Nazirlər Kabineti 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişikliklər edilib.
Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik bina və qurğuların tikintisi ilə bağlıdır.
Əgər indiyə qədər dövlət standartlarına uyğun olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işlərinin aparılmasına aid edilirdisə, bundan sonra tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin aparılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün əlavə şərtlər tələb olunacaq. Əlavə şərtlərə gəlincə, bura lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə 3 mütəxəssisin müvafiq ixtisasa və ən azı 5 illik iş təcrübəsinə malik olmaları haqqında sənədin, ərizəçinin müvafiq işləri aparmaq üçün lazım olan çöl-tədqiqat avadanlıqlarının, ölçü vasitələrinin və cihazlarının standartlara uyğunluğunu və yararlılığını təsdiq edən sənədlərin, ərizəçiyə məxsus olan və ya bağlanılmış müqavilə əsasında müvafiq yoxlamaları aparan laboratoriyaların akkreditasiyadan keçməsi haqqında şəhadətnamənin surətləri, ərizəçinin müvafiq işləri aparmaq üçün qanuni istifadəsində olan obyektin, qeyri-yaşayış sahəsinin maddi-texniki bazası və ərizəçinin görülən işlərin keyfiyyətinə nəzarət sisteminə malik olması barədə arayışlar daxildir.
Dövlət standartlarına uyğun olaraq artıq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi üçün yox, tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla, bina və qurğuların layihələndirilməsi üçün sənədlər tələb olunacaq. Bura ərizəçinin texniki-istehsalat heyəti haqqında arayış, lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə rəhbər və aparıcı mütəxəssislərin, o cümlədən layihənin baş mühəndisi və ya baş memarının, memarının, konstruktorunun, mühəndis avadanlıqları, şəbəkələri və sistemləri, nəqliyyat infrastrukturu layihələri, layihənin xüsusi bölmələri və digər sahələr üzrə mütəxəssislərin müvafiq ixtisasa və ən azı 5 illik iş təcrübəsinə malik olmaları haqqında sənədlərin surəti, ərizəçinin baş layihəçi funksiyasını həyata keçirmək üçün müvafiq ixtisas tələblərinə cavab verən daimi işləyən aparıcı mütəxəssisləri olmadıqda, həmin sahələr üzrə (layihənin baş memarı və ya baş mühəndisi istisna olmaqla) işlərin yerinə yetirilməsi məqsədi ilə müvafiq lisenziyaya malik olan hüquqi və ya fiziki şəxslə əməkdaşlıq haqqında bağlanmış müqavilənin surəti, lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünü həyata keçirmək üçün hüquqi şəxsin mülkiyyətində və ya qanuni istifadəsində qeyri-yaşayış sahəsinin olmasını təsdiqləyən sənədlərin surəti və ərizəçinin layihə işlərinin keyfiyyətinə nəzarət sisteminin mövcudluğu barədə arayış daxildir.
Digər dəyişikliyə gəlincə, indiyə qədər dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) tikinti-quraşdırma işlərinin aparılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün əlavə şərtlər tələb olunub. İndi isə tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün əlavə şərtlər tələb olunacaq. Bura ərizəçinin ştatında olan 5 mütəxəssisin müvafiq ixtisas üzrə ən azı 3 illik iş stajına malik olmaları haqqında sənədlərin surəti, ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya, o cümlədən binalara və ya qeyri-yaşayış sahələrinə, tikinti avadanlıqlarına, nəqliyyat, texnoloji və təhlükəsizlik təminatı vasitələrinə, mexaniki və əl alətlərinə, daşınan enerji qurğularına və nəzarət-ölçü cihazlarına malik olması və ərizəçinin görülən işlərin keyfiyyətinə nəzarət sisteminə malik olması barədə arayışlar, ərizəçinin ölçü vasitələrinin və cihazlarının standartlara uyğunluğunu və yararlılığını təsdiq edən sənədlərin və lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növlərinin mülki məsuliyyətinin sığortalanmasını təsdiq edən sənədin (sığorta şəhadətnaməsinin) surətləri daxildir.