Hazırda ölkə gündəmini əsasən bir məsələ zəbt edib. Bildiyiniz kimi cəmisi 3 aydı hərbi xidmətə yollanan Ceyhun Qubadov “yerli ermənilər” tərəfindən öldürülərək, şəhid düşüb. Sözün düzü, uzun zamandan bəri ilk dəfədi ki, Azərbaycanda ictimai rəyin nəyisə dəyişdirmək gücündə olduğuna şahid oldum. Ceyhunun dünyasını dəyişdiyi gün səslənən rəsmi açıqlamalrada əsgərin ürək çatışmamamazlığından vəfat etdiyi bildirilirdi. Əgər, təkbaşına böyütdüyü yeganə övladının itkisindən yanan ana bu faciəni ictimailəşdirməsəydi yəqin ki, indi bu hadisəni xatırlayan da olmaz, Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi əsgər ölümü barədə xüsusi bəyanat yaymaz, Müdafiə Naziri məsuliyyətdən yaxasını kənara çəkərək, günahı olanların cəzalandırılması barədə əmr verməzdi. İstənilən halda, heç bir cəza Ceyhunu geri gətirməyəcək. Amma bu əsgər itkisinin ətrafında baş verənlər, ictimayyətin reaksiyası, rəsmi qurumların hərəkətə keçməsi gələcəkdə belə faciələrin təkrarlanmayacağına az da olsa ümid yaradır. Deməli, atalarımız “el bir olsa, dağ oynadar yerindən” kəlamını boşuna deməyiblər. Qalır atalarımızın dediklərinə diqqət yetirib, müdriklərin kəlamlarını özümüzə prinsip seçməyimiz. Futbol camiəsinin isə başı daha çox transfer məsələlərinə qarışıb. Bizim futbolçu cavanlarımızı vətən-milli hisslərdən daha çox, “hansı klubdan daha çox pul qopara biləcəyəm” düşüncələri məşğul edir. Bir necə dəfə futbolçuların əsgərlik məsələsi gündəmə gəlsə də, bu problem kökündən həll olunmamış qalır. Bildiyiniz kimi çox vaxt özümüzə nümunə gətirdiyimiz Türkiyədə həm insanlar, həm də dövlət əsgərlik məsələlərinə çox ciddi diqqət ayırır. Bu sahədə qəbul olunmuş qanunlara çox ciddi şəkildə əməl olunur. Doğru olanı da budur. Əgər, özünə kişi deyən kəs bu torpağın üstündə gəzib, başını dik tutmaq istəyirsə vətənə olan əsgər borcunu da ödəməlidir. Türkiyə qanunlarına görə müəyyən müddət qanuni əsaslarla xaricdə yaşayan vətəndaşlar bu barədə müvafiq sənəd təqdim edə bilsə, təxminən 6 min avro ordunun xərcləri üçün ayrılmış xüsusi hesaba keçirdikdən sonra 21 günlük hərbi xidmətə cəlb olunurlar. Həmin müddətdə silah-sursatla, əsgərlik həyatıyla məhdud çərçivədə tanış olduqdan sonra belələrinə hərbi bilet təqdim edilir. Fikrimcə, bu qanunun ölkəmizdə tətbiq olunmasının vaxtı çoxdan çatıb. Belə olsa, bundan həm ordumuz, həm də futbolumuz fayda götürər. Hazırki şəraitdə əsgərlik yaşı çatan futbolçular ən müxtəlif üsullarla orduda xidmətdən yayınırlar. Müqayisəmə görə məni bağışlayln, amma sizcə, hazırda Murov dağında qarlı səngərlərdə xidmər keçən oğlanların misalçün, Rauf Əliyevlə Əfran İsmayılovan nəyi əskikdir? Həmin oğlanlar gecə-gündüz o səngərlərdə ona görə keşik çəkirlər ki, Rauf Bakıda öz “Mustanq”ıyla rahat şütüyə bilsin. Bildiyim qədər, xüsusi qabiliyyətiylə seçilən, beynəlxalq yarışlarda, olimpiadalarda, müsabiqələrdə Azərbaycanın adını yüksəldən, mükafat qazanan gənclər imtahansız ali məktəblərə qəbul edilir, hərbi xidmətdən azad olunur, müxtəlif imtiyazlar qazanırlar. Bu haqda rəsmi qərar olsa belə, bunun futbolçularımıza tətbiq edilməsi gülüncdür. Hansı, futbolçumuz beynəlxalq aləmdə ölkəmizin adını, bayrağını yüksəldib? Bizimkilər öz klublarımızdan qazandıqları yüzminlərin əsirinə çevrilib, xaricdən gələn transfer təkliflərinə heç maraq da göstərmirlər. Milli komandamız da əbədi autsayder adından qurtula bilmir. Belə olan halda yuxarıda qeyd etdiyim imtiyazların futbolçulara şamil edilməsi məntiqsiz addımdır. Əksinə, səfər oyunlarında qınına qısılmış tısbağa kimi öz cərimə meydançasından uzaqlaşmağa cəsarət edə bilməyən futbolçuların peşəkar futbolçuyam deyib, qürrələnməyə belə ixtiyarı yoxdur. Belələrinə rəhmətlik Səddam Hüseynin oğlu Udayın istifadə etdiyi cəza üsullarını tətbiq eləmək daha düzgün olardı. Zarafat bir yana qalsın, Türkiyədə tətbiq olunan üsuldan yararlana bilsək, çox şey dəyişər. Birincisi, belədə bir-neçə il qanuni işçi vizasıyla Azərbaycandan xaricdə yaşamağın vacibliyini dərk edən futbolçularımız nə olursa, olsun xarici klublarda oynamağa can atacaqlar. Nəticədə avtomatik olaraq bizimkilərin az qazanc müqabilində belə daha səviyyəli çempionatlara axını başlayacaq. Müəyyən müddət xaricdə oynayan azərbaycanlı futbolçuların səviyyəsinin, peşəkarlığının artacağı isə şübhəsizdir. Bundan da Azərbaycan futbolu, milli komandamız xeyir görəcək. Eyni zamanda yerli futbolçuların süni qiymət artırma siyasətinə də son qoyulacaq. İkincisi və daha vacibi odur ki, qanuni yollarlarla dövlətin hesabına köçürülən məbləğ ordumuzun maddi-texniki bazasının, əsgərlərimizin şəraitinin yaxşılaşdırılmasına yönəldiləcək. Onsuz da indiyə qədər əsgərlikdən yayınmaq istəyənlər müəyyən qədər xərcə düşür ki, həmin pullar da rüşvət kimi hərbi komissarlıq işçilərinin cibinə axır. Nə deyirsiz? Təklifim ağlabatandı, yoxsa yox?! Hə, axı həmin qanunun qəbulu sayəsində daha Rauf və onun kimilər “Bakı”, “Qəbələ”, “Xəzər Lənkəran” kimi milyonçu klublarımızın gözqamaşdıran təklifləri qarşısında cəfa çəkib, seçim etmək zorunda da qalmayacaq. Əziz millət vəkilləri, hərbi xidmət haqqında qanuna dəyişikliklər edin ki, futbolçularımız belə cəfalardan azad olsun!
Amal Abuşov