Firat Çirci: “Artıq keçmişdə qalan bir şey haqqında danışmaq yersiz olar”

1268

Ölkə futboluna maliyyə axınının artdığı dönəmdə “Xəzər-Universiteti” və “Şəfa” kimi komandalarda forma geyən türkiyəli futbolçu Firat Çircini xatırlayanlar yox deyil. Amma ölkəmizdən ayrıldıqdan sonra həm yerli azarkeşlərin, həm də ölkə mətbuatının diqqətindən kənarda qalan oyunçudan uzun müddət idi ki, yeni xəbər yox idi. Ancaq deyəsən, Çirci hələ də ölkəmizlə əlaqəsini kəsməyib. Hər halda, transfer dönəmində ölkə klublarının diqqət mərkəzinə düşən müdafiəçi qəzetimizə müsahibəsində həm transfer məsələlərindən, həm Azərbaycanla əlaqələrindən, həm də ölkəmizlə bağlı xatirələrindən danışdı.

 

–         Hazırda hansı komandanın şərəfini qoruyursunuz?

–         Cari mövsümdə “Kartal Bələdiyyəspor” komandasının formasını geyməkdəyəm.

–         Ümumiyyətlə, ölkəmizdən ayrıldıqdan sonra karyeranızı necə davam etdirdiniz?

–      Ölkənizdən ayrıldıqdan sonra bir mövsüm Rusiyanın aşağı dəstəsində – Mahaçqala “Dinamo”sunda çıxış etdim. Daha sonra isə Türkiyənin aşağı dəstə təmsilçilərində forma geydim.

–         Yeri gəlmişkən, Azərbaycandan ayrılmanıza səbəb nə oldu?

–         Həmin vaxt Mahaçqalanın “Dinamo” klubundan təklif aldığımdan Azərbaycanı tərk elədim.

–         Azərbaycan Premyer-Liqasını izləmək imkanınız olurmu?

–         İmkan olduqca Premyer-Liqa klublarının çıxışını izləyirəm.

–         Deməli, birvaxtlar çıxış etdiyiniz “Xəzər-Universiteti”nin artıq “İnter” adı ilə çıxış etdiyini də bilirsiniz

–         Bu haqda məlumatım var. Artıq “Xəzər-Universiteti”nin ölkənin idddialı komandalarından olan “İnter” adı altında çıxış etdiyini bilirəm.

–         Premyer-Liqamızın səviyyəsində yüksəliş hiss olunur?

–         Əvvəlki illərə nisbətən xeyli yüksəliş hiss olunur. Ölkə futbolundakı inkişafı müşahidə etmək çətin deyil.

–         Yeri gəlmişkən, öz oynadığınız dövrü necə xatırlayırsınız?

–         Azərbaycanla bağlı xatirələrim çox gözəldir. Etiraf edim ki, Bakı üçün çox darıxıram.

–         Ölkəmizdə vaxtınızı necə keçirirdiniz?

–         Düzü, boş vaxtım o qədər də çox olmurdu. Asudə vaxtım olanda isə Bakını gəzirdim.

–         Maraqlıdır, Azərbaycanla əlaqələriniz varmı?

–         Ölkəmizdə çıxış etdiyim dönəmdə özümə xeyli dost qazanmışam. Hazırda da Kamran Ağayev, Ruslan Abışov, Ruslan Əmircanov və s. futbolçularla əlaqəm davam etməkdədir.

–         Ruslan Abışovdan söz düşmüşkən, əvvəllər Rusiya çempionatında top qovmuş biri kimi yığmamızın  üzvünün Rusiyaya uyğunlaşma və “Rubin” klubunda uğur qazanmaq perspektivini necə qiymətləndirirsiniz?

–     Əvvəla RuslanaKazantəmsilçisində uğurlar arzulayıram. Qaldı onun “Rubin”dəki perspektivinə, onun orda uğur qazanacağına inanıram, çünkü Abışov bacarıqlı futbolçudur.

–         Ölkəmizdən ayrıldıqdan sonra klublarımızdan təklif almısınız?

–         İki il əvvəl Azərbaycandan təklif almışdım, amma sonradan transfer baş tutmadı.

–         Sirr deyilsə, hansı komandamızdan təklif almışdınız?

–         Açığı, təklif aldığım komandanın adını açıqlamaq istəmirəm. Artıq keçmişdə qalan bir şey haqqında danışmaq yersiz olar.

–         Yenidən Azərbaycanda oynamq istərdinizmi?

–         Yuxarıda dediyim kimi, Azərbaycanda çox gözəl günlər keçirmişəm. Bu səbəbdən yenidən ölkənizdə çıxış etməyin əleyhinə olmazdım. İndi olmasa belə, gələcəkdə məşqçi kimi Azərbaycana qayıtmaq istərdim.

 

Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər