Gəlin imtina edək

1189


bff50f870341

Xanlar Xoca
xanlarxoca@gmail.com

Yola saldığımız ötən ilin son günlərində Böyük Britaniyanın kraliçası II Yelizaveta bütün dünyaya gözəl bir nümunə göstərdi. Milad bayramı ilə əlaqədar tətilə ictimai nəqliyyatla yola düşən kraliça ölkə xəzinəsinə 57 min funt qənaət edilməsinə səbəb oldu. Amma bu dünyada ilk belə hadisə deyil, zaman-zaman bir çox tanınmış insanlar, məşhurlar, dövlət xadimləri bu cür numunəvi addımları ilə cəmiyyətə qaynayıb qarışmağın eyib bir şey olmadığını nümayiş etdiriblər. Hətta İsveçin mərhum baş naziri Ulof Palmeni həyat yoldaşı ilə birlikdə tez-tez cangüdənsiz avtobusda, tramvayda görəndə isveçlilər belə baş nazirləri oldğu üçün onunla fəxr edirdilər. Amma Azərbaycanda adi vətəndaş da bir az pul toplayan kimi qonşunun acığına köhnə də olsa mütləq avtomobil alır və az qala zibil atmağa da onunla gedir. Nisbətən babat imkanı olanın dadına Gürcüstanın ucuz maşın bazarı çatır, normal aylıq gəliri olanlar isə arzuladığı avtomobili hansısa salondan kreditlə də götürə bilir. Ən adi vətəndaşımız da nəhəng və uzun avtomobillərə meyl edir ki, bunun da əsas səbəbi təbii ki, fərqlənmək istəyidir. Dünyada bu gün insanlar arasında elmi, düşüncəsi, dünyagörüşü, istedadı, xeyirxahlığı, yüksək əxlaqı və digər müsbət cəhətləri ilə fərqlənmək uğrunda yarış getdiyi halda bizdə bir avtomobil sahibi olmaq, bir də onu daha möhkəm sürmək, avtoxuliqanlıq etmək üçün mübarizə gedir. Əksər qabaqcıl dövlətlərdə əhali velosipedlərə və piyada gəzintiyə meyl edir və bunun da köklü səbəbləri var.

Kanadalı alimlərin apardığı tədqiqatın nəticələri sübut edib ki, insanın özünü yaxşı fiziki formada hiss etməsi üçün öz iş rejiminə dəyişiklik etməsinə, trenajor və fitnes zallarına baş çəkməsinə ehtiyac yoxdur. Bunun üçün sadəcə mütəmadi olaraq ictimai nəqliyyatdan istifadə etmək lazımdır. Britaniya Kolumbiya Universitetinin alimləri isə 4516 nəfərin iştirakı ilə tədqiqat aparıblar və təcrübəyə cəlb edilənlər arasında həm öz avtomobilində hərəkət edənlər, həm də ictimai nəqliyyatdan mütəmadi istifadə edənlər olub. Nəticədə məlum olub ki, metro, avtobus, tramvay və digər ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin üzərinə düşən fiziki yük öz avtomobilində hərəkət edənlərdən üç dəfə çoxdur. Bu da Kanadanın “Ürək və İnsult” Fondu (Heart and Stroke Foundation of Canada) tərəfindən müəyyən edilmiş gündəlik fiziki yük normasına bərabərdir. Nəticələri “Journal of Public Health Policy” dərgisində dərc olunmuş tədqiqat müəlliflərinin sözlərinə görə, həftədə 5 dəfə 30 dəqiqəlik piyada gəzinti öz bədənini yaxşı formada saxlamaq istəyənlər üçün yaxşı göstəricidir. İctimai nəqliyyatda hərəkət edənlər, bir keçiddən digərinə keçməklə, dayanacağa qədər yol getməklə, habelə digər məsafələri qət etməklə gündə məhz bu qədər hərəkət edirlər. Avtomobillərdən imtina etmək həm də atmosferə buraxılan parnik qazlarının həcminin azalmasına da müsbət təsir göstərər, ekoloji təmiz bir mühitdə sağlam həyat sürməyimizə gətirib çıxarar. Amma təəssüf ki, indi Avropanın avtomobil qəbiristanlığı Azərbaycanın hesabına mənfəətlə işləyir, ekologiyamıza və əhalinin sağlamlığına təhlükə artır. Halbuki Avropanın özündə istismar müddəti başa çatdıqdan sonra həmin avtomobillərin istifadəsi qadağan edilir. Bizim küçələrdə isə 1958-ci ildə istehsal olunmuş Qaz-21, 1992-ci ildə istehsal olunmuş Mercedes 190 və s. avtomobillər zərərli qazları havaya buraxa-buraxa hərəkət etməkdə və bu avtomobillərin texniki baxışdan necə keçməsi isə hələ də qaranlıq qalmaqdadır.

Metronu da nəzərə alsaq yeni körpülər istifadəyə veriləndən sonra Bakı artıq 3 mərtəbəli şəhərə çevrilib, amma tıxaclar hələ də gündəlik problemimiz olaraq qalır. Pik saatlarda “28 may” metrosundan “Sahil”ə 40 dəqiqədən tez çatmaq mümkün deyil, yol polisinin səsgücləndiricilərlə tıxac problemini həll etmək istəyi isə mərkəzi küçələrdə yaşayan və işləyən insanların əsəblərini əməlli-başlı tarıma çəkir. Avtomobillərin sayının gündən-günə artması Azərbaycana, xüsusən də Bakıya başağrısı, sinir sistemi, ürək-damar xəstəliklərindən başqa heç nə vermir. Belə davam etsə Bakını 5 mərtəbəli şəhərə də çevirsək tıxac problemi həll olunmayacaq. Ona görə də şəhər mədəniyyətini inkişaf etdirmək, insanların şüurlarında inqilab etmək lazımdır. Sovet dövründə nə bu qədər avtomobil vardı, nə də avtomobil qəzaları. Amma indi avtomobillərin sayı artdıqca hər il dekabrın 31-i, martın 20-21-i ağır nəticələri olan avtoqəzalarla yadda qalır. Ən gülməli də budur ki, xarici markalı maşın sahibi olanlar da dolanışığın pisliyindən, işsizlikdən şikayətlənməkdən yorulmurlar və hətta bu cür “ağlaya-ağlaya” müxalifətçilik edənlər, qanunsuz etiraz aksiyalarında “çörək” qışqıranlar da tapılır. Bu da bir Azərbaycan reallığıdır.

Şəhərdə ictimai nəqliyyatın vəziyyəti normaldır və tədricən iritutumlu avtobuslar sərnişindaşımada mövqeyini gücləndirməkdədir. Belə olan halda bir çox insanların evindən çıxıb bir tin o tərəfə iş dalınca getmək üçün avtomobildən istifadə etməsi, özünü faktiki olaraq fizki hərəkət normasından məhrum etməsi anlaşılan deyil. Bu gün bütün düşüncə sahiblərini ozon qatının, ekologiyanın mühafizəsi, qlobal istiləşmə problemləri narahat edir, bizim camaat isə hələ də qonşudan fərqlənmək üçün “hansı maşını alım ki, düşmənin gözü çıxsın” fikri ilə yaşayır. İtirdiyimiz isə təmiz hava və sağlamlıqdır. Ona görə də imkanı çatan hər kəs avtomobildən imkan daxilində az istifadə etməyə çalışmalı, ətrafındakı insanlara nümunə olmalıdır. Yaxşı, bahalı avtomobil sahibi olmaq ağıllı olmaq demək deyil və bu fikri təbliğ etmək vacibdir. Qoy bizim insanlar elmi, savadı, mədəniyyəti ilə bir-birilə bəhsə girsinlər, avtomobili, zənginiliyi ilə yox. Bunun üçün ziyalılar, tanınmış insanlar ilk addımı atmalı, avtomobildən imtina edib xalqla birlikdə ictimai nəqliyyatdan istifadə etməlidirlər. Hətta yaxşı olardı ki, ekologiyanın qorunmasında avtomobildən imtinanın nə qədər xeyirli olduğunu təbliğ etmək məqsədilə Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Bağırov özü də hərdən ictimai nəqliyyatdan istifadə edəydi. Məncə bu addımın effekti Kilimancaroya yürüşdən heç də az da olmayacaq. Bəlkə o zaman bir kilometr yolu avtobusla deyil, şəxsi maşını ilə gedib, sonra da avtomobili yol qırağında saxlayıb hərəkətə mane olanlar utanar, ictimai nəqliyyatdan istifadə etməyə başlayardılar…

YAZARIN DİGƏR YAZILARI

Bizim “bakirə” müğənnilər

Kal gavalı

Telebasabas

Əyri güzgülər ölkəsi

Sevgililər günü

Ad günü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • kamal-33
    Yanvar 5, 2010 - 14:17

    Bizim baş nazirimiz bilirki, hansisa nəqliyata minsə,evə sağ-salamat çatmayacaq ona görədə xüsusi maşinda gəzməyi üstün tutur.Çünki bilir cəmiyyət arasina çixmağa üzü yoxdu.

  • imran
    Yanvar 5, 2010 - 20:56

    Xanlar bəy ,nəqliyyatimiz və onunla bağli mövzunun ortaya qoyulmasi,artiq özü müsbət addimdir.Kamal -33 ün fikri çox maraqlidir,ancaq mən bizim məmurlarin məhz pis əməllərinə görə utantandiğindan cəmiyyət arasina çixmağa üzü olmamasina böyük şübhə edirəm.Ümumiyyətlə mövzu ilə bağli mənim də bir-iki fikrim var ki,imkan olan kimi onlari sözə çevirəcəm.Yaziniz ideal olmasa da çox gözəl yazilib .Yaxşi yaziya öz yazim kimi sevinirəm .Təki faydasi olsun. Uğurlar.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər