Əsası Ümummilli Lider tərəfindən qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir

787

“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” – Ulu Öndər Heydər Əliyev

Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənclər siyasətini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər daim gənc nəsliə diqqət və qayğı ilə yanaşıb. Ümumilli lider Heydər Əliyev fəaliyyəti dövründə gənclər siyasətinin müxtəlif sahələrinə dair müvafiq sənədlər imzalayıb. Gənclər və İdman Nazirliyi məhz ümummilli lider Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə yaradılıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən 2 fevral Azərbaycan Gəncləri Günü elan edilib. O vaxtdan 2 fevral Gənclər Günü kimi MDB və Şərqi Avropada ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd olunur.

Ümummilli liderin 1995-ci ildə irəli sürdüyü təşəbbüslə 1996-cı ildən etibarən ölkəmizdə davamlı olaraq Azərbaycan gənclərinin forumları keçirilir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclərin qarşısında tarixi vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Keçirilən Forumlarda Ulu Öndər Heydər Əliyevin proqram xarakterli çıxışlarında gənclərin qarşısında duran vəzifələr açıqlanmış, gənc nəslin hərtərəfli inkişafı, onların problemlərinin həlli istiqamətində tədbirlərin görülməsi aidiyyəti təşkilatların qarşısında  mühüm vəzifə kimi qoyulmuşdur. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratmış, gənclər siyasətinin məqsədlərini, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Müstəqil Azərbaycanın gələcəyi üçün elmi-mədəni tərəqqinin müstəsna əhəmiyyətini nəzərə alaraq, ümummilli lider Heydər Əliyevin 22 iyun 1996-cı il tarixli Fərmanı ilə istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.

1999-cu il iyulun 29-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərman müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaratmış oldu. 2002-ci il aprelin 9-da “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Ümummilli liderin müəyyən etdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin üzləşdiyi problemlərin həllinə münasibəti kökündən dəyişməyə, onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirməyə imkan verdi. Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyəsi ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin mühüm istiqamətlərindən biri idi. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.

“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” – Ulu Öndər Heydər Əliyevin bu fikri dövlət gənclər siyasətinin fəlsəfi-ideoloji əsası kimi daim aktualdır və gəncləri gələcəyə səfərbər edir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün gənclər siyasəti ölkənin inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Ötən 18 il ərzində gənclərin inkişafına xidmət edən mühüm Dövlət Proqramları təsdiq edilmişdir.

Dövlət başçısı tərəfindən Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər),  “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər), “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı,  “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”,  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və digər mühüm proqramlar qəbul olunmuşdur. Bu proqramlar sözsüz ki, gənclərin hərtərəfli inkişafına xidmət etmişdir.

Prezident İlham Əliyevin Sərəncamları ilə 2007-ci ilin “Gənclər ili” elan olunması, Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatının təsis olunması, Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılması ötən dövr ərzində gənclərin fəallığının daha da artmasına, hərtərəfli inkişafına təkan vermişdir.

Prezident İlham Əliyevin gənclərin potensialının üzə çıxarılması, onların vətənpərvər, savadlı kadr kimi yetişməsi və digər istiqamətlərdə həyata keçirdiyi tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Həyata keçirilən uğurlu gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatda rolunun artırılmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, ümumilikdə yaradıcı gənclərin formalaşmasına şərait yaratmışdır.

Sonda onu da qeyd edək ki, məhz son 18 il ərzində yetişmiş Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Ölkə başçısı gənclərimizin bu xidmətini hər zaman yüksək qiymətləndirir. Çıxışlarının birində vurğulamışdır:“Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.”

Bəli, dövlətimizin həyata keçirdiyi uğurlu gənclər siyasəti nəticəsində bu gün Azərbaycan gəncliyi daha da inkişaf edir, bundan sonra da inkişaf edəcək. Ərazi bütövlüyümüzün bərpasında ön cərgədə olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizin bərpasında da gəmclərimiz fəal işitak edəcək!

Fidan Baxşıyeva, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin tələbəsi 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər