Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qan xəstəliklərinə görə dispanser qeydiyyatına götürülən xəstələrin sayı 27 523 nəfərə çatıb.
Virtualaz.org-a saytı xəbər verir ki, bunu institutun direktoru Zöhrə Əlimirzəyeva ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Z.Əlimirzəyeva qeyd edib ki, ötən il ilkin olaraq 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb. Xəstəlik aşkarlananların 603 nəfəri böyüklər, 84 nəfəri isə uşaqlardır. “Hazırda dispanser qeydiyyatında olan hemoblastozlu xəstələrin sayı 2233 nəfər, qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş uşaqların sayı 313 nəfərdir”, – direktor əlavə edib.
Tədbirdə qan donorları ilə bağlı məlumat verilib. Z. Əlimirzəyevanın sözlərinə görə, ötən il Mərkəzi Qan Bankı üzrə donor sayı 44 957 nəfər, respublika üzrə donor sayı 85 253 nəfər olub. İl ərzində 40670,5 litr qan tədarük edilib.
Nikahqabağı müayinədən isə 135990 nəfər keçirilib. Onlardan 3891 nəfərdə talassemiya daşıyıcılığı, 449 nəfərdə sifilis, 119 nəfərdə QIÇS aşkar edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41 olub. Bu cütlüklərin 39-u instituta müraciət edib, 22 nəfər hamiləlik zamanı prenatal diaqnostika olunub.
İnstitut direktoru onu da söyləyib ki, nikahdanöncə müayinələrin tətbiq edildiyi gündən indiyədək 373680 nəfər müayinəyə cəlb edilib. Onların 14364-ündə talassemiya daşıyıcılığı, 1349-unda sifilis, 293-ündə QIÇS aşkarlanıb. 134 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyən edilib. Bu cütlüklərin 86-sı instituta müraciət edib, 44 nəfər hamiləlik zamanı prenatal diaqnostika olunub. Onlarda 11 xəstə, 26 daşıyıcı və 7 sağlam döl müəyyənləşdirilib.
Z.Əlimirzəyeva qan xəstəlikləri üzrə tətbiq edilən dövlət proqramları haqqında da məlumat verib. Onun sözlərinə görə, dövlət tərəfindən pulsuz dərmanlar verilir. Talassemiya ilə mübarizəyə dair dövlət proqramlarının həyata keçirilməsi, həmçinin profilaktik tədbirlərdən sonra talassemiyalı uşaqların doğulması, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.