Fərhad Vəliyev: “Qarabağ” “qızıl dubl”a köklənib”

1128

Sumqayıt futbol məktəbinin yetirməsi olan və hazırda “Qarabağ”da çıxış edən Fərhad Vəliyev “Qol.az” saytına müsahibəsində həm Ağdam təmsilçisinin ölkə kubokundakı “Qəbələ” qarşılaşması haqqında, həm də “Qarabağ”ın hazırkı durumu barədə danışıb. Həmçinin, digər maraqlı məqamlara da aydınlıq gətirən qapıçı milli komandaya qayıtma ehtimalından da söz açıb.

 Ölkə kubokunun 1/4 final mərhələsində “Qəbələ” ilə oyununuz var. Bu matç haqqında nə düşünürsən?

– Qış fasiləsindən sonra “Qəbələ” ilə çempionatda qarşılaşdıq. Çox gərgin bir oyun keçdi. Qarşıda bizi çox çətin kubok oyunları gözləyir. Bildiyiniz kimi “Qəbələ” öz meydançasında yaxşı oyun nümayiş etdirir. Ona görə də bilirik ki, bizi çətin sınaq gözləyir. Biz həm çempionluğa, həm də kuboka, yəni “qızıl dubl”a köklənmişik. Ona görə də var gücümüzlə çıxış edəcəyik.  Bizi asan oyun gözləmir. Çalışacağıq səfərdən sərfəli hesabla dönək  ki, ikinci oyunda işimiz çətin olmasın.

-“Qəbələ” ilə keçən il də 1/4 final mərhələsində qarşılaşmışdınız. Həmin “Qəbələ” ilə indiki arasında nə kimi fərq görürsən?

-Keçən il doğrudan da “Qəbələ” ilə gərgin oyunlarımız oldu. Çətinliklə yarımfinala çıxdıq.  “Qəbələ” bu il Ramiz Məmmədovun başçılığı altında daha da güclənib. Yeni transferlərlə komandaya yeni nəfəs gəlib. Son turda “Xəzər Lənkəran”a qalib gəldikləri oyunda da bunu göstərdilər. Ona görə düşünürəm ki, “Qəbələ” yaxşılığa doğru fərq var.

– Bəs sizin komandada bu bir ildə nə dəyişib?

-Keçən il biz avrokuboklardan uzaq qaldıq. Deməzdim ki, keçən il çox pis çıxış etdik. Bu il də rəhbərlik qarşımıza çempion olmağı məqsəd qoyub. Həm baş məşqçimiz, həm də biz rəhbərlik qarşısında söz vermişik ki, çempionluq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Bizim komandamız da inkişafa doğru gedir. Yeni transferlərimiz özlərini doğrultmağa çalışır. Oyunumuzu ən azı belə saxlasaq, istədiyimiz nəticələri qazanacağıq. Bu il bizdə istək daha çoxdur.

– Rəqibinizin güclü hücum xətti var. Ancaq razısan ki, bu gün “Qarabağ”ın hücum xətti heç də yaxşı təsir bağışlamır?

– Onunla razıyam ki, “Qəbələ”nin hücum xəttində bizim üçün təhlükəli futbolçular var. Hər oyunda biz onların gücünnün şahidi oluruq. Ancaq bizim hücum xəttimiz zəif olması fikri ilə razılaşmıram. Bizdə indi zədəli olsa da ,Subaşiç kimi hücumçu var. Bundan başqa Vaqif Cavadov, Vüqar Nadirov, Əfran İsmayılov kimi oyunçuları də nəzərə alsaq, bizim hücum xəttini Azərbaycanda  ən güclülərdən hesab etmək olar. Düşünürəm ki, getdikcə daha yaxşı olacaq və hücum xəttimiz də öz sözünü deyəcək.

– Son vaxtlar komandanızın qollarını əsasən müdafiəçilər vurur.

– Bunun yaxşı tərəfi də var. Müdafiəçinin qol vurması çox yaxşı haldır. Bizdə Allaha şükür ki, elə müdafiəçilər var. Mən Ansi Aqollini fərqləndirmək istəyirəm ki, hücuma yaxşı qoşulur. Bu, onun təcrübəsindən irəli gəlir.

-Rəqibin güclü hücumçularından bir qapıçı kimi ehtiyat edirsən?

– Yox. Heç bir hücumçudan çəkinmirəm. “Qəbələ”nin hücum xətti doğurdan da güclüdür. Amma biz çalışacağıq ki, baş məşqçimizin tapşırıqlarını yerinə yetirib rəqibin hücumçularını zərərsizləşdirək.

– Mart ayında millimizin oyunları var. O oyunlarda yığma komandamızın qapısını qorumağa hazırsan? Berti Foqtsdan təklif gözləyirsən?

– Əlbəttə. Mən özümü millidə oynamağa tam hazır sayıram. “Qarabağ”ın heyətində bütün oyunlarda çıxış edirəm. Mən neçə il milli komandada oynamışam. Yenə də dəvət gözləyirəm. Əgər belə bir dəvət gəlsə, canla-başla əlimdən gələni edərəm ki, millimizə kömək edim.

Ramiq Ağaməmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər