanın müstəqil, ən azından yarımmüstəqil xarici siyasət yürütmək üçün daha çox təsir vasitələri, daha çox imkanları olardı və bu da Ermənistanı üzləşdiyi acınacaqlı vəziyyətdən xeyli xilas etmiş olardı.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altındaAzərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı. Ordumuzun uğurlu hərbi əməliyyatları, Prezident İlham Əliyevin qətiyyəti və yüksək diplomatik peşəkarlığı nəticəsində noyabr ayının 10-da Ermənistan kapitulyasiya bəyanatı imzalamağa məcbur edildi. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bu bəyanat birmənalı şəkildə Azərbaycanın qələbəsinin və Ermənistanın kapitulyasiyasının hüquqi baxımdan təsdiqidir. Bu sənəd Ermənistanın işğalçı dövlət olduğunu sübut edən hüquqi aktdır. Möhtərəm Prezidentimizin də vurğuladığı kimi, “İşğaldan azad olunmuş ərazilərin vəziyyəti erməni vandalizminin sübutudur… Şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı baş verməyib. Bu şəhərləri bombardman etməklə bu hala salmaq mümkün olmazdı. Bunlar sonrakı dönəmdə baş verib. Əvvəlcə onlar bizim inşa etdiyimiz evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlayıblar. Daha sonra isə işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışıblar – işğal altındakı torpaqlarda 60-dan çox məscid dağıdılıb”.
Yeri gəlmişkən qeyd edim ki, Vətən müharibəsində əldə olunmuş Qələbə Ermənistanın işğalçılıq siyasətinə son qoysa da, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi öz aktuallığını itirsə də, Ermənistanin vandallığının ağrılarını hələ də çəkməkdəyik. Çünki işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işlərini intensiv şəkildə aparmağa başlasaq da, ərazilərin partlamamış silah-sursatla dolu olması iqtisadi layihələrin sürətlə reallaşdırılmasında əlavə çətinliklər yaradır. Müharibə dayanandan sonra 100-dən çox vətəndaşımız minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan isə indiyə qədər minaların xəritəsini Azərbaycana verməkdən imtina edir, bu isə yeni hərbi cinayətlər törətmək deməkdir. Minaların təmizlənməsi də çox çətin, çox bahalı bir prosesdir, eyni zamanda da çox vaxt aparır. Amma, əminəm ki, gün gələcək, bütövlükdə Qarabağ – iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Bu baxımdan, regional əməkdaşlığın bərpa edilməsi, kommunikasiyaların açılması yeni reallığın vacib şərti kimi ortaya çıxır. Bu isə təkcə region üçün deyil, eyni zamanda qlobal kontekstdə də mühüm əhəmiyyət kəsb edir. Təbii ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə ölkəmizin və regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb. Bildiyimiz kimi, ölkəmiz artıq çox mühüm təşəbbüslərlə çıxış edib. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Bu layihənin həyata keçirilməsi ilə bağlı işlərə artıq start verilib. Azərbaycan bu məqsədlə texniki və maliyyə imkanlarını ayırıb. Digər tərəfdən, Zəngəzur dəhlizi də regionun inkişafında strateji əhəmiyyət daşıyır. Bu dəhliz açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq.Bu səbəbdən, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına hazırdır. Ermənistanın gələcəyi isə bu əməkdaşlıq platformasına qoşulmaqdan keçir. Əks halda, bu ölkənin heç bir gələcəyi yoxdur.
Bu prinsipdən yanaşsaq, “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlıtədbirin bir əhəmiyyəti də ondadır ki, Azərbaycan bu konfrans vasitəsilə bir daha yeni reallığı, bu reallığın yaratdığı yeni şərtləri və onun hamı üçün faydalı olan perspektivlərini qlobal münasibətlər sisteminin mühüm aktorlarının diqqətinə təqdim etdi. Bu, həm də Azərbaycanın dayanıqlı sülh və qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq mərhələsi ilə bağlı çağırışı kimi qiymətləndirilə bilər. Çünki Azərbaycan bundan sonrakı mərhələdə gələcək naminə yeni əməkdaşlıq gündəliyinin müəyyən olunmasını vacib sayır, Ermənistanla əlaqələrin normallaşmasında maraqlı olduğunu bəyan edir. Bir qaçılmaz fakt da var ki, regionun xalqları birgə yaşamağı bacarmalıdırlar. Biz istəsək də, istəməsək də qonşuyuq. Ona görə də yanaşı və birgə yaşamağı öyrənməliyik. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan əməkdaşlığa hazırdır. Otuz il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq, biz dəfələrlə bəyan etmişik ki, səhifə çevrilsin və yeni fəsil başlasın, gələcək haqqında danışılsın, keçmiş haqqında danışılmasın. Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar. Onlar gələcək haqqında düşünmürlər. Prezident İlham Əliyev çıxışında Azərbaycanın sülhün, əmin-amanlığın tərəfində olduğunu bir daha bəyan etdi. Nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regionda yeni inkişaf mərhələsinin vacib şərtlərinə çevrilməkdədir. Ancaq Ermənistan ötən il noyabrın 10-da imzalanmış Birgə Bəyanatın bütün bəndlərini yerinə yetirməsə, vəziyyət dəyişə bilər. Bu isə yalnız Ermənistanın düşdüyü acınacaqlı durumu daha da ağırlaşdıracaq. Ona görə də Ermənistanın siyasi elitası daha çox mövcud şərtlər daxilində gələcəyə baxmalı, anti-Azərbaycan mövqeyi ilə yaşamamalıdır. Belə olan vəziyyətdə Ermənistan yeni reallıqları, mövcud vəziyyəti, qüvvələr nisbətini düzgün dəyərləndirməlidir. Sülh sazişinə də toxunan Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, Ermənistandakı seçkilərdən sonra bu məsələ ilə bağlı onlarda daha çox aydınlıq olacaq. Çünki bağlanılacaq Sülh sazişi, hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur. Biz açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki, Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır.Bu baxımdan, ölkə rəhbərləri ilk növbədə siyasi karyeraları haqqında yox, öz dövlətləri haqqında düşünməlidirlər.
Fikirlərimi Prezident İlham Əliyevin sözləri ilə tamamlamaq istəyirəm: “Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq”.
Rafiq Oday,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
respublikanın Əməkdar jurnalisti