12 saylı uşaq kitabxanasında faşizm üzərində Qələbənin 65 illiyinə həsr olunmuş “Sətirlərdə döyüşən illər” adlı tədbir keçirildi
Tədbiri giriş sözü ilə açan kitabxanaçı Leyla Quliyeva II Dünya müharibəsi və onun bəşəriyyətə vurduğu zərərlər barədə oxucuları məlumatlandırdı. O, Azərbaycanın da bu müharibədə iştirakına toxunaraq bildirdi ki, “Sovet Azərbaycanı SSRİ- nin tərkibində olduğuna görə hələ 1939- cu ilin payızında müharibəyə cəlb olunmuşdu. 1941- ci ilin iyunundan isə alman faşizminə qarşı müharibədə iştirak etmişdir. Azərbaycandan cəbhəyə səfərbər olunan 600 min adamdan yarıdan çoxu həlak olmuş və itkin düşmüş, 123 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. 1941-1945 -ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdir. Bakıda 130-dan çox silah – sursat hissələri hazırlanırdı. Azərbaycan vətəndaşları müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 311 milyon manatlıq istiqraz vermişdilər”.
L.Quliyeva oxucuları faşizm üzərində Qələbənin 65 illiyinə həsr olunmuş “Odlu illərin salnaməsi” adlı kitab sərgisi ilə tanış edərək, sərgidə nümayiş etdirilən nəşrlərin qısa xülasəsini verdi.
Daha sonra söz oxuculara verildi. Onlar da öz növbəsində, II Dünya Müharibəsinə həsr olunmuş S.Vurğunun “Ananın öyüdü” , S.Rüstəmin “Döyüşçüyə məktub”, “M.Rahimin “Vur, ölən faşistdir”, A.Surkovun “Yenə də müharibə”, “Zoya”, “Axşamüstü onu qestapoya apardılar”, “Rabitəçi” şerlərini söylədilər.
Tədbirdə həmçinin görkəmli rus şairi L. Martınovun “Müzəffər xalq “ poeması əsasında hazırlanmış ədəbi-bədii kompazisiya iştirakçılara təqdim edildi.
Tədbirin sonunda 11 saylı məktəbin ədəbiyyat muəlliməsi Svetlana Osmanlı da müharibə, faşizm ilə bağlı məlumat verdi. İndi də erməni işğalçılarının torpağımızın 20%-ni işğal etməsini, onların törətdikləri vəhşilikləri, Xocalı faciəsini də faşizm adlandırdı, uşaqları ruhdan düşməməyə, mübariz olmağa, daima Vətəni, torpağı sevməyə səslədi.