Futbolun kütləviləşdirilməsi, yoxsa, kütlənin futbolsuzlaşdırılması?

899

Zaman-zaman futbolumuzdakı problemlərdən, onun həlli yollarından, görülməsi vacib olan tədbirlərdən yazırıq, danışırıq. Futbolun inkişafı üçün vacib tələb olunan amillərdən biri də onun kütləviliyinə nail olmaqdır. Ümumiyyətlə, tək futbolda yox, istənilən sahənin daha geniş kütləyə çatdırılması, sevdirilməsi üçün kütləvilik, populyarlıq əsas şərtdir. Bu mənada Azərbaycanda da futbolun inkişafı üçün ilk növbədə onun kütləviliyinə nail olmaq lazmdır. Təsadüfi deyil ki, ölkə başçısının imzaladığı Azərbaycanda Futbolun İnkişafına Dair Dövlər Proqramında da bu məqam xüsusi olaraq, öz əksini tapıb. Bəs gəlin görək, bizdə futbolun kütləviliyi təmin olunurmu? Birmənalı şəkildə demək olar ki, xeyr. Bəli, Azərbaycan futbolunda sərmayə var, amma inkişaf yoxdur. Mən hər şeyi qara görmək fikrində deyiləm. Bugün əgər hansısa yeni klub yaranırsa, yeni stadionlar, bazalar tikilirsə, bunu görməməzlikdən gəlmək ən azından vicdansızlıq olardı. Ancaq gəlin məsləyə real, obyektiv gözlə baxaq. Az öncə dediyim kimi, futbolumuzda pul olsa da qeyri-peşəkar idarəçilər sayəsində bu pulların böyük hissəsi havaya sovrulur. Durub desəm ki, AFFA rəhbərliyi qeyri-peşəkar işləyir, futboldan anlayışları yoxdur, nə yeni bir söz demiş olacam, nə də Amerika kəşf etmiş. Bir federasiyada ki, prezidentin, vitse-prezidentlərin yolu ildə 1-2 dəfə həmin federasiyadan düşür, bütün işləri baş katib görür, orada hansı inkişafdan danışmaq olar?

Məhz hazırkı AFFA rəhbərliyinin yarıtmaz fəaliyyətinin nəticəsidir ki, milyonlar havaya sovrulur, inkişaf da yoxdur. Yəni, inkişaf deyəndə mən, bu pulların müqabilində olması gərəkən inkişafdan danışıram. Məhz AFFA rəhbərliyinin səriştəsizliyi nəticəsində Azərbaycan futbolu get-gedə Bakıda cəmləşməyə başlayıb. Diqqət yetirin, yeni tikilən stadionlar, yaranan komandaların 80, bəlkə də 90 faizi Bakıda cəmləşib. Gəncə, Tovuz, Mingəçevir kimi futbol şəhərlərinin stadionları dağılıb gedir, amma AFFA bütün yeni stadionları Bakıda tikir. “Dalğa Arena”, “Bayıl Arena”,”8 km stadionu”. Halbuki bu stadionların birinin tikintisinə xərclənən vəsaitlə yuxarıdakı 3 şəhərin stadionuna əl gəzdirib onları normal vəziyyətə gətirmək olardı.

Bugün UEFA-dan klublara ayrılan pulları toplayıb Gəncə və Tovuz stadionlarının ot örtüyünü süni ilə əvəzləməyə hazırlaşırlar. Bununla da onsuz da şikəst olan Azərbaycan futbolunu tamamilə iflic eliyirlər.

Artıq ölkə çempionatı da Bakıya cəmləşib. AFFA Azərbaycanda futbolu kütləviləşdirib, onu ölkənin dörd bir yanına yaymaqdansa, onu Bakıda cəmləşdirib regionları futbolsuz qoyur. Diqqət yetirin, ölkə çempionatında çıxış edən 12 klubdan 9-u Bakıda məskunlaşıb, ev oyunlarını paytaxta keçirir. Bunu bölgə klublarının stadionlarının ot örtüyünün pis olması ilə əlaqələndirirlər. Guya “Kəpəz” və “Turan” özü AFFA-ya PFL-ə müraciət edərək, stadionlarının ot örtüyünün bərbad vəziyyəti səbəbindən ev oyunlarını Bakıda keçirmək istədiklərini bildiriblər. Sizi bilmirəm, amma mən buna inanmıram. Buna inanmaq üçün ya uşaq olmalısan, ya da futbolu AFFA rəhbərliyi kimi bilməlisən (yəni futboldan bixəbər olmalısan). Adama sual verərlər, guya Gəncə və Tovuz stadionlarının ot örtüyü nə vaxt ideal vəziyyətdə olub? Son 10 ildə mən xatırlamıram ki, qış aylarında Azərbaycanda ideal vəziyyərdə olan stadion olsun. Elə həmin Gəncə, eləcə də Tovuz stadionlarında az olub ki “palçıq döyüşü”nün şahidi olmuşuq? Nə oldu bu klublar indi bunun fərqinə varıb, stadionlarını dəyişməyə qərar verdilər? Niyə keçən il, ondan əvvəlki il “Turan”, “Kəpəz” rəhbərliyi eyni müraciətlə çıxış etmədi? Özünüzü aldatmayın cənablar, bütün bunlar hamısı AFFA-nın öz planıdır. Bugün hər kəs qəbul edir ki, “Dalğa Arena” özünü doğrultmayan lahiyə oldu. Yəni, bu stadion Azərbaycan futboluna lazım deyil. Söhbət heç də ondan getmir ki, bu arenanın ot örtüyü sünidir. Söhbət həm də arenanın əlverişsiz mövqeydə inşa olunmasıdır. Hamı etiraf edər ki, “Dalğa Arena”da oyun olanda heç kim ora getmək istəmir. Yaxud, kiməsə deyəndə ki, “sabah Mərdəkanda oyun var bəlkə gedək?” cavab bu olur ki, “işin gücün yoxdur? Sən get mən canımdan bezməmişəm”. Həqiqtən də mərkəzdən xeyli uzaqda yerləşən arenaya getmək hər mənada sərf etmir. Məsafə uzaq, nəqliyyat yox. Yayda isə, ümumiyyətlə, altında maşının da olsa bu dəfə tıxac səni yolda saxlayacaq. Çünki dənizə gedib gələnlərin çox olması əlavə problemlər yaradır. Ancaq bu gün “Kəpəz” və “Turan” ev oyunlarını keçirmək üçün bu arenaya üz tutublar. Az öncə dediyim kimi, bu istəyin Gəncə və Tovuz klubunun rəhbərliyi tərəfindən gəldiyinə qətiyyən inanmıram. Bu, sadəcə AFFA rəhbərliyinin istəyidir. Onlar boş qalmış “Dalğa Arena”nı məcburən “Kəpəz” və “Turan”a sırıyırlar. Tək kəlmə: Gəl və “Dalğa Arena”da oyna. Hünərin də var, etiraz elə. Çünki bu gün “Kəpəz” və “Turan” AFFA-dan aslıdır. Bu şəhərlərin stadionlarının AFFA tərəfindən təmirinə toxunduq. İkincisi, “Kəpəz” AFFA-nın təklifindən imtina eləsə, Premyer Liqa ilə vidalaşmalı olacaq. Yenə indi “hə” deməklə ümid edir ki, sabah federasiya reqlamenti yenidən dəyişərək, Gəncə klubunu elitada saxlayacaq. “Turan”ın da zaman-zaman federasiyadan maddi dəstək alması heç kimə sirr deyil. Bunun müqabilində “Turan” da federasiya qarşısında dili qısadır və onların da federasiyanın Bakıya köçmək təklifinə “yox” deməyə ixtiyarı yoxdur. Beləliklə, AFFA yenə Azərbaycan futbolunun yox, öz şəxsi mənafeyini düşünərək, “Dalğa Arena”nın boş qalmasına imkan vermədi. Əvəzində iki böyük futbol şəhəri olan Gəncə və Tovuz futbolsuz qaldı.

Nəzərə alaq ki, daha öncə “Sumqayıt” da Bakıya köçərək mövsümün sonuna kimi ev oyunlarını bu şəhərdə keçirməyə qərar vermişdi. Ötən mövsüm isə “Qarabağ” Quzanlıdan imtina edərək, paytaxta dönmüşdür. Məncə, artıq şərhə gərək yoxdur. 12 klubun 9-nun Bakıda məskunlaşdığı bir vəziyyətdə inkişafdan danışırsınıza, onda… Deməyə söz tapmadım, ona görə nöqtələr qoydum.

P.S. Day keçib, “Xəzər Lənkəran”, “Qəbələ”, “Simurq”u da birtəhər dilə tutun gətirin Bakıya rahat nəfəs alın. 3 komandaya görə hakimləri əziyyətə salıb uzaq yola göndərməyin.

Anar Xanlarov, sportinfo.az

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər