"Forum Azərbaycanla əməkdaşlığın üstünlüklərini bir daha önə çıxardacaqdır" - TAHİR MİRKİŞİLİ

1253

Davosda keçirilən Dünya İqtisadi Forumu siyasi liderlərin, iri biznes rəhbərlərinin, tanınmış insanların və jurnalistlərin iştirakı ilə dünyanın vacib problemlərinin müzakirə olunduğu bir platformadır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, bu il “Parçalanmış dünyada ümümi gələcəyin yaradılması” altında Davosda keçirilən Dünya İqtisadi Forumunda müasirliyin əsas məsələləri, iqtisadi inkişafın perspektivləri, sabitlik və sülhün möhkəmlənməsi kimi cari məsələlərin müzakirəsi planlaşdırılır: “Forumda dünyanın 100 ölkəsindən 3000-dən çox nümayəndə iştirak edir. Dünyanın aparıcı dövlətlərinin liderləri, baş nazirləri və iş adamları burada bir araya gəlir. Dünya İqtisadi Forumunun 700 ekspertdən ibarət ciddi iqtisadi tədqiqat qrupu var. Bu qrup hər il dünyada iqtisadi inkişafa təhlükə yaradan riskləri ciddi araşdırır.

Davosda keçirilən Dünya İqtisadi Forumu yeganə forumdur ki, həm siyasi liderləri, dünya liderlərini, həm iş adamlarını, vətəndaş cəmiyyəti nümayəndələrini bir araya toplamaq imkanına malikdir. Məhz bu baxımdan Davos Forumu müxtəlif müzakirələr, ayrı-ayrı ölkələrdən xarici investisiyaların cəlb edilməsi üçün və ölkənin özünün potensialının təqdim edilməsi baxımından vacib bir platformadır. Azərbaycan da birmənalı şəkildə bu forumda iştirak etməkdə maraqlıdır. 1995-ci ildən başlayaraq Azərbaycan bu forumda ölkə rəhbəri səviyyəsində iştirak edir. Bu il də Azərbaycan bu forumda ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə təmsil olunur. Azərbaycan Dünya İqtisadi Forumda iştiraka ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünya ölkələrinə çatdırmaqla ölkəyə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq imkanı kimi baxır. Dünyanın aparıcı iş adamları ilə birbaşa ünsiyyət, onlarda ölkə iqtisadiyyatına investisiya etimadının daha da artırılmasına çalışmaq və bunu müasir yanaşmalarla nümayiş etdirmək vacib bir imkandır və bu imkandan da Azərbaycan Prezidenti öz görüşləri və çıxışları ilə istifadə edir. Dünyada siyasi-iqtisadi maraq kəsişmələrini artdığı bir zamanda Azərbaycanın şəffaf, yaradıcı və strateji baxışlarının ortaya qoyulması, sabitlik və inkişafın proqnozlaşdırılmasında Azərbaycanın verdiyi töhfələr forumda ölkəmizlə əməkdaşlığın üstünlüklərini önə çıxardacaqdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər