Eyvaz Qocayev: “Sumqayıtın ilk xəbər portalı olaraq çalışırıq ki, sakinlərimizin istəklərini yerinə yetirək”

1227

www.sumqayitxeber.com saytının baş redaktoru Eyvaz Qocayevin 3 il öncə “Paritet” qəzetinə müsahibəsini diqqətinizə çatdırırıüq:

Son zamanlar informasiya texnologiyalarının inkişafı özünü bir çox sahədə göstərdiyi kimi KİV-in inkişafında da mühüm rol oynayır.Bir zamanlar elektron media adı tamamilə yad bir ad olduğu halda indi elektron mətbuat çoxları üçün mühüm əhəmiyyət kəsb edir. Bakı əhalisinin çox hissəsinin informasiya təminatını təmin edən KİV arasında bu gün elektron medianı xüsusi qeyd etmək lazımdır. Bu gün regionların da özünün elektron mediasının olması sevindirici haldır. Sumqayıt şəhərində fəaliyyət göstərən www.sumqayitxeber.com online qezetinin baş redaktoru Eyvaz Qocayevlə bu barədə söhbətimizi davam etdirdik.

İnformasiya Texnologiyalarının inkişafı digər sahələrdə olduğu kimi media sahəsinə də öz təsirini göstərməkdədir. Bu gün yazılı media ilə paralel olaraq internet media da fəaliyyət göstərir ki, mən deyərdim, bu sahə heç də çap mediasından geridə qalmır. Son zamanlar bu sahəyə olan maraq xeyli dərəcədə artır və bundan sonra da artacaqdır. Artıq bütün dünyada bu proses gedir. Hər kəs gündəlik xəbərləri və digər informasiyaları internet vasitəsilə əldə edir. Ölkəmizdə də son dövrlər ərzində xeyli sayda online qəzetlər yaranıb. İnternet qəzetlərin əksəriyyəti ölkə miqyaslı xəbərlərə yer ayırır.

Digər inkişaf etmiş ölkələrin mediasına diqqət yetirdikdə məlum olur ki, nəinki ölkə miqyaslı internet media, eyni zamanda əyalətlərdə də bu sahədə xeyli inkişaf var və hər bir əyalətin online qəzetləri fəaliyyət göstərir. Sumqayıt şəhəri yarandığı zamandan etibarən, qaynar bir şəhər olub. Bu gün daima diqqət mərkəzində olmaqla informasiya ilə dolu bir şəhərdir. Bunu nəzərə alaraq biz qərara aldıq ki, Sumqayıtın ilk online qəzetini yaradaq.  www.sumqayitxeber.com saytı kifayət qədər tanınır. Bu gün sumqayıtlılar, eləcə də digər insanlar Sumqayıtda baş verən ən son xəbərləri, müxtəlif sahələrdə araşdırma yazıları bu sayt vasitəsi ilə əldə edirlər. Məqsədimiz sumqayıtlı internet istifadəçilərinə şəhərimizdə baş verən hadisələr, tədbirlər, yeniliklər haqqında vaxtında doğru-düzgün məlumat verməkdir. Onu da qeyd edim ki, Şəhərdə özəl televiziya, müstəqil qəzetlər fəaliyyət göstərməsinə baxmayaraq, internet media fəaliyyət göstərmirdi. www.sumqayitxeber.com şəhərin ilk online mediasıdır. Və yəqin ki, bundan sonra yeni online qəzetlər, agentliklər, və.s fəaliyyət göstərəcək. Biz bu sahədə əlimizdən gələn dəstəyi göstərməyə hazırıq. Yetər ki, belə bir təşəbbüs olsun. Nə qədər çox online qəzet fəaliyyət göstərərsə bir o qədər inkişaf olar, informasiya bolluğu olar. Bizim də məqsədimiz daha çox informasiyanı oxuculara ən qısa zamanda çatdırmaqdır.
Regionlarda internet medianın fəaliyyətini necə qiymətləndirirsiniz?
Bilirsiniz əgər hər bir regionun elektron mediası fəaliyyət göstərərsə, o zaman, ölkə miqyasında informasiya əldə etmək daha asanlaşar. Bu gün biz öz evimizdə oturaraq dünyanın hər bir yerindən informasiya əldə edə bildiyimiz halda, niyə də öz regionlarımızda baş verən yeniliklərdən, hadisələrdən vaxtında məlumat əldə edə bilməməliyik? Çox təəssüflər olsun ki, bu gün regionlarda internet medianın fəaliyyəti yox dərəcəsindədir. Buna səbəb kimi regionlarda informasiya texnologiyaları sahəsində mütəxəssislərin olmamasını, internet istifadəçilərinin azlığını göstərmək olar. Sumqayıt və digər iri şəhərlər istisna olmaqla digər rayonlarda istifadəçilərin sayı yox dərəcəsindədir. Bu da öz növbəsində media sahəsinə təsir göstərir. Düşünürəm ki, internet istifadəçilərinin sayı artarsa o zaman regionlarda da internet media yaranmağa başlayacaq. Təbii ki, informasiya texnologiyalarına hələ də çoxlarının bələd olmaması da elektron mediadan yararlanmağa mane olur.Sözsüz ki, bu gün saytımızın istifadəçiləri internetə bələd olan insanlardır. Nə qədər çox insan internetdən istifadə etməyi bacararsa, ziyarətçilərimizin sayının artmasına gətirib çıxarar. Bu gün insanların internet istifadəçisinə çevrilməməsinin ən başlıca problemlərindən biri də, məhz internet qiymətlərinin dünya ölkələri ilə müqayisədə xeyli baha olmasıdır. Düzdür son zamanlar qiymətlərin enməsi müşahidə olunur, lakin bu hələ də yetərli deyil. Digər tərəfdən şəhərimizdə elektron nömrələrin azlığı da internet istifadəçilərinin sayının az olmasına təsir göstərir.Əgər bu problemlər aradan qalxarsa yəqin ki, internet istifadəçilərinin sayı nəzərə çarpacaq dərəcədə artar.
Sumqayıt əhalisi daha çox elektron mediaya yoxsa çap mediaya üstünlük verir?
Bunu mirmənalı olaraq demək düzgün olmazdı. Hər bir medianın öz istifadəçiləri var. İnternet mediadan istifadə edənlər daha çox gənc nəsildir. Araşdırmalarımız da göstərir ki, sumqayıtlı internet istifadəçilərinin əksəriyyəti gənclərdir.Çap mediasına isə daha çox orta və yaşlı nəsil üstünlük verir. Hələ ki, bu paralel olaraq gedir. Lakin dünyada gedən proseslər də göstərir ki, getdikçə çap mediaya maraq azalır. İnsanlar daha asan vasitələrdən istifadə edirlər. Yəqin ki, sumqayıt sakinlərinin daha çox internetdən istifadəsi və eləcə də bu sahədə bilgilərinin artması, internet mediaya marağı daha da artıracaqdır.
Bu il milli mətbuat günü münasibəti ilə ölkə başçısı tərəfindən ölkədə fəaliyyət göstərən KİV-nə birdəfəlik maliyyə yardımı edildi. Sizin saytın o siyahıda adının olmamasını nə ilə əlaqələndirirsiniz?
Ümumiyyətlə qeyd edim ki, mən ölkə başçısı tərəfindən mətbuata göstərilən bu qayğını yüksək qiymətləndirirəm. Kütləvi İnformasiya Vasitələrinə dövlət tərəfindən maliyyə yardımı, xüsusilə də mətbuatımızın maliyyə çətinlikləri ilə üz-üzə olduğu bir dövrdə, təqdirəlayiq bir hal hesab edirəm və düşünürəmki bu dəstək davam etməlidir. Bizim online qəzetimiz yeni yaranıb və hesab edirəm ki, bizim saytımız da gələcəkdə diqqət mərkəzində olacaq. Çünki bu gün regionlarda mətbuatın inkişafına xüsusi diqqət yetirmək lazımdır. Qeyd etdiyiniz kimi, ölkə başçisi tərəfindən ölkədə fəaliyyət göstərən KİV-ə birdəfəlik maliyyə yardımı edildi, lakin mən bu siyahıda ümumiyyətlə ölkə miqyasında fəaliyyət göstərən intenet mediaların adına az rast gəldim . Nəzərə alsaq ki, bu gün internet mediaya daha çox tələbat var və oxucuların əksəriyyəti online qəzetlərdən istifadə edirlər, bu halda bu sahəyə də maliyyə dəstəyi ayrılmalı idi. Ümid edirəm ki, gələcəkdə bu hallar nəzərə alınacaq və online medianın inkişafı naminə maliyyə yardımı olunan KİV siyahısında ölkə miqyaslı internet medianın və eləcə də bizim saytımızın da adını görə biləcəyik.
Qəzetinizin maliyyə problemlərini necə həll edirsiniz?
Hələ ki, biz saytın saxlanma xərclərini öz şəxsi imkanlarımız hesabına həll edirik. Bildiyiniz kimi online qəzetlərin əsas gəlir mənbəyi reklamlar hesab olunur və bu istiqamətdə biz də öz işlərimizi davam etdiririk. Yazarlar isə könüllülük prinsipinə əsaslanır. Maliyyə problemlərini nəzərə alaraq öz istəkləri ilə bizim saytımız üçün də yazılar yazırlar.
Sumqayıtda mətbuatın hansı problemləri var?
Ölkəmizdə mətbuat hansı problemlərlə qarşılaşırsa demək olar ki, bu problemlərlə yerli mətbuatımız da qarşılaşır. Maliyyə problemləri ilə yanaşı mətbuatımızın əsas problemlərindən biri də informasiya əldə etməkdir. Bəzi qurumlarda informasiyaya əl çatımlılıq aşağı səviyyədədir. Lakin insaf naminə demək lazımdır ki, Sumqayıtda digər regionlarla müqayisədə informasiya əldə etmək daha asandır. Sumqayıt şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və eləcə də Sumqayıt şəhər təhsil şöbəsi mütəmadi olaraq informasiyaları öz saytlarında yerləşdirirlər. Bu müsbət haldır. Hər hansı bir məsələ ilə bağlı bu qurumlara zəng etmək lazım gəlmir. Çünki, hər bir məlumat sözügedən qurumların internet saytlarında dərhal yerləşdirilir. Bununla yanaşı bəzi qurumlar bəzən qanunlara əməl etmir və informasiya verməkdən yayınırlar. Mən hesab edirəm ki, bu cür halların mövcudluğununn əsas səbəblərindən biri də, “reket qəzetlər”in hələ də mövcudluğudur. Bu cür neqativ hallar mətbuatımıza ləkə gətirir və jurnalistlərə qarşı olan hörməti azaldır.
Digər regional mətbuatla hər hansı bir əməkdaşlıq varmı?
Bu gün Sumqayıtda “168 saat” qəzeti nəşr olunur ki, bu da nəinki Sumqayıt oxucuları, hətta, ölkə miqyasında tanınır. Kifayət qədər oxucu kütləsi var. Biz “168 saat” qəzeti ilə əməkdaşlıq edirik və bu qəzetin yazılarını da öz saytımızda yerləşdiririk. Bir çox insanlar var ki, müxtəlif səbəblərdən dolayı qəzet almaq imkanları olmur və yaxud xarici ölkədə yaşayırlar. Bu cür istifadəçilərin Sumqayıtda nəşr olunan qəzetlərin məlumatlarını, yazılarını oxuması üçün biz əməkdaşlıq edirik. Sumqayıtla yanaşı gələcəkdə şimal regionunda fəaliyyət göstərən KİV-ə də əməkdaşlıq etməyi qarşımıza məqsəd qoymuşuq.

Online qəzetinizin Sumqayıtda tanınması üçün hansı işlər görürsünüz?
İstər çap mediası olsun, istərsə də online media, ilk öncə özünü tanıtmalıdır. Oxucu bilməlidir ki, belə bir mətbu orqan var. Biz də fəaliyyət göstərdiyimiz gündən bu istiqamətdə müəyyən işlər görürük. Ölkənin ən iri tirajlı regional nəşri olan “168 saat” qəzeti bizə bu istiqamətdə dəstək olur. Çap mediasını izləyən insanlar artıq bilirlər ki, sumqayıtın ilk online qəzeti www.sumqayitxeber.com fəaliyyət göstərir. Ümumiyyətlə online medianın üstünlüklərindən biri də oxucularla daha asan şəkildə ünsiyyətdə olmaqdır. Biz buna çox önəm veririk. Yarandığımız gündən oxucuların rəyinə əsaslanaraq addım atmağı düşünmüşük. Məqsəd oxucuların maraqlarına cavab verməkdir. Demək olar ki, hər gün elektron –poçt ünvanımıza məktublar daxil olur. Bizi sevindirən məqamlardan biri də, ölkəmizdən xaricdə yaşayan Sumqayıtlıların şəhərimizin həyatında baş verən dəyişiklərlə bağlı daima qəzetimizi izləməsidir. Onlar yeniliklərlə www.sumqayitxeber.com da tanış olurlar. Öz irad və təkliflərini, qəzetdə görmək istədikləri mövzuları bizə yazırlar. Biz də öz Sumqayıtın ilk xəbər portalı olaraq çalışırıq ki, sakinlərimizin istəklərini yerinə yetirək.

Günay Bünyadzadə, Paritet qəzeti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər