Eyruz Məmmədov: “Bu iğtişaşların kadrarxası məqamları daha çox idi”

1634

Əməkdar jurnalist Eyruz Məmmədov Azərbaycanda yazıçı-publisist kimi yaxşı tanınır. 30 ildir ki, o, məlum Sumqayıt hadisələrinin tədqiqatı ilə məşğuldur. Müəllif “28-dən 29-na keçən gecə”, “Erməni təxribatı”, “Ermənilərin Sumqayıtda qanlı aksiyası”, “İyirmi ildən sonra”, “Sumqayıt hadisələrinin sirləri: faktlar, mülahizələr, şərhlər”, “Sumqayıt, 1988. Cinayət və cəza” (Ramazan Məmmədovla birlikdə) kitablarının, “Sumqayıtın əks-sədası” tammetrajlı, “Sumqayıtın əks-sədası-2” (beş seriyalı), “Sumqayıt”, “Sumqayıtın bir axşamı” sənədli filmlərinin ssenari müəllifidir. Əsərləri türk, rus, alman, ingilis, ispan dillərinə tərcümə olunub. Sumqayıt hadisələrinin 30 illiyi ərəfəsində Eyruz Məmmədovla müsahibəni oxuculara təqdim edirik.  

– Eyruz müəllim, 1988-ci il fevral ayının 27-29-da erməni ekstremistləri Sumqayıtda təxribat törədərək qan tökdülər. Nəticədə 32 nəfər insan qətlə yetirildi. Siz respublikada ilk jurnalistsiniz ki, 30 ildən bəri bu hadisələrlə bağlı araşdırmalar aparırsınız. Sumqayıtda iğtişaşlar törədən həqiqətənmi erməni ekstremistləri idi, yoxsa onları idarə edən qüvvələr var idi?

– Sumqayıtda baş verən hadisələrin kökü çox dərinlərə gedib çıxır. Bu haqda çox danışıb vaxtınızı almaq istəmirəm. Bu qanlı aksiyanın, sifarişçiləri Moskvada, Kremldə əyləşmiş ermənipərəst qüvvələri idi. Diqqətlə düşünülmüş və planlaşdırılmış təxribatın təşkilatçıları isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, Ermənistanın xüsusi xidmət orqanları və “Daşnaksütyun” partiyasının millətçi qüvvələri idi.

– Müsahibələrinizin birində demisiniz ki, əməliyyatın adını “Nalyotçik” (Basqınçı) qoymuşdular. Bu, doğrudurmu?

– Bəli. 1988-ci il fevral ayının ortalarında Sumqayıta SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən polkovnik Paponinin rəhbərliyi altında 30 nəfər əməkdaş ezam olunmuşdu. Yerli təhlükəsizlik komitəsi agenturasının verdiyi məlumatlara görə, yaxınlarda Sumqayıta erməni millətindən olan ekstremist qrupların gələcəyi və burada iğtişaşlar törədəcəyi gözlənilirdi, odur ki, Moskvadan gəlmiş nümayəndələr yerli təhlükəsizlik komitəsinin əməkdaşlarına hadisələrə müdaxilə etməyi qəti qadağan etdilər. Sumqayıtda 32 nəfər qətlə yetiriləndən sonra onların hamısı təcili olaraq şəhəri tərk etdilər. Moskvaya qayıdan SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşlarının rütbələri artırıldı, vəzifələri yüksəldi. Hətta onlardan biri Boris Yeltsinin prezidentliyi dövründə baş nazir postuna yiyələndi.

– Sizi Sumqayıtda baş verən hadisələrin izinə düşməyə nə vadar etdi? 

– Bakıda anadan olsam da, 5 yaşımdan Sumqayıtda yaşayıram. Burada böyümüşəm, tərbiyə almışam, həyatım bu şəhərdə formalaşıb. Sumqayıt mənim üçün dünyanın ən gözəl şəhərlərindən biridir. Ermənilərin mənfur niyyətini ifşa etmək üçün mərhum dostum, tanınmış kinorejissor Davud İmanovla sənədli film çəkmək qərarına gəldik.

Belə qənaətə gəlmişdim ki, bu, Moskvanın, Qorbaçovun dediyi kimi bir qrup “xuliqan”ın yox, böyük siyasi qüvvələrin və kəşfiyyat orqanlarının işidir. Çünki azyaşlı uşaqlar iri sənaye şəhərində bu cür dəhşətli və qanla nəticələnən təxribat törədə bilməzdilər. Sifarişçiləri, təşkilatçıları və icraçıları tapmaq, onları ifşa etmək isə olduqca çətin bir missiya idi. Bilirsiniz ki, 1990-cı illərin əvvəllərində SSRİ kimi nəhəng bir ölkə dağılmaq üzrə idi. Hərc-mərclik baş alıb gedirdi. Dırnaqarası demokratlar milli zəmində konfliktlər yaradaraq təxribat törətməklə məşğul idilər. Onların əksəriyyəti qərb dövlətlərinə casusluq edirdilər. Tez-tez xarici ölkələrə səfər edir, təlimatlar alır, maliyyələşirdilər. Belələrinə Boroviki, Afanasyevi, Nuykini, Starovoytovanı, Popovu və başqalarını misal göstərmək olar.

Sumqayıtda baş verən hadisələrdən dərhal sonra qərb dövlətlərində ermənilərin təbliğat mexanizmi işə düşdü. Onlar dünya ictimaiyyəti arasında azərbaycanlıları başkəsən, quldur, qaniçən bir millət kimi qələmə verərək Azərbaycan haqqında mənfi imic yaratmaq istəyirdilər. Etiraf etmək lazımdır ki, 1990-cı illərin əvvəllərində onlar buna nail ola bildilər. Burada İngiltərədə nəşr olunan “Sunday Times” qəzetindən aşağıdakı sətirlər yada düşür: “Azərbaycanlılar ermənilərdən zəif və gücsüz deyillər. Azərbaycanlılar informasiya müharibəsində ermənilərdən zəif və gücsüzdürlər”. İndi artıq üstündən 30 il vaxt keçib. Sular durulur. Gerçəklər üzə çıxır, Azərbaycan həqiqətləri inamla dünyaya yayılır. Xalqımızın sülhpərvər bir xalq olduğu isə artıq danılmaz səciyyə daşıyır.

– Mərhum akademik, Sovet
İttifaqı Qəhrəmanı Ziya Bünyadovun həmin illər “Elm” qəzetində “Niyə Sumqayıt?” adlı analitik məqaləsi dərc olundu və bu, Ermənistanda böyük rezonans yaratdı. Sizə sual vermək istəyirik. Doğrudan da, niyə məhz Sumqayıt?

– Bilirsiniz, hər şey Dağlıq Qarabağdan başlandı. Qorbaçov hakimiyyətə gələndən sonra onun ətrafına ermənipərəst qüvvələr toplandı. Şahnazarov, Aqanbekyan,   Sitaryan onun ətrafına yerləşdilər. Bu qüvvələr xaricdə yaşayan erməni lobbisinin yaxından köməkliyi və Qorbaçovun razılığı ilə Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistanın tərkibinə qatılması haqqında fikri ortaya atdılar və bunun üzərində ciddi işləməyə başladılar. Lakin qarşıda bir maneə vardı – SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini, Sov. İKP Mərkəzinin Komitə Siyasi Bürosunun üzvü Heydər Əliyev! Onu tutduğu vəzifələrdən uzaqlaşdırmayana qədər bu məsələ həllini tapa bilməzdi. Məhz buna görə də məkrli niyyət bir neçə il yubandı. Heydər Əliyev 1987-ci ilin oktyabr ayında tutduğu vəzifələrdən istefa verdikdən sonra ermənilərin böyük təbliğat kampaniyası işə düşdü. Xaricdə və SSRİ-də bir sıra ermənipərəst kütləvi informasiya vasitələri tarixi təhrif edərək, Azərbaycanın əleyhinə böhtan dolu materiallar dərc etməyə başladılar. M.Qorbaçov bu çirkin kampaniyanın qarşısını almaq əvəzinə, 1988-ci ildə Amerikada rəsmi səfərdə olarkən erməni icması ilə görüşündə Dağlıq Qarabağın taleyini ermənilərin xeyrinə həll edəcəyinə söz verdi. Bunun müqabilində erməni milyonerləri Qorbaçova çox qiymətli rəsm əsərləri, onun xanımı Raisa Maksimovnaya isə brilyant qolbağı hədiyyə etdilər. Bununla belə, Azərbaycan tərəfindən qəti etirazlar olunduğunu   görüb Sumqayıt kartından istifadə etdilər.

Sumqayıt fəhlə şəhəri idi. Sovetlərin vaxtında bu şəhəri kimya poliqonuna çevirmişdilər. Həmin vaxtlar SSRİ Kimya Sənayesi naziri erməni millətindən olan Kostandov idi və o, Sumqayıt şəhərinin “qara dumana” bürünməsində, sakinlərin təmiz hava əvəzinə “xlor”la nəfəs almasında böyük canfəşanlıq göstərərək, başqa respublikaların imtina etdiyi zərərli sex və istehsalatların burada tikilməsi üçün əlindən gələni edirdi. Ətrafa qatı zəhər buraxan “Lindan” qurğusunu buna misal göstərmək olar. Altı ay istismarda olan bu sexdə çalışan yüzlərlə gənc oğlan və qız sağalmaz dərdlərə düçar olmuşdu. Məqsədyönlü şəkildə milli genefondumuz hədəfə alınmışdı. Üstəlik, sənaye inkişaf etdirilir, amma mənzil tikintisi geridə qalırdı. Təsəvvür edin, 1988-ci ildə Sumqayıtda mənzil növbəsində 17 min ailə  dayanmışdı, 2 min ailə gecəqondularda anti-sanitariya vəziyyətində yaşayırdı. Sumqayıt bir yaşına qədər uşaqların ölüm göstəricisi üzrə ittifaq miqyasında birincilər sırasında gedirdi. Cinayət törətdiyinə görə icbari iş alan bir neçə min şəxs də Sumqayıtda yaşayırdı. Həm də bura 80-dən çox millətin nümayəndələrinin  ünvanı idi. Bütün bunlar məhz Sumqayıtda etnik zəmində konflikt yaratmaq üçün daha münbit zəmin yaratmışdı.

– Siz qeyd edirsiniz ki, Sumqayıtda iğtişaşları törədənlər erməni ekstrimistləri idi. Kim idi onlar? 

– Milli Təhlükəsizlik Nazirliyinin və Respublika Baş Prokurorluğunun arxiv materiallarından aydın olur ki, Sumqayıtda həqiqətən bir qrup erməni ekstremist iğtişaşlarda fəal iştirak etmişdir. İstintaq zamanı ekstremist qruplaşmanın 5-6 nəfər üzvü tutulmuşdu və azərbaycanlı müstəntiqlər onlar haqqında cinayət işi qaldırmışdılar. Bu haqda SSRİ daxili işlər naziri Vlasova şifroqramla məlumat verilmişdi. Nazir də öz növbəsində izi itirmək üçün Rusiyanın ayrı-ayrı regionlarında çalışan erməni millətindən olan müstəntiqlərini Sumqayıta ezam etmişdi. Azərbaycanlı müstəntiqlərə işdən kənarlaşdırılmış və təxribatçılar haqqında materiallar erməni müstəntiqlərinə verilmişdir. Bir həftədən sonra həmin qruplaşma üzvləri əməllərində cinayət xarakterli fakt və dəlillər “tapılmadığına” görə azad edilmişdilər. Əlimizdə ekstremist qrupu üzvlərinin siyahısı vardır. Onlardan bir neçəsinin adını və familiyasını, iğtişaşlar zamanı Sumqayıtda hansı mövqe tutduqları haqqında oxuculara məlumat vermək pis olmazdı.

Levon Saturyan, DQMV  Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı, “Qarabağ” komitəsinin fəal üzvü. Milli zəmində antiazərbaycan təbliğatı ilə məşğul olur, Dağlıq Qarabağda və Sumqayıtda baş verən hadisələr haqqında Ermənistanın xüsusi xidmət orqanlarına informasiyalar ötürürdü.

Eduard Mosesov və Arkadi Qriqoryan Yerevanda nəşr olunan “Kommunist” qəzetinin müxbirləri, Sumqayıtda baş verən hadisələrin foto-video çəkilişləri ilə məşğul olurdular.

Albert Qriqoryan, iğtişaşlarda iştirak edən yetkinləşməmiş gənclərə narkotik vasitələr paylayırdı.

Qoqar Bomasyan, Sumqayıtda “Ermənilərə ölüm” şüarı ilə gəncləri qətllərə və qarətlərə cəlb etməklə məşğul idi.

Bu siyahını uzatmaq da olar. Bir faktı da oxucuların diqqətinə çatdırmaq istəyirəm. Petrosyan və Poqosyan soyadlı iki erməni 1988-ci ildə Rusiyada ağır cinayət  törətdikləri üçün ümumittifaq axtarışında olublar. Onlar da erməni millətçilərinin vasitəsilə Sumqayıtda iğtişaşlarda fəal iştirak etmək üçün şəhərimizə göndərilmişdi. Göründüyü kimi, ekstremist qruplaşmanın hər üzvünün konkret vəzifəsi vardı.

Robert Arakelovun “Dağlıq Qarabağ: faciənin günahkarları bəllidir” adlı kitabı nəşr olunmuşdur. Həmin kitabda göstərilir: “İş yerimdə radio işləmədiyindən qonşu otağa keçmişdim. Sonra məni rəis yanına dəvət etdi və Yerevandan gedən xəbərlərlə maraqlandı. Dedi ki, rabirə nazirini təsdiq etməlidirlər. Bu, o nazirdir ki, Sumqayıtda kameraların harada quraşdırılmasına, video və foto çəkilişlərə şəxsən rəhbərlik edərək, bu işin öhdəsindən layiqincə gəlmişdir”. Aşkar göründüyü kimi, hər şey əvvəlcədən planlaşdırılmışdı.

Burada bir haşiyəyə çıxmaq istərdim. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin sabiq əməkdaşı Y.Qolosilkin hüquq-mühafizə orqanlarına verdiyi izahatında yazır: “Sumqayıtda kameraların quraşdırılması haqqında məlumat əldə etdik. Bu haqda SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə məlumat verdik. Əfsuslar olsun ki, bizim məlumatımızı cavabsız qoydular. DTK sədrinin birinci müavini Filipp Bobkov Bakıya gəldi və Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində müşavirə keçirdi. Mən axırda tribunaya qalxıb çıxış etdim. Dedim ki, Sumqayıt hadisələri əvvəlcədən düşünülmüş, xüsusi kəşfiyyat orqanları tərəfindən hazırlanmış bir aksiya idi. Hadisələrin gedişi, xarakteri, hazırlığı bunu sübut edirdi.

Çıxışımdan sonra Bobkov məni yanına çağırdı və dediklərimin doğru olduğunu təsdiq etməyi tələb elədi. Mən ona dedim ki, bizdə olan informasiyaları SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə göndərmişik, ancaq heç bir cavab verilməyib. Görüşdən sonra mənə Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğul olmağı qadağan etdilər”. Belə misalları çox gətirmək olar. SSRİ “KQB”-sinin dəst-xətti aydın görünür.

– Erməni millətindən olan Eduard Qriqoryanı çoxları Sumqayıt hadisələrinin təşkilatçısı kimi qəbul edirlər. Siz bu fikirlə razısınızmı?

– Qətiyyən yox! İki dəfə “xuliqanlıq” üstündə məhkum olunmuş, tüfeyli həyat sürən   E.Qriqoryan bir neçə gün ərzində, böyük bir sənaye şəhərində iğtişaşlar təşkil edə bilməzdi. Belə hadisələri kəşfiyyat orqanları aylarla planlaşdırır, lazımi qüvvələri cəlb edir, maddi vəsait ayırır, xüsusi təxribatçı qruplar hazırlayır və sair. Qriqoryan sadəcə icraçı idi. Bir faktı da qeyd edim ki, Eduard Qriqoryan 1988-ci il, fevral ayının ortalarında Stepanakertdə olmuş, Ermənistanın hazırkı prezidenti Serj Sərkisyandan siyahı almışdır. Bu, Sumqayıtda yaşayan və “Krunk” cəmiyyətinə aylıq üzvlük haqqı ödəməkdən imtina edən ermənilərin siyahısı idi. Hadisələr başlayanda məhz həmin evlərə hücum olundu, insanlar qətlə yetirildi, mənzilləri qarət olunub yandırıldı. Təşkilatçılar hadisələrdə iştirak edən ekstremist qrupu məharətlə idarə edirdilər.

– “Krunk” cəmiyyətinin millətçi ideyaları, “Dənizdən dənizə Böyük Ermənistan” xülyaları hamıya bəllidir. Sumqayıtda onların fəaliyyəti haqqında nə deyə bilərsiniz? 

– Sumqayıtda onların böyük bir şəbəkəsi fəaliyyət göstərirdi. Səhiyyə şöbəsində qaraj müdiri Karlen Babayan, idman dispanserinin baş həkimi Avakyan, superfosfat zavodunda növbə rəisi Babayan, boru-prokat zavodu baş mühəndisinin müavini Osipov, kimya istehsalat birliyində sex rəisi Abramyan, təhsil şöbəsində çalışan müəllim Beknazaryan və sair. Onlar Sumqayıtda “Krunk” cəmiyyətinin özəyini təşkil edirdilər. Şahidlərin birindən misal çəkim: 1988-ci ildə, 12-ci mikrorayonda yerləşən poçtda çalışan M.Sarokinanın hüquq-mühafizə orqanlarına verdiyi izahatda qeyd olunur ki, o, çalışdığı kollektivdə Jenya Arustamyanın və Raisa Mejlumyanın millətçi olduqlarının, başqa millətlərə nifrət bəslədiklərinin    canlı şahidi omuşdur. Hadisələrdən xeyli əvvəl Sarokina onları poçt xidmətinin rəis müavini Alena Balayanın yanında görmüşdür. Erməni dilində nədənsə söhbət edirdilər. Balayanın stolunun üstündə bir kip qəbz vardı. Bu 10-15 manatlıq köçürmələr idi. Hamısı da Stepanakertə. Balayan maliyyə məsələlərinə baxmadığından ona irad tutdum ki, bu qəbzləri neynirsən və cavabında məndən otağı tərk etməyi tələb etdi. Sumqayıtda baş verən hadislərdən sonra məlum oldu ki, bu pullar Stepanakertdə fəaliyyət göstərən “Krunk” cəmiyyətinə üzvlük haqqı kimi göndərilirmiş. Daha bir misal. Səhiyyə şöbəsinin qarajında çalışan R.Rzayevin dediklərindən: “Karlen Babayanın yanına Ermənistandan və Dağlıq Qarabağdan bir neçə maşınla 7-8 nəfər erməni gəldi. Onların kimliyini soruşanda   Karlen cavab verdi ki, qohumlarımdır. O vaxt bunlara ciddi əhəmiyyət vermirdim. Dağlıq Qarabağ hadisələri qızışandan sonra qarajımızda çalışan ermənilərin bizə qarşı münasibətləri tamamilə dəyişdi. 1988-ci il fevral ayının ortalarında Karlenin kabinetinə tez-tez ermənilər toplaşır, kənar şəxsləri içəri buraxmırdılar. Burada bir neçə dəfə Eduard Qriqoryanı da görmüşdüm. Onların hamısı “Krunk” cəmiyyətinin üzvləri idi, burada siyahı tutur, pul toplayırdılar. Bir gün erməni millətindən olan Dimanın boksunda kustar üsulla hazırlanmış millətçi şüarlara rast gələrək ona dedim: “Axı, sən Sumqayıtda anadan olmusan, burada böyümüsən. Sənin nə marağın var ki, azərbaycanlılara qarşı təbliğat aparırsan?” O mənə qərəzli şəkildə belə cavab verdi: “Baxarsan, Sumqayıtda nələr olacaq”. Hadisələrdən   əvvəl qarajda çalışan ermənilər Sumqayıtı tərk etdilər. Bəli, fevralın 27-29-da qətlə yetirilən ermənilər “Krunk” cəmiyyətinə üzvlük haqqı ödəməkdən imtina edənlər idi.

– “Sumqayıtın əks-sədası” sənədli filmindən aydın olur ki, hadisələrdən bir neçə saat əvvəl sovet qoşunu Sumqayıta yeridilmişdi. Məgər silahlı əsgərlərin qüvvəsi ilə iğtişaşların qarşısını almaq olmazdımı? 

– Olardı. Lakin bu siyasi bir oyun idi və Azərbaycana qarşı yönəlmişdi. Sənədli filmi çəkərkən SSRİ Müdafiə naziri D.Yazovdan soruşmuşduq ki, “niyə sovet əsgərləri kənarda dayanıb hadisələri sakitcə seyr edirdilər”. O, cavabında bildirdi ki, “qoşunların hadislələrə müdaxilə etməsi və komendant saatının tədbiq olunması üçün Ali Baş Komendandan (M.Qorbaçov) əmr alınmalıdır. Əmr olmadan mən komandant saatı elan edə bilməzdim”. Onlara ermənilərin meyitləri lazım idi ki, bundan siyasi məqsədlər üçün istifadə etsinlər.

– Həmin film 1990-cı illərdə çəkilib və böyük səs-küyə səbəb olub. Ermənilər bunun Ermənistana, onun xalqına qarşı böhtan, habelə Sumqayıtda ermənilərə qarşı “soyqırımı” ört-basdır etmək üçün sifarişli bir film olduğunu bəyan edirdilər. Həm də həmin dövrdə film çəkmək çox riskli idi. 

– Elədir. Bir sıra xoşagəlməz hadisələrlə üzləşdik, açığını deyim ki, bizi qorxudanlar da tapıldı, təzyiq edənlər də. Lakin ümidsizliyə qapılmamağa, məqsədimizdən geri dönməməyə çalışırdıq. Bilirsiniz ki, Eduard Qriqoryan Sumqayıtda 6 ermənini qətlə yetirmişdi və ona 12 il həbs cəzası verilmişdi. Erməni millətçiləri, xaricdə yaşayan havadarları kütləvi-informasiya vasitələrində hay-küy qaldıraraq, belə iddia irəli sürürdülər ki, guya Azərbaycanın cəzaçəkmə məntəqəsində Qriqoryana dözülməz işgəncələr verilir. Bu işdə S.Kaputikyan, Z.Balayan, Q.Starovoytova xüsusi canfəşanlıq göstərərək, ölkə rəhbərliyindən və hüquq-mühafizə orqanlarından tələb edirdilər ki, Qriqoryan Rusiyanın hər hansı bir cəzaçəkmə məntəqəsinə köçürülsün. Onlar buna da nail oldular. Beləliklə, Qriqoryanı Stavropol vilayətinin Budyonnovsk şəhərindəki həbsxanaya köçürdülər. Biz həmin şəhərə yollananda orada çəkiliş qrupumuza qarşı təxribat törədildi. Erməni millətindən olan bir neçə nəfər operatorumuz və sürücümüzlə dava saldı. Sonradan bizə məlumat verildi ki, bunu ermənilər bilərəkdən ediblər.

Moskvada da bir neçə hadisə ilə rastlaşdıq. Qaldığımız mehmanxanada axtarış aparıldı. Aeroportda kasetlərimizi müsadirə etdilər, ancaq bu, surəti çıxarılmış nüsxələr idi. Kasetlərin əslini başqa yolla Azərbaycana çatdırmışdıq. O zaman hələ Moskvada yaşayan ulu öndər Heydər Əliyevdən müsahibə almaq qərarına gəldik. 1991-ci ilin yayı idi. Yaşadığı binanın həyətində onunla görüşdük. Bizə belə bir sual verdi: “Siz Azərbaycandan ilk jurnalistlərsiniz ki, məndən müsahibə alırsınız. Qorxmursunuzmu, mənə görə sizi incidərlər?” Davud İmanov ona belə cavab verdi: “Heydər Əliyeviç, siz 13 il respublikaya, 6 il ölkəyə rəhbərlik etmisiniz. Biz sizin nüfuzunuza arxayın olub gəlmişik”. Heydər Əliyev gülümsündü, sonra Dağlıq Qarabağ, 20 Yanvar və Sumqayıt hadisələrini ətraflı təhlil etdi. SSRİ rəhbərliyinin Azərbaycana qarşı birtərəfli, subyektiv mövqe tutduğunu, ermənilərin əsassız torpaq iddiasını dəlillərlə sübut edərək onları ifşa elədi.

Müsahibə qurtardıqdan sonra Davudla “Jiquli” maşınına əyləşib yola düşdük. Təxminən 5-6 kilometr yol getmişdik ki, qarşımızı qara rəngli bir “Raf” kəsdi. Bu, “KQB”-nin əməkdaşları idi. Qapılar açıldı və bizi “Raf”a otuzdurub Lefortovoya apardılar. Bizi orada 3 saat saxladılar. O vaxtlar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin mətbuat xidməti rəhbəri vəzifəsində çalışan, Rusiyada, habelə xaricdə yaxşı tanınan jurnalist Fərhad Ağamalıyevin köməkliyi ilə Lefortovodan azad edildik. O, dünyanın bütün
aparıcı kütləvi informasiya vasitələrinin, telekanalların nümayəndələrini Lefortovonun qarşısına topladı və orada mitinq başlandı, şüarlar səsləndi. Beləcə, bizi buraxdılar. Bir sözlə, kadrarxası hadisələr çoxdur. Biz həmçinin Mərkəzi Komitənin katibi, Siyasi Büronun üzvü Y.Liqaçovdan, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, Siyasi Büronun üzvü  B.Kryuçkovdan çətinliklə də olsa, müsahibə ala bilmişdik. Mərkəzi Komitənin katibi, Siyasi Büronun üzvü Aleksandr Yakovlev  müsahibə zamanı demişdi ki, “Kryuçkovun özü provakatordur”. Hətta yapon jurnalistlər həmin kasetləri bizdən 5 min Amerika dollarına almaq istədilər. Razı olmadıq, qiyməti 10 mniə qaldırdılar. Onlara yox deyib, ayrıldıq. Kaset satılsaydı, sənədli filmdə böyük bir boşluq yarana bilərdi.

– Siz Sumqayıtda baş verən hadisələrlə bağlı 10-a yaxın kitabın və bir neçə sənədli filmin müəllifisiniz. Ermənilərin reaksiyası haqqında nə deyə bilərsiniz?

– Ermənilər istər sənədli filmimizi, istərsə də kitablarımı həmişə tənqid atəşinə tutublar. Professor Ramazan Məmmədovla birgə yazdığımız “Sumqayıt,1988. Cinyaət və cəza” adlı kitabımız bir neçə xarici dilə tərcümə olunub. Elektron poçtuma Ermənistandan, Rusiyadan, İsveçrədən, Kanadadan çoxlu sayda məktublar daxil olmaqdadır. Məni millətçi adlandırır, ermənilərə böhtan atdığımı bildirir, bəzən hədə-qorxu gəlirlər. Nəticə budur ki, əgər tədqiqatlarımla erməniləri, onların havadarlarını qıcıqlandıra bilmişəmsə, deməli, dəlil-sübutlarım hədəfə dəyib.

– Sizin Sumqayıt Dövlət Universitetinin prorektoru, professor Ramazan Məmmədovla birgə yazdığınız “Sumqayıt,1988. Cinayət və cəza” adlı analitik kitabınız hətta Meksikada nəşr olunub və ölkəmizin müasir tarixini, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini tam reallıqları ilə əks etdirir.

– Bəli. Mən Azərbaycanın Meksikadakı səfirliyinin rəhbərliyinə və əməkdaşlarına bu kitabı ispancaya çevirib çap etdiklərinə, xarici işlər nazirliyinə isə həmin kitabı 24 ispandilli ölkədə yaydığına görə dərin təşəkkürümü bildirirəm. Kitabın ön sözünü Meksika parlamentinin üzvü, Latın Amerikası və Karib Hövzəsi ölkələrinin Siyasi Partiyalarının Daimi Konfransının vitse-prezidenti, senator Qustavo Karvaxal yazıb. Ön sözdə deyilir: “Azərbaycan Ermənistan və keçmiş SSRİ kimi işğalçılar tərəfindən təcavüzkar hücumlara və əsassız tarixi iddialara məruz qalmışdır. Bu gün Azərbaycan sülh və ədalət tələb edir. Heç bir şey ədalətdən üstün ola bilməz. Zorakılıq ədalətə ən uzaq olan şeydir və qəbuledilməzdir”.

Onu da məmnuniyyətlə bildirmək istəyirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə  Baş Prokurorluq Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələyib və araşdırmanın hərtərəfli aparılması üçün yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən Sumqayıt hadisələrinin çoxsaylı şahidlərinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən SSRİ Prokurorluğunun istintaq qrupuna daxil olan şəxslərin ifadələri alınmış, xarici ölkələrə müvafiq sorğular göndərilmiş, arxiv sənədləri açılmış, mətbuatda verilmiş məlumatlar təhlil edilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri görülmüşdür. İstintaq işinin təzələnməsi və yeni-yeni təkzibolunmaz faktların aşkara çıxarılması həmin cinayətin üstündən qara pərdənin tam götürülməsinə xidmət edir. Bizimsə borcumuz həmin faktlardan istifadə etməklə erməni məkrinin əsl mahiyyətini yazıb dünya ictimaiyyətinə çatdırmaqdır.

Müsahibəni qələmə aldı:
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər