Füzuli Məmmədoğlu : “Faktiki olaraq Dağlıq Qarabağı Rusiya nəzarətdə saxlayır”

1133

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin eksperti, sinergetik Füzuli Məhəmmədoğlunun Rusiya –Azərbaycan münasibətləri və rəsmi Kremlinin Qafqazda olan maraqları, Gürcüstanda cərəyan edən daxili vəziyyətlə bağlı və sinergetika elmi barəsində Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə müsahibəsi

Bildiyimiz qədər, Siz Rusiyanın elmi dairələri ilə təmasda olursunuz. O mühitdə Azərbaycana münasibət neçədir? Rusiya siyasi-içtimai düşüncəsinin formalaşmasında elm mərkəzlərinin nə qədər təsiri var?

– Mən Rusiya EA-nın Fəlsəfə İnstitutunun əyani aspiranturasında oxumuşam. Təmas dairəsi də həmin institutla məhdudlaşır. Son vaxtlar iki dəfə Rusiyada elmi ezamiyyətdə olmuşam. 2005-ci illə müqayisədə rus alimlərinin Azərbaycana münasibəti daha yaxşıdır. Bunun əsas səbəbi iki ölkə arasında siyasi münasibətlərin getdikcə daha yaxşı olmasıdır. Eyni zamanda, alimlər arasında ənənəvi əməkdaşlıq faktoru da rolunu oynayır. Məncə, elmi dairələr arasında əlaqələr nə qədər geniş olsa, bir o qədər yaxşıdır.
Rusiya ictimai-siyasi düşüncəsinin formalaşmasına elm mərkəzlərin ciddi təsir edir. Rusiya EA-nın 13 institutu ortaq proqram üzrə ölkənin müxtəlif sahələrinə aid strateji proqramlar hazırlayırlar. Bu tədqiqatlara Keldış adına Riyaziyyat İnstitutu rəhbərlik edir. Ancaq həmin tədqiqat komandasında humanitar sahəyə aid olan institut əməkdaşları da vardır. Rusiya alimləri müasir elmin ən müasir istiqamətlərindəki tədqiqat metodlarından istifadə edərək, sosial, siyasi, mədəni, iqtisadi, geosiyasi, psixoloji və s. sahələrə aid proqramlar hazırlayır, modellər qurur və strateji xarakterli proqnozlar verirlər. O cümlədən, 2025-ci ilə qədər Rusiyanın inkişaf strategiyasını hazırlayıb hökumətə təhvil veriblər, demoqrafik durumun təkamül dinamikasının modellərini qurublar, sosial risqlərin hesablanması və önlənməsi ilə bağlı tədqiqatlar aparıblar və s. Bütün bunlarla yanaşı, professor Malinetskiy Dumada elmi məruzələrlə çıxış edir, ölkənin aktual problemlərinin elmi həlli ilə bağlı təkliflər verir. Onu deyək ki, həm V.Putin həm də D.Medvedyev alimlərin hazırladıqları proqramlara diqqətlə yanaşıblar və ondan istifadə edirlər. Rusiyanın strateji proqramları alimlər tərəfindən hazırlanmış variantda qəbul edilib. Ancaq Rusiyada emi mərkəzlərin ictimai-siyasi mühitə təsiri Qərbdən bir neçə dəfə geri qalır. Elmi kəşflərin praktikaya tətbiqi sürəti baxımından isə Rusiya hətta Tanzaniyadan belə geridədir.

– Füzuli bəy, Siz bu yaxınlarda Rusiyada keçirilən konfransa dəvətli idiniz. Bu tədbirlə bağlı məlumat vermənizi istərdik.

– Iyun ayının 15-də Rusiya EA Fəlsəfə İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq elmi konfrans oldu. Konfrans Heydər Əliyev Fondunun Rusiya Federasiyasi üzrə Nümayəndəliyinin, Rusiya EA Fəlsəfə İnstitutunun, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, Rusiya Fəlsəfə Cəmiyyətinin və M.V.Lomonosov adına MDU-nun təşkilatçılığı ilə keçirilirdi. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutundan 5 nəfər filosof tədbirdə iştirak etdi. Bunlar institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, şöbə müdiri, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, mən, fəlsəfə elmləri namizədi Sergey Rumyantsev və fəlsəfə elmləri namizədi İlham Abbasov iştirak edirdilər. Konfransın mövzusu “Qloballaşma şəraitində mədəniyyətlərarası qarşılıqlı əlaqələr” idi. Konfransda Rusiya tərəfdən 26 elmlər doktoru, professor iştirak edirdi. Tədbiri Heydər Əliyev Fondunun RF üzrə Nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva açdı. Onu deyim ki, azərbaycanlı filosofların məruzələri maraqla dinlənildi. Onlar elmi cəhətdən daha sanballı təsiri bağışladı.

-Son illər Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etməkdədir. Siyasi analitik olaraq neçə düşünürsünüz, prosesin bu formada davam etməsi, gələcəkdə Dağlıq Qarabağ məsələsinin həllinə kömək edə bilərmi?

– Rusiya-Azərbaycan əlaqələrinin tarixi bir neçə yüzili əhatə edir. İki dövlətin sıx əməkdaşlıq etməsi buna görə təbiidir. Rusiya böyük qonşu kimi Azərbaycan üçün həmişə maraqlı olub və bundan sonra da olacaq. Ona görə də əlaqələrin sürətli inkişafı müsbət haldır. Ancaq Dağlıq Qarabağ münaqişəsinin yaranması da birbaşa Rusiyanın imperialist ambisiyalaının nəticəsidir. Faktiki olaraq Dağlıq Qarabağı Rusiya nəzarətdə saxlayır. Ermənilər yalnız görünüşdür. İki ölkə arasında əlaqələrin inkişafının Dağlıq Qarabağ məsələsinə necə təsir edəcəyi haqqında birmənalı proqnoz vermək çətindir. Çünki burada çox şey hansı geosiyasi məqamın önə çıxmasından, dünyada geosiyasi qüvvələr nisbətinin dəyişmə dinamikasından, bölgə dövlətlərinin inkişaf sürətindən, Qərbin yeritdiyi siyasətin müxtəlif aspektlərdə uğurlu olma dərəcəsindən və Ermənistanın qeyri-konstuktiv mövqedən çəkilməsinə hazırlıqdan asılıdır. Hər bir variantda Rusiya yalnız özünə sərf edən həll modelinin reallaşmasına çalışacaq. Bu model Azərbaycanın maraqlarına cavab verməyə də bilər. Bununla yanaşı, bir çox məqamların Türkiyənin Güney Qafqaza siyasi və geosiyasi ağırlığını nə dərəcədə qoya bilməsindən asılı olacaq. Başqa variantlara da baxmaq olar. Ona görə də Dağlıq Qarabağ məsələsinin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı bağlılığında həlli çoxməchullu qeyri-xətti tənlik təsiri bağışlayır.

– Rusiyanın Qafqazdakı maraqlarının fonunda yaxın vaxtlarda şimal qonşumuzun bölgədən sıxışdırılıb çıxarılma ehtimalı varmı?

– Məncə, bu, siyasi şərhçilər, ekspertlər və analitiklər arasında dəbdə olan məsələdir. Reallıqda “sıxışdırılıb çıxarılma” prosesi çox mürəkkəb və ziddiyyətli prosesdir. Rusiyanın bölgədə mövqeyi möhkəmdir, mədəni, siyasi, iqtisadi və hərbi təzyiq mexanizmləri qalmaqdadır. Üstəlik, Rusiya son illər, xüsusilə Azərbaycanla doğurdan da bərabərtərəfli əlaqələr qurur. Bura həm iqtisadi, həm də humanitar sahədəki ortaq proqramların reallaşdırılması daxildir. Bu tendensiyanın davam etdirilməsi ehtimalı çoxdur. Onu da nəzərə alaq ki, bütün dünyada Qərbin qloballaşma modellərinə müəyyən müqavimət artıb. Xüsusilə, müsəlman dövlətlərini razı salmayan bir neçə mühüm məqam vardır. Odur ki, qlobal miqyasda gedən proseslərə xeyli dərəcədə ehtiyatlı yanaşmaq daha konstruktiv olardı. Azərbaycanda bəzi “politoloqlar” neçə ildir ki, vəziyyətdən asılı olaraq gah “Rusiya sıxışdırılır”, deyir, gah da “Rusiyanın bölgəyə təsirini neytrallaşdırmaq üçün filan işlər görülür”, söyləyir. Reallıqda isə burada Rusiya da var, Qərb də.

– Bölgədə gərginliyə səbəb olan faktorlardan biri də Rusiya-Gürcüstan münasibətlərinin pişləşməsidir. Rusiya bunun səbəbkarı olaraq Saakaşvilini günahlandırır. Rəsmi Kreml Mixail Sakaaşvilinin siyasi səhnədən getməsinə nail ola biləcəkmi?

– Rusiyanın Gürcüstana münasibətini qüsurlu hesab edirik. Gürcüstan da xarici siyasətində sırf Qərbyönlü istiqaməti seçdiyinə görə xeyli səhvlərə yol verdi. Bunu artıq Gürcüstanın siyasi dairələrində etiraf edirlər. Rusiyanın Gürcüstana hərbi müdaxiləsinə haqq qazandırmaq, hansısa siyasi arqumentlə əsaslandırmaq mümkün deyildir. Rusiya o ərazilərdən çıxmalıdır. Üstəlik, Abxaziya və Güney Osetiya məsələsini Balkanlardakı siyasi ziddiyyətlərlə bağlayıb, Qərbdən heyif çıxmaq kimi davranmaq doğru deyil. Ortada xalqların taleyinə qaranlıq çökür. O cümlədən, bölgədə təcavüzkarlıqla məşğul olan Ermənistana süni kartlar verilir. Bunların fonunda M.Şsaakaşvilini daha incə siyasət yeritməməkdə günahlandırmaq bəlkə də olar. Lakin M.Saakaşvili Gürcüstanın ərazi bütövlüyünü qorumaq üçün addım atıb, ona görə də o, günahkar deyil. Səhvlərini müzakirə etmək işi də gürcü xalqının və siyasi dairələrinin daxili işidir. Rusiyanın heç bir haqqi yoxdur ki, kiməsə dövlət başçısı seçməkdə göstəriş versin. Hətta Lukaşenko qəzəblə deyir ki, “Kremlin sifarişlərni yerinə yetirməyəcəyəm”. Rusiyanın M.Saakaşvilinin siyasi səhnədən getməsinə nail ola bilməyəcəyinə inanıram.

-Siz siyasi analizlərlə bərabər, yeni elmi istiqamətlərdən sayılan sinergetika ilə də məşğul olursunuz. Bu elm haqqında qısa da olsa, oxucularımıza məlumat vermənizi istərdik.

– Sinergetika keçən əsrin 70-ci illərində alman fiziki Herman Haken tərəfindən yaradılıb. Ancaq paralel olaraq dünyanın bir neçə ölkəsində analoji tədqiqatlar aparılıb. “Sinergetika” termini “kollektiv hərəkət”, “birgə fəaliyyət” deməkdir. Burada müxtəlif təbiətli sistemin xaosdan nizamlılığa keçidinin ümumi qanunauyğunluğu tədqiqi olunur. Maraqlıdır ki, təbiət sistemləri və sosial sistemləri oxşar qanunauyğunluğa tabedirlər. Bu da bir neçə təbiət elminin (fizika, riyaziyyat, bilogiya, kimya) kəsişməsində yaranan sinergetikanın metodlarından siyasi, iqtisadi, sosial, mədəni və s. sistemlərin tədqiqində istifadə etmək imkanı yaradıb. İndi dünyada “sosialsinergetika” adlanan elmi istiqamət sürətlə inkişaf edir. Sosialsinergetikanın metodlarından biz də istifadə etməyə çalışırıq. Bizim öz metodoloji yanaşmamız formalaşmaqdadır. Azərbaycan üçün əhəmiyyətli olan müxtəlif proqramların hazırlanmasında aktiv iştirak edə bilərik. Yeri gəlmişkən, bu məqsədlə sırf elmi mahiyyətli “Sinergetik Araşdırmalar və Risqləri Proqnozlaşdırma Mərkəzi” (SARP) adlı İctimai Birliyi yaratmaq işimiz yekinlaşmaq üzrədir. Bu qurumun əsas vəzifəsi hökumətə islahatları həyata keçirməkdə lazım ola biləcək müxtəlif proqramların hazırlanmasında yardım etmək, elmin inkişaf strategiyası ilə bağlı ölkə başçısının tədqiq etdiyi proqramın reallaşmasında AMEA-ya müxtəlif elmi proqramlar vasitəsi ilə dəstək vermək və Azərbaycan cəmiyyətinin demokratikləşməsinin fəlsəfi-elmi məsələlərini əhatə edən elmi layihələri işləməkdən ibarətdir. Yaxın günlərdə SARP-ın sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməyi düşünürük və bir sıra elmi tədbirləri həyata keçirməyi planlaşdırırıq.

Söhbətləşdi: Elnur Eltürk

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər