“Azəri” nəşriyyatında respublikanın Əməkdar jurnalisti, yazıçı-publisist Eyruz Məmmədovun “Sumqayıtım, dünənə boylan!” adlı tarixi-publisistik kitabı nəşr edilmişdir.
Kitabda müəllifin hələ gənc yaşlarında ikən – şəhər qəzetində çalışarkən bir jurnalist “şakəri” olaraq Sumqayıta dünyanın, xüsusilə də SSRİ-nin hər yerindən qonaq gələn elm, ədəbiyyat və incəsənət xadimləri və digər məşhur adamlarla görüşüb, qəribə bir uzaqgörənlik edərək, yeri düşdükcə onlardan müsahibə almış və şəhər qəzetində dərc etdirmişdir. Həmin müsahibələr bizə və bugünkü gənc nəslə Sumqayıtımızın sosial-mədəni həyatının dünənini aydınlığı ilə göstərir. O müsahibələr ilk növbədə ona görə maraq doğurur ki, müəllif özünün müsahibini çox yaxşı tanıyaraq və bəzən də bir fanat kimi sevərək verdiyi sualların özü maraqlı, düşündürücü olmaqla qeyri-adidir. Bütün müsahibələrdə və kitabda dərc edilmiş digər məqalələrdə Eyruzun böyüyüb, boya-başa çatdığı bu şəhərə – doğma Sumqayıta, onun adamlarına böyük, sonsuz sevgisi çox aydın hiss olunur.
Kitabda kimlər və nələr yoxdur, kimlərdən və nələrdən söhbət açılmır?!. SSRİ Elmlər Akademiyasının prezidenti, böyük elmi nailiyyətlərinə görə hələ çox gənc ikən – 35 yaşında Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş Lenin mükafatı laureatı Mstislav Keldış, türk əsilliəfsanəvi ikinci sovet kosmonavtı German Titov, SSRİ-nin çox sevilən aktyorları Vsevolod Sanayev, Nikolay Olyalin, Natalya Fateyeva, Stanislav Lyubşin, görkəmli sovet bəstəkarları Tixon Xrennikov, Dmitri Kabalevski, məşhur müğənnilər Lev Leşşenko, Vaxtanq Kikabidze, Əfqanıstanın sabiq dövlət başçısı Babrak Karmalın həyat yoldaşı Məhbubə Karmal, Sumqayıtın qardaşlaşdığı Lüdviqshafen şəhərinin meri Doktor Lüdviq, SSRİ-nin futbol üzrə yığma komandasının kapitanı İqor Netto, Azərbaycanın məşhur sənət adamları – Əliağa Ağayev, Nəsibə Zeynalova, böyük vətənpərvər yazıçı Mirzə İbrahimov, şair Nəriman Həsənzadə, Sumqayıtın ilk rəhbərlərindən olmuş Kamran Hüseynov, sumqayıtlı xalçaçı rəssam Fazil Abbasquluzadə və digərləri.
Topluda Eyruzun ədəbi düşüncələrinə, müxtəlif müsahibələrə, Sumqayıt hadisələrinə, 20 Yanvar faciəsinə və digər mövzularda məqalələrə də geniş yer ayrılmışdır. Nəşrin redaktoru tanınmış yazıçı-publisist Arif Ərşaddır.
Kitabla tanış olanlar Sumqayıtın dünəninə xeyli, həm də iftixarla “boylanmaq” imkanı əldə edəcəklər.
Müəllifə yalnız bir ciddi irad bildirmək olar: belə bir qiymətli, nəfis şəkildə tərtib olunmuş kitab çox az, cüzi tirajla nəşr edilmişdir. Təbii ki, bir sponsor kimi irəli duran olarsa, onu yenidən və daha çox tirajla da nəşr etmək olar. Çünki belə bir kitaba tələbatın böyük olacağı şəksizdir. Onun heç olmasa 2-3 min tirajla nəşr edilməsi mümkün olarsa, bu, Sumqayıtın 70 illiyi ərəfəsində sumqayıtlılar üçün həqiqətən çox gözəl, dəyərli bir töhfə olar.
Rəhman ORXAN.