Azərbaycanın yüksəlişi, dünya birliyində layiqli yer tutması, Cənubi Qafqazın lider dövlətinə çevrilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələridir. Bu siyasətin ən böyük uğuru 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası oldu.
Bu uğurlar hər birimizi sevindirir və qürurlandırır. İndi onun davamlı olmasını arzulayırıq. Ona görə hər kəsin qarşısında dayanan mənəvi öhdəliklərdən biri respublikamızın yüksəlişini təmin edən siyasi kursa dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq, əlindən gələni etmək hər birimizin vətəndaşlıq borcudur. Bu baxımdan öz əməlləri ilə xalqımızın dərin etimadını qazanmış Birinci vitse-prezident xanım Mehriban Əliyevanın gördüyü işlər hər birimiz üçün nümunədir.
Fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başlamasının 4-cü ili tamam olur. 2017-ci ildə bu vəzifənin icrasına başlayarkən hər kəs əmin idi ki, Mehriban Əliyeva yeni missiyasında da dövlətimizə və vətəndaşlarımıza layiqli xidmətin nümunələrini yaradacaq. Çünki ona qədər Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanı məhz vətəndaşların yanında, onların əhatəsində görmüşdü. Həm Heydər Əliyev Fondunun Prezidenti, həm də Milli Məclisin deputatı kimi Mehriban Əliyeva öz fəaliyyətini ilk növbədə ehtiyacı olanlara, müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə, tənha və yaşlılara kömək etməyə, onlara qayğı göstərməyə, xeyriyyəçiliyə həsr etmişdi.
Ən əsası odur ki, Mehriban Əliyevanın fəaliyyəti hər bir məqamı ilə Prezident
İlham Əliyevin sosial siyasət xəttinə böyük dəstək verir. 2004-cü ildən sonra Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun xətti ilə xəstəxanaların, müxtəlif təyinatlı tibb ocaqlarının, orta məktəblərin, uşaq bağçalarının inşası ölkəmizdə sosial siyasətin qarşısında duran vəzifələrin daha sürətlə yerinə yetirilməsinə böyük töhfədir.
Birinci vitse-prezident kimi Mehriban Əliyeva diqqətini ilk növbədə qayğıya ehtiyacı olan əhali qruplarının sosial problemlərinin həllinə yönəltdi. Bakıda və Sumqayıtda məskunlaşmış xeyli sayda məcburi köçkün ailəsi məhz Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə yeni mənzillərlə təmin olundular. Ümumiyyətlə, ötən 4 il ərzində ölkə ictimaiyyəti Mehriban Əliyevanı mütəmadi olaraq həssas əhali qruplarının yanında gördü.
Dövlətimiz və xalqımız bir çox tarixi sınaqdan çıxıb. Bir ildir davam edən koronavirus pandemiyasına dövlətimizin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində tezliklə son qoyulacaq. Azərbaycan ictimaiyyəti koronavirusla mübarizə tədbirlərinin önündə ilk gündən Prezident İlham Əliyevlə yanaşı, Mehriban Əliyevanı da gördü. Xaricdə təhsil alan azərbaycanlı həkimlərin mübarizə tədbirlərinə cəlb olunmasında, eləcə də xarici həkimlərin Azərbaycana dəvət edilməsində, respublikamıza süni nəfəs aparatlarının, təcili tibbi yardım avtomobillərinin alınıb gətirilməsində, həmçinin Cənubi Qafqazda ilk olaraq vaksinasiyanın məhz Azərbaycanda tətbiqində Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir.
Vətən müharibəsi günlərində isə xalqımız Mehriban Əliyevanın fəal və əsl vətəndaşlıq mövqeyinin şahidi oldu. Bu tarixi sınaqların hər biri göstərdi ki, respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın məramı dövlətə və xalqa layiqincə xidmət etrməkdir.
İndi Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyur və qarşıda bizi möhtəşəm uğurlar gözləyir. Hazırda işğaldan azad olunmuş torpaqlarımız yenidən qurulur. Əminik ki, Mehriban Əliyeva
İlham Əliyevin ən yaxın silahdaşı olaraq öz fəaliyyəti ilə respublikamızın yüksəlişinə, o cümlədən Qarabağın dirçəlişinə özünün layiqli töhfələrini verəcək.
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı