Format axtara-axtara

1010

Dostumuz, sabiq “Futbol+”çi Elşən Məmmədov bir-neçə gün bundan əvvəl ölkə futbolu adına önəmli tədbirin təşkilatçısı oldu. Zamanında xəbər tutmadığımdan, imkan tapıb, həmin tədbirə qatıla, müzakirələrdə iştirak edə bilmədim. Əslində, ölkə futbolunun gələcəyi baxımından bu cür müzakirələrin vacib olduğu hər kəsə bəllidir. Təəssüf ki, hələlik həmkarlarımızın çoxu belə fikir mübadiləsinə qoşulmağı lazım bilmir. Öz növbəmdə İAM-n təşkiatçılığı ilə tədbirdə iştirak edə bilmədiyimdən, bəzi fikirlərimi indi oxuduğunuz yazımda açıqlamaq istəyirəm. Hazırki “altılıq” sisteminin Azərbaycan futboluna ciddi heç nə qazandırmadığını düşünənlərdənəm. Sadə məntiq var, əgər bu cür sistemlə maraqlı çempionat keçirmək mümkün olsaydı, dünyanın qabaqcıl futbol ölkələrində də eyni sistem tətbiq olunardı. Hörmətli Ramin Musayev “altılığ”ın faydalarından danışarkən hər dəfə klubların çox oyun keçirtməli olduğunu vurğulayır. Cənab Musayev bir müsbət məqamı qabardıb, məsələnin zərərli tərəflərini görmək istəmir. Özünüz deyin, “Xəzər Lənkəran”ın, yaxud AZAL-la “Rəvan”ın bundan sonra keçirəcəyi 10 oyunun kimin üçün əhəmiyyəti var? Əksinə, hazırki sistemin sayəsində formal oyunların sayı çoxalır, ən əsası qruplaşmaların və danışılmış oyunların yayılması üçün geniş meydan açılır. Əbəs yerə “Neftçi”nin çalışdırıcısı Böyükağa Hacıyev az qala hər açıqlamasında “İnter” yaratdığı qruplaşmaya ehyam vurmur. Belə qeyri-sağlam mühitin yaranması isə Ramin Musayevin ciddi-cəhdlə müdafiə elədiyi “altılıq” sisteminin bəhrəsidir. Ağlından “axı, bu necə olur” sualını keçirənlərə cavab verim. Misalçün, “İnter” “Simurq” adlı kiçik qardaşını yaradır və həmin komandanın mükafatlar uğrunda yarışacaq altı komanda sırasına düşməsi üçün müxtəlif manevrlər edir. Final mərhələsində isə “Simurq” “böyük qardaşına” hər iki oyunda mübarizəsiz təslim olur, üstəlik “İnter”in əsas rəqiblərini mümkün olduğu qədər büdrətməyə çalışır. İkincisi isə sponsorların, yaxud klub prezidentlərinin başını aldatmağa çalışanların yaratdıqları müvəqqəti qruplaşmalardır. Misalçün, “Bakı” ikinci “altılıq”da mübarizə aparmağı özünə sığışdırmır, final mərhələsində bütün oyunları uduzmaq bahasına olsa belə ilk 6 komanda sırasına düşməyə çalışır. Belədə, hansısa “X” komandayla danışıqlar başlayır: bizə kömək edin, əvəzində vacib oyunlarda altı xal “cibinizdədir”. Sözsüz ki, belə məqamda da tutaq ki, “İnter”ə “Xəzər Lənkəran”a rəqib olmaqdansa, “Bakı” daha sərfəli olur, bütün ssenarilər bu istiqamətdə inkişaf edir. Əlbəttə, sadaladığım bu məqamlar kimlərçünsə qeyri-ciddi görünə bilər. Amma fakt odur ki, belə halların əngəllənməsi üçün heç bir mexanizm yoxdur. Hazırki sistem klubların dar çərçivədə çirkin manevr etməsinə kifayət qədər yollar açır. Bunun sayəsində ölkə kuboku uğrunda mübarizədə də hansısa “əl yeri” mövcuddur. Avrokuboklara gedən yolları qısaltmağa çalışan klublar gizli sövdələşmələrlə öz aralarında mükafatları da “bölüşdürürlər”. Ev bizim, sirri bizim siyasəti üçün “6-lıq”dan yaxşı sistem ola bilməz. Necə ki, indi vəziyyət belədir. Vaqif Sadıqovun AZAL-ı “zərərsizləşdirilib”, “Fırtınalar meydanı”na çətin səfər perespektivi yoxdur, iddialıların “qorxulu yuxusu” “Rəvan” da ilk “6-lıq”dan kənardadır. Bundan yaxşı gedişatı mövsümün əvvəlində təsəvvür etmək olmazdı. Ehtimallar ətrafında var-gəl etdikdən sonra konkret təkliflərdən danışım. İAM-ın paketində vurğulandığı kimi elita iştirakçılarının sayı mütləq 14-ə çatdırılmalıdır. Prinsip etibarı ilə 70-ə yaxın inzibati rayonu olan Azərbaycan üçün bu heç də əlçatmaz deyil. Əgər, olimpiya kompleksləri prezidentin nəzarəti ilə az qala hər bölgədə inşaa edilirsə, peşəkar futbol klublarının yaradılmasına ölkənin birinci şəxsini narahat etmədən də nail olmaq olar. Yetər ki, ortada iradə və istək olsun. Yevlax, İmişli, Salyan kimi rayonlarda yaxın keçmişdə elitada iştirak edən iddialı komandalar olubsa, deməli bu o qədər də müşkül tapşırıq deyil. Üstəlik, şimal bölgəsindəki rayonların heç olmazsa birində mütləq premyer-liqada mübarizə aparmağa layiq komanda yaradılmalıdır. Axı, Quba və Qusarın futbol ənənələri hər kəsə bəllidir. Müstəqilliyimizi bərpa etdiyimiz illərdə iqtisadi vəziyyət heç də indikindən yaxşı deyildi. Amma səhv etmirəmsə, 26 klub çempionluq mübarizəsinə qoşulmuşdu. Sadəcə, ölkə futbolundakı qeyri-sağlam mühitə son qoyulmalı, maliyyə “fair-play”inə maksimum əməl olunmalıdır. Qazaxıstandakı kimi bölgə klublarını icra hakimiyyətlərinin himayəsinə vermək də ağlabatan ideyadır. Ən azından hər bölgədə 2-3 rayonun icra orqanları birləşib ortaya nəsə qoya bilər. Hazırda bütün icra hakimlərinin sərvətləri az qala milyonlarla ölçülür. Deməli, rayonlarda kifayət qədər gəlirli sahələr var. Qalır bu gəlirlərdən daha səmərəli istifadə etmək. Bu minvalla elita iştirakçılarının sayını 14-ə qədər artırmaqla yanaşı aşağı dəstədə mübarizə aparacaq düz-əməlli 10-12 komanda yaratmaq da çətin olmayacaq. Yoxsa, indi peşəkar futbol klubundan daha çox dilənçini xatırladan dvizion təmsilçiləriylə Azərbaycan futbolunu necə inkişaf etdirmək olar? Ölkə prezidentinin futbolun inkişafına dair imzaladığı fərmanın yekun ili 2015-ci ildədir. Cəmisi il yarımdan sonra prezidentə hesabat verərkən nə deyəcəksiz? Cırtdan Lüksemburqla oyuna hazırlaşmaq üçün 17 gün fasilə verdiyiniz premyer-liqayla necə öyünəcəksiz? Bu gün baş tutacaq konfransda yeni format haqqında qərar versəz, ölkə futbolu çox şey qazanar.

Qeyd: Yazı AFFA-nın sonuncu Konfransından öncə qələmə alınıb

 

 Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər