Evimizdən bir hasar, bir də günəbaxan qalmışdı…

1263

Doğulduğum torpaqla – Zəngilanla bağlı oradan çıxdığım yaşım qədər belə xatirəm yoxdur, iki-üç var, ya yox. Əslində, ailəmlə Zəngilandan çıxmamışdıq, canımızı götürüb qaçmışdıq. Valideynlərim məndən böyük bacılarımı (9 və 7 yaşlı) daha öncədən Bakıdan gələn qohumlarımızla yola salmışdılar. Geriyə 3 yaşlı qardaşımla mən qalmışdıq. Biz də 1993-cü ilin oktyabrında bəzi vacib əşyalarımızı götürüb üzü Bakıya doğru yol almışdıq.

Xatirimdədir, dayımın “Kamaz”ının “kuza”sında gəlirdim. Arada başımı qaldırıb yola baxırdım. Qaranlıqda yol kənarında dayanmış kişilərin təlaşlı halda “tez gedin, dayanmayın” səslərini eşidirdim. Beş yaşlı istənilən uşaq kimi baş verənləri tam dərk edə bilmirdim, bunları yarıoyun, yarıgerçək sanırdım. Amma indiyə qədər unutmadığım bir fraqment, bir dad var: Şura xala deyə tanıdığımız yaşlı qadın yola balaca qazanda aş da götürmüşdü. Mənə yedirtmək istədi, bir dəfə dadına baxdım və bu günə qədər o dadı hələ də unuda bilmirəm…

6 saat 38 dəqiqə…

Otuz ildən sonra doğma torpağıma qovuşmaq üçün bu qədər qısa zaman… Yola düşürəm, bu dəfə həyat yoldaşım və iki azyaşlı oğlumla oktyabrın 28-i Ağalıya qayıdan ata-anamı görmək üçün…

Atam zəng edib xəbər etmişdi bu sevincli hadisəni. Həsrətində olduğu torpaqları görəcəyi günü illərdir usanmadan sayırdı. Axı uzun zaman sonra o, atasının, anam da çox erkən həyatdan köçmüş hər iki valideyninin məzarını ziyarət edə biləcəkdi.

Yadımdadır, Ağalıya birinci köçdə gedə bilmədiyi üçün çox sarsılmışdı. Özü daim canfəşanlıq edir, hər yerdə deyirdi ki, mən mütləq qayıtmalıyam. Şükür Allaha, arzusuna çatdı.

Yolboyu ruhum Alim Qasımovun “Xatirədir” mahnısını oxuyur:

Niyə yanır bu ocaq?

Yanıb külü qalacaq.

Bilmirəm nə olacaq,

Olanı xatirədir.

Bu anda yoldaşım səsləyir: “Füzulidəyik artıq, az qalıb…”

Mənsə, yenə xəyallara dalıram… Evimizin həyətində oynayırıq, birdən tank gəlir. Tankın içərisindən çıxan hərbi geyimli gənc oğlan nəsə soruşur, atamla söhbətləşir, su içib gedir…

Saat 20:34-ü göstərir, Ağalıda “Ağıllı kənd”dəyik… Valideynlərim bizi sevinərək qarşılayır, uzun illər sonra yenidən burada ailə oluruq… Ətraf qaranlıq olduğundan Zəngilanda olduğumuzu belə tam anlaya bilmirəm, aya baxıb dərindən nəfəs alaraq evə keçirəm…

Sabahısı erkən oyanıb həyətə, ətrafa baxış keçirirəm. Hələ də inana bilmirəm ki, Zəngilandayam…Həmişə qurub-yaratmağı sevən atamın artıq gəldiyi günün səhəri ilk ağacı əkdiyini görürəm. Soruşanda deyir ki, əkdiyi hansısa gülün ağacıdır. Və gənc yaşlarında el-obasından didərgin düşən ağsaçlı atam nəvələri ilə yeni ağaclar əkməyə başlayır.

Zəngilana səfərim, həm də çox önəmli tarixə təsadüf edir – Zəfər Gününə!

Günün möhtəşəmliyindən əsl yay havası da xəbər verirdi. Sanki günəş də zəfər üçün parlayırdı… Saat 11-də Milli Ordunun 300 hərbçisinin iştirakı ilə yürüş başladı. Hərbçilərimizin yürüşünə kimisi evinin qarşısında Azərbaycan bayrağı ilə dəstək olurdu, kimisi alqışlarla, kimisi də qurban kəsməklə.

Bu zaman evinin önündə əlinə tarını alıb “Qarabağ şikəstəsi”ni ifa edən gənci görürəm. Yaxınlaşıb tanış oluram. Məhəmmədəli adlı bu gənc 18 yaşı olduğunu, atasının I Qarabağ müharibəsi qazisi olduğunu deyir. Xahiş edirəm ki, yenidən ifa etsin. Bu zaman onun üzündə qələbə qazanan əsgərlərin simasındakıtək sevinc və məğrurluq hissini görürəm. Məhəmmədəli üzündə xoş təbəssümlə illər sonra Zəngilanla bağlı gözəl xatirələrimdən birinə çevrilir.

Səfər müddətimiz 3 gün çəkdiyindən çalışıram uşaqlıqdan haqqında eşitdiyim bəzi yerləri görüm. Amma əsas istəyim 3 ilə yaxın qaldığımız köhnə evimizi görmək idi. Atamdan xahiş edirəm ki, gedib oranı görək. Bir az duruxsunur, amma mənə də yox deyə bilmir. Və, nəhayət, yeni evimizdən 1 km uzaqlıqda yerləşən, şəkillərdə gördüyüm köhnə evimizin darmadağın olmuş həyətindəyik.

Ermənilər buranı da talan edib, viran qoyublar, daşı daş üstündə qoymayıblar.

Atam görər-görməz “evi dağılsın bu ermənilərin, bircə hasarımızdan az hissə qalıb…Öz əllərimlə hörmüşdüm” deyəndə həyətimizdə yenə oynadığım günlər, ata-anamın isə əkin-biçinlə məşğul olduğu xatirimə gəlir, bir də günəşə gülümsəyən günəbaxanlar…

Bir zamanlar bizə yuva olan evimiz, sən demə, erməni vandallarının stadionu olub… Bu acı mənzərəni seyr edərkən adamın ürəyi ağrıyır. Əsəbiləşib hiddətlənirsən, kövrəlirsən, axı bundan savayı əlindən başqa bir şey gəlmir…

Bütün bunlara baxmayaraq, qalib ölkənin vətəndaşları kimi, tarixin yenidən üzümüzə güldüyü bu anı ölümsüzləşdiririk.

Bir az yuxarı çıxıram, gözüm bacılarımın oxuduğu məktəbə sataşır, burada hazırda özəl şirkətlərdən biri fəaliyyət göstərir. Belə ki, şirkət “Ağıllı kənd” layihəsi konsepsiyası çərçivəsində layihələndirmə, tikinti və onun tam təhvil verilməsini həyata keçirib.

Keçmiş məktəblə indi anbar kimi istifadə olunan evimiz arasındakı yolda gördüyüm mənzərə isə məndə şok effekt yaradır. Xarabalığa çevrilmiş, daş-kəsəkdən ibarət evimizin lap başında bitən günəbaxan üzümü güldürür… Düşünürəm, bu, bir təsadüfdür, yoxsa otuz il sonra buralarda həyatın yenidən başlamasına bir işarədirmi?!

Bu anda göz önümə yenə tankdan düşən həmin gənc gəlir. Hər zaman uşaqlıq təxəyyülümdür deyə düşündüyüm, haqqında valideynlərimə danışmadığım hadisənin real olduğunu öyrənmiş oluram.

“Onu tanımırıq, kəndçimiz olub. Müharibəyə gedirdi. Bu yoldan keçəndə geyimlərini və əmək kitabçasını bizə verdi ki, qayıdanda götürəcək. Qaçhaqaçda sənədi də bizim evdə qaldı. Üstündən 30 il keçib, adını belə unutmuşuq…”, – Anam deyir.

Daha sonra Zəngilanda dillər əzbəri olan, allergiya və mədə xəstəliyindən əziyyət çəkənlərin üz tutduğu “Qotursu” bulağına gedirik. Mineral su bulağının ərazisində payızın bütün rənglərinin şahidi olmaq mümkündür. Bir qrup şəxsin piknik təşkil etdiyi bulaq kənarında qəzet parçası görürəm, üzərində yazılıb: “Ermənistan məğlubiyyətini niyə həzm edə bilmir?”

Üzümüzdə gülüş yaradan bu subliminal mesaj ürəyimizə yağ kimi yayılır!

Sonda isə Şəhidlər xiyabanına baş çəkməyi özümüzə borc bilirik. Dağın başında uyuyan, bu möhtəşəm, tarixi günləri bizə yaşadan şəhidlərimizin ruhuna dualar oxuyuruq. Artıq əminik ki, əbədiyyətə qovuşmuş şəhidlərimizin ruhu daha da rahatdır.

Səfərimiz yekunlaşır. Yola çıxanda arxamızca su atan anamın yanında dayanan atam qürurla deyir: “Novruzda gələrsiz, kənddə bayramı keçirmək bir başqa gözəl olur”.

Mütləq gələcəyik, ata!..

Aynur Baxşalıyeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər