Gecələr dilənçiliyə məcbur edilən 12 yaşlı Tural polis bölməsində şirin yuxuya getdi - Bir uşağın FACİƏSİ

1054

Bakıda anası və atalığı tərəfindən dilənçiliyə məcbur edilən 12 yaşlı uşaq saxlanılıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin BAKU.WS-ə verdiyi məlumata görə, Tural Həsənov (ad və soyad şərtidir) gecə saat 3 radələrində Gənclik metrosunun yaxınlığında salfet satarkən saxlanılıb:

“Sosial şəbəkələrdə gecə saatlarında Gənclikdə dilənçilik məqsədilə salfet satan bir oğlan uşağı ilə bağlı məlumatlar yayılırdı. Salfetka satan uşaqla bağlı dünən səhər saatlarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə şifahi məlumat vermişdim və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi ilə də danışmışdım, artıq məktub hazırlanmışdı. Uzun araşdırmalardan sonra uşaq dünən gecə saxlanılaraq polis bölməsinə aparılıb”.

Kəmalə xanım Turalın artıq sığınacağa yerləşdirildiyini bildirdi: “Bir gecə polis bölməsində qaldıqdan sonra bizim sığınacağa təhvil verdilər. Uşağın sülaləsi, anası, atalığı, atalığın qardaşları belə sığınacağa gəlmişdilər. Uşaq saxlanılarkən üzərindən 65 manat pul çıxmışdı. Bəli, hər gecə bu pulu qazanmaq üçün onu yatmağa qoymurdular”.

Ağazadə Turalın işi ilə bağlı bu gün Respublika Baş Prokurorluğuna müraciət edəcəyini deyir:

“Qaranlıq məqamlar çoxdur. Problem o yaşda uşağın salfet satması deyil. Ailəyə dəstək olmaq hər zaman insanlar tərəfindən rəğbətlə qarşılanıb. Amma uşaq təhsildən ayrı düşürsə və 12 yaşınadək heç vaxt məktəbə getməyibsə, uşaq məqsədli şəkildə geyindirilib-bəzəndirilib küçəyə çıxarılırsa və ona böyük əmilər-dayılar kənarda dayanıb nəzarət edirsə, aparıb-gətirirlərsə, demək burada ciddi bir cinayət var. O, uşaq tək deyil. Cəmiyyətə çox böyük təhlükə var.

Uşağın beyninə o dərəcədə yeritmişdilər ki, kömək etmək istəyən heç kimi yaxın buraxmırdı. Qışqırırdı ki, mənə yaxın gəlməyin, arxamda dayanan insanlar var. Gecələr yatmadığından uşağın psixologiyası da pozulub. Dünən gecəni polisdə olduğundan şirin yuxuya gedib. Anası polis bölməsinə gələndə, uşağın yatdığını deyib, oyatmayıblar. Sadəcə uşağı yatmış vəziyyətdə anaya göstərirlər ki, sağ-salamat olduğunu görsün. Səhəri gün ona deyiləndə ki, anan gəlmişdi, səni oyatmadıq, cavab verib ki, yaxşı ki, oyatmadız. Bu bilirsiz nə mesajdır? Uşaqla işlədikcə çox şeylər ortaya çıxacaq.

Tural baxımsız vəziyyətdə deyildi, məqsədli şəkildə səliqəli geyindirilmişdi. Belə uşaqların bir neçəsi ilə bağlı məlumatım var. Onların öz valideynləri, doğmaları tərəfindən istismarının qarşıısının alınmasına çalışacam. Artıq təhqiqata başlanılıb. Hüquq-mühafizə orqanlarının işini müdaxilə etmək düzgün olmadığından, uşaqla bağlı ətraflı məlumat verə bilməyəcəm”.

Kəmalə Ağazadə Turalın qəyyumluğunun valideynlərindən alınıb, ona verilməsinə nail olmaq fikrində olduğu deyir: “Qəyyumluğumda 34 uşaq var, bu da olsun 35-ci. Valideynləri tərəfindən istismar edilən uşaqların hesabına bu say artacaq. Çünki bu məsələ ilə ciddi məşğul olmağa başlamışam”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər