Flavinyo: “Azərbaycan millisində oynamaq təklifini qəbul etməzdim”

921

Azərbaycanın ən populyar futbol legioneri ilə müsahibə

Flavio Aleks Valensio və ya qısaca Flavinyo – bu ad Azərbaycanın futbol arenasında ilk dəfə 2010-cu ilin yayında səslənməyə başladı. Ölkəmizə gəldiyi ilk mövsümdəcə adından söz etdirməyi bacaran “sambacı” ölkə futboluna tez uyğunlaşdı və“Neftçi”nin çempionluğunda əsas simalardan olduğu  sözügedən mövsümdə Azərbaycanda ilin futbolçusu seçildi. Ötən mövsümdə də ölkə çempionu və ilin futbolçusu dəyişmədi. Yenə “Neftçi” və yenə Flavinyo. Üstəlik, yenicə başa çatan avrokubok mövsümündə də Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazmaq mümkün oldu. Bu uğurda da “ağ-qaralar”ın əsas fiqurlarından biri Flavinyo idi. Hər halda, son iki ildə Azərbayvcanın futbol “vitrinində” yer alan 29 yaşlı yarımmüdafiəçinin həm “Neftçi”nin çıxışı, həm də ümumiyyətlə ölkə futbolu haqqında düşüncələrini öyrənmək maraqlı olardı. Odur ki, suallarımızı “sambacı”ya ünvanlamağa qərar verdik.

 

– Başlayaq “Neftçi”nin  Avroliqadakı çıxışından. Sizcə, flaqmanın qrup mərhələsini ən azı üçüncü sırada tamamlaması niyə mümkün olmadı?

–   Bildiyiniz kimi, son iki oyun ərəfəsində qrupdan çıxmaq şansımızı itirmişdik, amma bununla belə, “Partizan”la Bakıdakı  ilə matçda qələbə qazansaydıq üçüncü olardıq. çalışacağıq. Amma təəssüf ki, önə keçdiyimiz matçda sonda qələbəni əldən verdik.

 

–  Sizcə, “Neftçi”nin Avroliqanın qrup mərhələsində uğur qazanmasına nə mane oldu?

–  Ola bilsin ki, siz komandamızın qrup mərhələsində zəif çıxış etdiyi qənaətindəsiniz, amma mən Avropa Liqasında uğursuz çıxış etdiyini düşünmürəm.

 

– Hər halda, indikindən daha yaxşı çıxış etmək olardı

-. Oyun qrafikimiz çox sıx olduğundan zaman-zaman yorğunluq özünü göstərirdi. Bunu aradan qaldırmaq üçün heyətimiz daha geniş olmalıydı. Başqa sözlə, daha yaxşı çıxış etmək üçün bizə yeni oyunçular lazım idi.

 

–  “Neftçi”nin ölkə Premyer-Liqasında imkanlarından aşağı çıxış etməsini nə ilə əlaqələndirmək olar?

Yuxarıda da qeyd etdiyim kimi, çox sıx qrafiklə oynayırdıq. Nəzərə alın ki, Avropa liqasında mübarizə apardığımız vaxt 9 gündə 4 oyun keçirirdik ki, bu da asan məsələ deyil. Eyni anda iki cəbhədə mübarizə aparmaq indiki halda bizim üçün çətindir. Amma bundan sonra ölkə Premyer-Liqasına daha çox diqqət ayıracağıq və uğur qazancağımıza inanıram.

 

– “Neftçi”nin heyətində ən yaddaqalan oyununuz hansı qarşılaşma olub?

– Bu baxımdan APOELlə Kipirdə keçirdiyimiz və qalib gələrək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığımız matçı qeyd edə bilərəm.

 

– İki ildir dalbadal Azərbaycan Premyer-Liqasının ən yaxşı oyunçusu seçilirsinz. Maraqlıdır, özünüzün seçim imkanı olsaydı kimi ən yaxşı oyunçu seçərdiniz? 

– Belə bir imkanım olsaydı, bu mükafatı komanda yoldaşım Julius Vobaya verərdim.

 

– Bəs eyni imkan keçən mövsüm olsaydı, ən yaxşı futbolçu adına kimi layiq görərdiniz?

– Məncə, “Qəbələ”də çıxış edən, daha çox Dodo kimi tanıdığımız Luiz Paulo Hilario keçən mövsümün ən yaxşısı idi.

 

– Ümumiyyətlə, sizcə, Azərbaycan Premyer-Liqasında forma geyən ən yaxşı yerli və əcnəbi futbolçu kimlərdir?

– Ən yaxşı yerli oyunçu kimi komanda yoldaşım Cavid İmamverdiyev və “Qarabağ”dan Əfran İsmayılovu qeyd edə bilərəm. Legionerlərə gəlincə, bu baxımdan Vobay və Dodonun adını çəkə bilərəm.

 

–  Flavinyo üçün ölkə Premyer-Liqasındakı hansı komandanın müdafiə xəttini yarmaq çətindir?

– “İnter” komandasının müdafiə xətti çox etibarlıdır. Bundan başqa, “Qarabağ”da çox yaxşı müdafiə xəttinə malikdir.

 

– Bəs sizin üçün konkret olaraq hansı müdafiəçiyə qarşı oynamaq asan deyil?

– “Qarabağ”ın kapitanı Rəşad Sadıqov çox yaxşı müdafiəçidir. Ona qarşı oynamq həqiqətən çox çətindir.

 

– Azərbaycan millisində forma geymək barədə təklif alsaydınız, razılaşardınızmı?

– Yox, belə bir təklifi qəbul etməzdim.

 

Millimizdə oynamağın əleyhinə olmağınız nə ilə əlaqədardır?

– Artıq mənim 20 yaşım yoxdur. Yəni bundan sonra mənim milli komandada oynamağın çətindir.

 

– Milli komandamızdan söz düşmüşkən, Azərbaycan yığmasını neçə ildən sonra Avropa və ya Dünya çempionatının final mərhələsində görürsünüz?

–  Açığı bu barədə proqnoz vermək çətindir. Amma Azərbaycan millisinin final mərhələsinə vəsiqə qazanması üçün yerli gənclər özünü daha yaxşı tərəfdən göstərməlidir. İndi yığma komandanızda olduqca çox sayda gənc perspektivli futbolçu var. Bəlkə də 2014-cü ildən sonra hansısa mötəbər turnirə qatılmağınız mümkündür. Yeri gəlmişkən, qeyd edim ki, indiki Azərbaycan yığması əvvəlkindən daha güclüdür.

 

– 2010-cu ildən Azərbaycandasınız. Ölkəmizdə ən çox nəyi bəyənirsiniz? 

– “Tarqovıy” küçəsində restoranda oturmağı, bulvarda gəzməyi xoşlayıram. Ümumiyyətlə, Bakı çox gözəl şəhərdir. Getdiyim yerlərdə insanların məni tanıması və hörmətlə yanaşması çox xoşdur.

 

Braziliya ilə Azərbaycan xalqları arasında hansı fərqlər var?

– Braziliyada insanlarla dost olmaq daha asandır, nəinki Azərbaycanda. Həm də məncə, Braziliyada insanlar daha şəndir.

 

– Ümumiyyətə, iki ölkə arasında başqa hansı fərqləri görürsünüz?

–  Braziliya ilə müqayisədə Azərbaycanda daha çox  tikintinin getdiyini deyə bilərəm.

 

– Sizcə, iki ölkə arasındakı bənzərliklər nələrdir?

– Oxşarlıq baxımından Azərbaycan və Braziliyada bişirilən kababın bənzər olduğunu qeyd edə bilərəm.

 

– İki ildir Azərbaycandasınız. Ailənizdən və doğmalarınızdan uzaqda olmaq çətin deyil ki?

– Doğmalarım üçün darıxıram, amma Azərbaycanda yaşamaq çətin deyil.

 

Yeri gəlmişkən, futbolçu karyeranızı bitirdikdən sonra özünüzü məşqçi kimi Azərbaycanda sınamağı düşünürsünüzmü?

-Azərbaycanda məşqçi kimi yox, amma başqa bir vəzifədə çalışa bilərəm. Təbii ki,   futbol sahəsində hər hansı vəzifəni nəzərdə tuturam.

 

– Sonda “Neftçi”nin azarkeşlərinə demək istədiyiniz sözləri eşitmək istərdik

– Komandamızı dəstəkləyən, bizi sevən bütün tərəfdarlarımıza minnətdarlığımı bildirirəm.

 

Tural Məmmədov

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər