Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində 10-15 dekabr 2009-cu il tarixlərində Gənc Müəllimlər Şurası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, şəhər Təhsil Şöbəsi və ilə birgə “Qanunun Aliliyi” Hüquq Mərkəzində orta ümumtəhsil məktəblərində çalışan gənc müəllimlər üçün insan hüquqlarının tədrisi mövzusunda təlimçilər üçün təlim təşkil etmişdir.
Sumqayitxeber.com saytına açıqlamasında Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı İsmayıl Kərimov bildirmişdir ki, 5 günlük təlimdə əsasən orta məktəblərdə şagirdlərlə sosial sahədə işləyən əməkdaşlar- psixoloqlar, uşaq birliyi təşkilatlarının rəhbərləri, konstitusiya hüququ, insan və cəmiyyət dərslərini tədris edən müəllimlərdən ibarət 25 nəfər iştirak edib.
Fəal təlim metodu ilə Azərbaycan məktəblərində şagirdlərə insan hüquqlarının tədrisinin vacibliyi, insan hüquqları anlayışı, diskriminasiya və növləri, ksenofobiya, uşaq hüquqları konvensiyası, insan hüquqlarında meydana gələn münaqişə mövzularını əhatə etməklə yanaşı məktəblərdə insan hüquqlarının qorunması, himayə edilməsi və tədrisində müəllimlərin rolu haqqında iştirakçılar məlumatlandırıldı.
Təlimdə şagirdlərə insan hüquqlarının tədrisi prosesində təlimçilərə beyin həmləsi, debat, qrup işlərinin aparılması, təqdimat, simulativ oyunların təşkilində tətbiq edilən metodikalar və moderatorluq qabiliyyətləri də öyrədildi. Təlimin sonunda iştirakçılar gələcəkdə məktəblilərə insan hüquqlarının tədris edilməsi mövzusunda təlim proqramlarının və strategiyanın hazırlanması sahəsində fikir mübadiləsi apardılar. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.