Bu gün səhər saatlarında “Qarabağ qaziləri” İctimai Birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib.
Bu barədə Qaziler.az saytına onun döyüşçü dostları xəbər verib.
E.Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi.
Əsədov Etimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta məktəbi bitirib. 1982-1984-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.
1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.
1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” İctimai Birliyinin sədridir.
Allah rəhmət etsin!