Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Sumqayıt hadisələri ilə bağlı “Trend”ə müsahibə verib. sumqayitxeber.com saytı müsahibəni sizlərə təqdim edir:
– Sumqayıt hadisələrinin 24-cü il dönümü yaxınlaşır. Ötən il ABŞ konqresmeni Adam Şiff ABŞ konqresində bu məsələni qaldırmağa çalışdı. Bu il Kaliforniya ştatının qanunvericilik orqanında Sumqayıtda “erməni soyqırımı” ilə bağlı hətta qanun layihəsi irəli sürüldü. Sizcə biz getdikcə, növbəti uydurma “erməni soyqırımı” layihəsi təhlükəsi ilə üz-üzə deyilikmi?
– Uzun illər ərzində erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq cəhdində Sumqayıt hadisələrinə istinad edir.
Ölkəmizin ərazisinin 20 faizini işğal etmiş və etnik təmizləmə siyasəti həyata keçirmiş Ermənistan Sumqayıt hadisələrini Azərbaycanın təşkil etdiyi məqsədyönlü akt kimi təqdim edir. Hələ 1988-ci ildə başlanmış bu təbliğat kampaniyası dünya ictimaiyyətinə azərbaycanlıların ermənilərə qarşı qəddarlığı, ermənilərin azərbaycanlılar ilə bir dövlət tərkibində birgə yaşamalarının mümkün olmaması ideyasının aşılanmasına yönəlmişdir. Erməni tərəfi öz yalanlarını həqiqət kimi təqdim etmək məqsədi ilə faktların təhrif edilməsi, sənədlərin saxtalaşdırılması və tarix boyu tətbiq etdiyi digər çirkin üsullara tərəddüd etmədən əl atır. Belə uydurma məlumatlar İnternet şəbəkəsində kütləvi şəkildə yerləşdirilir, onların yayılması üçün xüsusi saytlar yaradılır.
Əgər bu əvvəllər yalnız təbliğatla məhdudlaşırdısa, hazırda Sumqayıtda uydurma “erməni soyqırımına” hüquqi don geyindirilməsi istiqamətində fəaliyyətə başlanılmışdır. Erməni diasporunun uydurma “1915-ci il erməni soyqırımı”nın xarici ölkələrdə tanıtdırılması, Türkiyənin üzərinə məsuliyyətin qoyulması və hətta Fransadakı kimi onun inkar edilməsinin kriminallaşdırılması istiqamətində davamlı şəkildə həyata keçirdiyi siyasət son illər Sumqayıt hadisələrinin təqdimatında da özünü büruzə verməyə başlamışdır.
Belə ki, son vaxtlar Ermənistan Sumqayıt hadisələrinin azərbaycanlılar tərəfindən “ermənilərə qarşı soyqırımı” olması fikrini tez-tez səsləndirir və belə bəyanatlarla müxtəlif beynəlxalq qurumlara müraciət edir, erməni diasporu isə xarici ölkə parlamentlərində məsələ qaldırmağa cəhd göstərir.
Azərbaycan dövləti erməni tərəfinin dezinformasiya xarakteri daşıyan fəaliyyətini diqqətlə izləyir, bu fəaliyyətin qarşısının alınması üçün zəruri tədbirlər görür. Hazırda Sumqayıt hadisələrinə ədalətli siyasi və hüquqi qiymətin verilməsi, eləcə də bu hadisələrin təqdimatında uydurma erməni versiyasının ifşası istiqamətində işlər görülür.
İlk növbədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən hazırlanmış üç dilli “www.sumqait.org” saytının açılmasının əhəmiyyətini vurğulamaq istərdim. Saytın yaradılmasının əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl səbəblərini göstərmək və onun yaranması ilə ermənilərin təbliğat maşınının uydurduğu saxta Sumqayıt “soyqırımını” ifşa etməklə Sumqayıt hadisələri barədə əsl həqiqətləri geniş ictimaiyyətə çatdırmaq, Azərbaycan və Azərbaycan xalqı barədə 20 il ərzində dünya ictimai rəyində ermənilərin formalaşdırmağa çalışdıqları neqativ obrazı dağıtmaqdır. Sumqayıt hadisələrinin əvvəlcədən təşkil olunmuş erməni provokasiyası olmasını sübut edən bütün materiallar saytda yerləşdirilmişdir.
Fəaliyyət yalnız saytın açılması ilə məhdudlaşmır. Ermənilərin ifşa edilməsi üçün filmlər çəkilir, məqalələr, kitablar yazılır, xarici dillərə tərcümə edilir, beynəlxalq səviyyədə gərgin iş aparılır.
Yalnız Sumqayıt hadisələri deyil, Xocalı faciəsi, ümumilikdə Dağlıq Qarabağ münaqişəsi, onun səbəbləri və xalqımız üçün ağır nəticələri barədə məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması münaqişənin ədalətli həlli üçün vacib şərtlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları dəfələrlə qeyd etmişdir ki, Azərbaycan problemin danışıq yolu ilə beynəlxalq hüquq prinsipləri əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının tərəfdarıdır. Lakin sülh prosesi yalnız o halda səmərə verə bilər ki, prosesin iştirakçılarının hərəkətləri və qərarları həqiqi məlumatlara əsaslansın. Bu səbəbdən erməni tərəfinin yaydığı uydurmalar və əsassız iddialar sülh prosesi üçün yalnız və yalnız əngəllər törədir və onun effektivliyini böyük şübhə altında qoyur.
Bu məlumatlar müasir informasiya texnologiyalarından istifadə edilməklə bütün beynəlxalq platformalarda daim yayılmalıdır ki, dünya ictimai rəyində qeyd olunan məsələlərlə bağlı obyektiv mövqe formalaşsın. Türkiyənin bu gün qarşılaşdığı problemlərlə gələcəkdə qarşılaşmamağımız üçün biz informasiya müharibəsində situativ taktikadan uzaqlaşaraq, qabaqlayıcı strategiyaya keçməliyik. Yəni hadisələrin ardınca deyil, əksinə onların önündə getməliyik, daim qabaqlayıcı mövqedə olmalıyıq. Bu çağırışlara cavab olaraq yalnız sistemli siyasi, hüquqi tədbirlər və ardıcıl fasiləsiz effektiv təbliğat gələcəkdə uydurma erməni layihələrinin öz hədəflərinə çatmayacağına təminat verə bilər.
– 1988-90-cı illərdə Sumqayıt hadisələrinə hüquqi qiymət verilməmişdirmi?
– Erməni milliyətçiliyinin ideoloqları – Şaxnazarov, Aqanbekyan, Kaputikyan, Balayanın separatçı ideyalarının təsiri altında olan, eyni zamanda öz siyasi maraqlarını güdən Qorbaçov tərəfindən erməni millətçi və separatçılarına göstərilən dəstək artıq çoxdan sübut olunmuşdur. Məhz Mixail Qorbaçovun Silva Kaputikyan və Zori Balayan ilə görüşü bütün erməni millətçilərini ruhlandırmışdır. Onlara Dağlıq Qarabağın Azərbaycandan qopardılması üzrə mübarizənin “rəsmi səbəbi” kimi yalnız qanlı təxribat lazım idi. Belə “rəsmi səbəb” isə Sumqayıt iğtişaşları oldu.
Çox təəssüf ki, Sumqayıt şəhərində təşkil olunmuş kütləvi iğtişaşlarla bağlı 1988-90-cı illərdə aparılmış istintaq və məhkəmə prosesləri nəticəsində həmin hadisələrə ədalətli hüquqi qiymət verilməmişdir. Onun əsl sifarişçiləri və təşkilatçıları müəyyən edilib məsuliyyətə cəlb olunmamışlar. Əksinə, SSRİ Prokurorluğunun istintaq qrupu Mixail Qorbaçovun göstərişi ilə hadisələrin xuliqanlıq edən elementlər tərəfindən törədilməsi versiyası üzərində dayanmış və həmin versiyanın rəsmiləşdirilməsi istiqamətində iş aparmışdır.
Məhz Sumqayıt hadisələrinə obyektiv siyasi və hüquqi qiymətin verilməməsindən istifadə edən erməni separatçıları Dağlıq Qarabağın Azərbaycanın tərkibindən zorla çıxarılması prosesinə başlamışlar. Sumqayıt hadisələrindən dərhal sonra Ermənistanda, sovet mətbuatında və beynəlxalq səviyyədə Azərbaycana qarşı informasiya kampaniyasına start verilmişdir. Bu kampaniya artıq 24 ildir ki, ardıcıl şəkildə davam etdirilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra erməni təbliğat maşınının Azərbaycan əleyhinə fəaliyyətinin qarşısını almaq, həmçinin Sumqayıt hadisələrinin erməni provokasiyası olmasını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə o dövr üçün bütün mümkün vasitələrdən istifadə edilmiş və Azərbaycan barədə ermənilərin formalaşdırdığı mənfi obrazı dağıtmağa nail olunmuşdur.
Cinayətin əsl təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Baş Prokurorluq Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələmişdir. İstintaqın hərtərəfli aparılması üçün Baş prokurorun birinci müavininin rəhbərliyi ilə istintaq-əməliyyat qrupu yaradılmışdır.
İstintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin çoxsaylı şahidlərinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən SSRİ Prokurorluğunun istintaq qrupuna daxil olan şəxslərin ifadələri alınmış, xarici ölkələrə müvafiq sorğular göndərilmiş, arxiv sənədləri açılmış, mətbuatda verilmiş məlumatlar təhlil edilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.
– Aparılan istintaq nəticəsində hansı yeni faktlar aşkar olunmuşdur?
– Sumqayıt hadisələrinin SSRİ xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi barədə məlumatlar hələ 1989-90-cı illərdə aparılmış istintaq zamanı əldə edilmişdir.
Lakin bu məlumatlar SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmamışdır. Əksinə, kütləvi iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar ört-basdır edilmişdir. Istintaq Eduard Qriqoryan istisna olmaqla iğtişaşların yalnız azərbaycanlı iştirakçılarının məsuliyyətə cəlb edilməsi ilə məhdudlaşmışdır. Başqa sözlə, iğtişaşlarda bilavasitə iştirak edən erməni millətindən olan digər təxribatçılar məsuliyyətə cəlb olunmamışlar.
Azərbaycanın hüquq mühafizə orqanlarının sorğularına Ermənistandan və Moskvadan abstrakt, heç bir informasiya daşımayan cavablar göndərilmiş, E.Qriqoryanın erməni millətçiləri ilə əlaqələrinin müəyyən edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə imkan verilməmişdir. Belə şəraitdə talanların kimlər tərəfindən təşkil edilməsi, Sumqayıt provokasiyasının arxasında kimlərin dayanması ilə bağlı əsas suallar cavabsız qalmışdır.
Yeni faktlar isə onu göstərir ki, , iğtişaşların törədilməsinə hazırlıq hələ xeyli müddət əvvəl başlamışdır. Sumqayıt hadisələri ərəfəsində Ermənistandan və Dağlıq Qarabağdan Sumqayıt və Bakı şəhərlərinə çoxlu sayda milliyyətcə erməni olan şübhəli şəxslər gəlmiş, onların bir qismi kompakt olaraq mehmanxanalarda və yerli ermənilərin mənzillərində yerləşdirilmişdir.
Həmin şəxslər Sumqayıtda yaşayan ermənilərlə çoxsaylı görüşlər keçirmiş, onları təlimatlandırmış, baş vermiş kütləvi iğtişaşlardan dərhal sonra isə yoxa çıxmışlar. Dövlət Təhlükəsizlik Komitəsinin açılmış arxiv materiallarından məlum olmuşdur ki, Dağlıq Qarabağ separatçılarının emissarları, eyni zamanda SSRİ DTK-sının agentləri olan Sarkisyan, Osipov və digərləri Sumqayıt hadisələrində fəal iştirak etmiş və həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunmuşlar. Agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı aşkar olunmuşdur. Bu Sumqayıtda, Fərqanada, Oşda və keçmiş SSRİ-nin digər yerlərində baş vermiş təxribatların bir mərkəzdən təşkil və idarə edilməsini birmənalı təsdiqləyir.
Sumqayıtda baş vermiş kütləvi iğtişaşların ssenarisi E.Qriqoryan, onun iki qardaşı, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş erməni emissarları və Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) agentləri tərəfindən həyata keçirilmişdir. Belə ki, DTK-nın arxiv materiallarından görünür ki, Sumqayıtda separatçı “Qarabağ” komitəsinin aktivisti olan Pxakadze, “Qarabağ” və “Krunk” millətçi cəmiyyətlərinin digər aktivistləri təxribat xarakterli fəaliyyətlə məşğul olmuşlar. Sonradan məhkəmə prosesinin gedişinə daim müdaxilə edərək E.Qriroyanı təlimatlandıran Levon Saturyanın DTK-nın Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə şöbəsinin əməkdaşı olması da təsadüfi deyildi.
E.Qriqoryanın iğtişaş ərəfəsində və iğtişaş günü əlaqə saxladığı təxribat törətmiş şəxslərin kimliyi ilə bağlı istintaq zamanı əldə edilən məlumatlar sonradan cinayət işindən müəmmalı şəkildə yoxa çıxmışdır. Bundan əlavə, özlərini “Qafandan qovulmuş azərbaycanlılar” kimi qələmə verən, azərbaycanlıların Ermənistanda ermənilər tərəfindən qəddarlıqla öldürülmələri barədə şayiələr yayan 20-25 nəfərdən ibarət təxribatçı qrup barədə məlumatlar SSRİ Baş prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da, naməlum səbəblərdən onların yoxlanılması təmin edilməmişdir. Bundan əlavə, erməni evlərinə hücum edənlər arasında Qarabağ ermənilərinin iştirak etməsinə dair zərəçəkənlərin ifadələri nəzərə alınmamış və bu faktlar araşdırılmamışdır.
Emissarlar E.Qriqoryana Sumqayıtda yaşayan və separatçıların yaratdığı “Qarabağ” və “Krunk” təşkilatlarına üzv olmaq istəməyən, üzvlük haqqı verməkdən imtina edən ermənilərin siyahısını və dəqiq ev ünvanlarını vermişlər. Bunu hazırda Sumqayıtda yaşayan qarışıq nigahlarda olan ermənilər də təsdiq edirlər. DTK-nın açılmış arxiv materiallarından məlum olur ki, əksinə Sumqayıtda adları və ünvanları məlum olan 47 erməni milliyətçisinin heç biri iğtişaşlar zamanı şəxsən zərər çəkməmişdir.
Erməni emissarları aqressivliyi artırmaq məqsədi ilə iğtişaş iştirakçılarına paylanması üçün E.Qriqoryanı psixotrop dərman və spirtli içkilərlə təmin etmiş, Qriqoryan qardaşları ilə birgə iğtişaş iştirakçılarına soyuq silah paylamışlar.
Sumqayıtda təxribatın hazırlanmasını göstərən növbəti sübut. Bir çox erməni şəhəri əvvəlcədən tərk etmiş, 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından pulların çıxarılması da kütləvi hal almışdır. Sumqayıtda ermənilərə qarşı törədilmiş cinayətlərin miqyasını süni surətdə genişləndirmək və onların azərbaycanlılar tərəfindən törədildiyini iddia etmək məqsədilə ermənilər köçüb gedərkən öz mənzillərini boşaldaraq qəsdən yanğınlar törətmişlər.
Talançıların hərəkət etdikləri marşrut üzrə yerləşdirilmiş naməlum şəxslər kütləvi iğtişaşlarda iştirak edənlərin bütün hərəkətlərinin videoçəkilişini aparmış və operativ şəkildə həmin kadrları Qərb telekanallarına göndərmişlər. Şübhəsiz ki, çəkiliş aparan şəxslər talançıların planları haqqında əvvəlcədən məlumatlı olmuşlar.
Bilirsiniz ki, hadisələr zamanı həlak olan 32 nəfərdən 6-sı azərbaycanlı olmuşdur. Çox təəssüf ki, azərbaycanlıların ölümü ilə bağlı cinayət işinə 1988-ci il dekabrın 30-da xitam verilmişdir. Hazırda istintaqla müəyyən edilmişdir ki, Bakı sakini olan erməni milliyətçisi Valeri Markaryan sovet əsgərlərini Sumqayıt şəhərinə gətirdikdən sonra şəraitdən istifadə edərək avtobusu küçədə dayanmış dinc insanların üstünə sürərək 4 nəfər azərbaycanlını qəsdən öldürmüşdür. Hazırda bu fakta hüquqi qiymət verilməsi və məsuliyyət məsələsinin həll edilməsi üçün zəruri istintaq tədbirləri görülür.
Sumqayıt hadisələrinin azərbaycanlılar tərəfindən törədilməsi görüntüsünü yaratmaq üçün SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən şahid ifadələri saxtalaşdırılmışdır. Belə ki, mitinqdə çıxış etmiş azərbaycanlıların əksəriyyəti faktiki mitinq iştirakçılarını təxribatdan çəkinməyə çağırdıqları halda, onlar istintaqa “ekstremist” kimi təqdim edilmiş və onların barəsində cinayət təqibi həyata keçirilmişdir. Halbu ki, Sumqayıt erməniləri istintaq zamanı dindirilərkən əksinə məhz azırbaycanlılar tərəfindən xilas edildiklərini dəfələrlə söyləmişlər.
Sonda bir daha qeyd etmək istərdim ki, təzələnmiş istintaqın gedişində əsl təqsirkarların aşkar edilməsi məqsədilə yeni halların açılması istiqamətində fəaliyyət davam etdirilir. Əminəm ki, bütün təqsirkar şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Insan huquqlari demisken 2011-ci ilin mart ayindan Sumqayitin icra hakimi Eldar Ezizov Azermetbuat yayimin Sumqayit sobesine aid bir cox qazet koskleri yerinden gotuzdurub basqa is adamlarina satir.Press yazlan qazet kosklerini Quliyev Mubariz adli sexse verilib orda qazetden basqa ne desan satilir. Size bir sualim var press kosklerde doner,salat ve ya pendir corey satilar?
Koskde isleyenler Azerbaycan prizdenti Iham Eliyeva muraciyyet edibler. Onalrda bir xeber cixmayib Eldar Ezizov oz bildiyini elayir.
Indi biz hara muraciyyet edak.
Xahis edirik Allahi demayin. Cunku Allahadan her gun komek isteyirik. Ancaq xeyri yoxdur….