Ötən gecə İstanbulda Ədalət Partiyasının sədri, keçmiş nazir İlyas İsmayılovun oğlu Etimad İsmayılovu güllələyərək qətlə yetirən Gözəl Dəmirovla bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az xəbər verir ki, keçmiş polis polkovnik-leytenantı olan G.Dəmirov 1995-ci ilin mart hadisələri ərəfəsində Azərbaycandan qaçıb və Türkiyədə məskunlaşaraq orada biznes qurub. Belə ki, polis sistemində müəyyən vəzifələr tutan G.Dəmirov OMON komandiri və daxili işlər nazirinin müavini olmuş Rövşən Cavadovla yaxın olub. Məlum mart hadisələri ərəfəsində həbs ediləcəyini anlayan G.Dəmirov Türkiyəyə köçüb.
Bildirilir ki, G.Dəmirovla E.İsmayılov arasında biznes sövdələşmələri olub və dünən İstanbulun Florya adlanan hissəsindəki ofisdə törədilən qətl də pul üstündə olub.
Artıq E.İsmayılovun meyiti ekspertizadan çıxarılaraq ailə üzvlərinə təhvil verilib. Cənazə bu gecə Bakıya gətiriləcək və sabah Nardaranda dəfn ediləcək.
Qeyd edək ki, Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi. Onların İlyas adında bir oğlu var.