“Faciələrlə üzləşməyimizin ən böyük günahkarlarından biri də beynəlxalq təşkilatlardır” – Komitə sədri

827

“Əgər beynəlxalq təşkilatlar Azərbaycana kömək etməsə, biz ərazilərimizin minadan təmizlənməsinə 30 il və təxminən 1,5 milyard manatdan çox dövlət büdcəsi vəsaiti sərf edəcəyik. 2024-cü ilin dövlət büdcəsində bu məqsəd üçün 51 milyon manat vəsait ayrılır. Ərazilərin minalardan tam təmizlənməsinə isə beynəlxalq ekspertlərin hesablamalarına görə 25 mlrd dollar vsəait tələb ediləcək. BMT-nin hesablamalarına görə, 1 minanın zərərsizləşdirilməsi 300-1500 dollara baş gəlir”.

Bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

“Təqribi hesablamalara görə, ərazilərimizin minalardan çirkənləməsi ÜDM-in bir il ərzində azı 1 milyard manata yaxın itki ilə üzləşməsi deməkdir. Hətta sülh müqaviləsi imzalasaq da, hər bir minanın partlaması cəmiyyət daxilində sosial və eyni zamanda mənəvi problemlər yaradır. Bu, fəlakət və faciədir. Ermənistan mina xəritələrinin Azərbaycana verilməsini təmin etməlidir. 10-15 il sonra partlayan hər bir mina Azərbaycan və Ermənistan arasında etimad mühitini zədələyəcək”, – deyə komitə sədri bildirib.

T.Mirkişili qeyd edib ki, beynəlxalq təşkilatlar bu istiqamətdə Azərbaycana yardım etməlidir: “Burada BMT-nin nümayəndəsi də çıxış etdi. Bizim bu faciələrlə üzləşməyimizin ən böyük günahkarlarından biri də beynəlxalq təşkilatlardır. Onlar vaxtında işğalçı Ermənistanı pisləsəydilər, burada bu məsələni müzakirə etməzdik. Bunun qabağını almayıblar, bizə kömək etməyiblər. Öz gücümüz hesabına torpaqlarımızı işğaldan azad etmişiksə, heç olmasa bundan sonra problemin həlli üçün bizə yardım etsinlər. Azərbaycanda beynəlxalq təşkilatların rolu cüzidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər