Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 17-si saat 17:00 radələrində Sumqayıt şəhərində yerləşən “Azərbaycan Məişət Malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində insan ölümünə səbəb olan yanğın hadisəsi baş verib. Yanğının qarşısını almaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 150-dən çox canlı qüvvəsi və 45 texnikası, həmçinin 2 yanğınsöndürən helikopteri dərhal hadisə yerinə cəlb edilmiş və görülmüş tədbirlər nəticəsində səhər saat 4:00 radələrində yanğın tam söndürülüb.
Üzərilərinə texniki və yanğın təhlükəsizliyi, eləcə də əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər tərəfindən bu qaydaların pozulması insan ölümünə və digər ağır nəticələrə səbəb olduğundan fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanıb.
Hadisə yerinə Fövqəladə Hallar və Ədliyyə nazirliklərinin ekspertlərinin iştirakı ilə baxış keçirilib, oradan qaynaq işlərində istifadə edilmiş qaynaq aparatları, kəsici alətlər və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar götürülüb.
Qaynaq işləri aparan Sumqayıt şəhər sakinləri Babayev Sabir Kərim oğlu, Səfərəliyev Əbülfət Əziz oğlu və Piriyev Piri Xuduş oğlunun meyitləri müayinə olunmaları üçün məhkəmə-tibb ekspertizasına təqdim olunub.
Yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar Nazirliyinin 7 əməkdaşı, eləcə də həmin müəssisədə işləyən 3 nəfər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onlardan 8-i ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 2 nəfərin isə müalicəsi hazırda davam etdirilir.
İş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, o cümlədən məhkəmə-yanğın-texniki, məhkəmə-tibbi və digər ekspertizalar təyin olunub, çoxsaylı şahidlər dindirilib.
İlkin istintaqla müəyyən edilib ki, “Azərbaycan Məişət Malları” ASC-yə məxsus dəmir çənlərdə cəmiyyətin 3 əməkdaşı tərəfindən qaynaq işləri aparılarkən partlayış baş verib. Alov daha sonra içərisində əvvəllər kimyəvi maddələr saxlanılmış dəmir çənləri də əhatə edərək ətrafa yayılıb.
İşin mürəkkəbliyi nəzərə alınaraq istintaq qrupu yaradılmış və hazırda cinayət işi üzrə Sumqayıt şəhər prokurorluğunda istintaq davam etdirilir.