Respublikamızın ali məktəblərində neft-kimya ixtisasları üzrə təhsil alan gənclərin, həmçinin xarici ölkələrin ali texniki məktəblərinin Azərbaycandan olan tələbələrinin bir qrupu ilk dəfə olaraq «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində yay təcrübəsi keçməyə başlamışlar.
Azərbaycan Dövlət Neft Şirkətinin təşəbbüsü ilə gələcəyin neft-kimya mütəxəssislərinin təcrübi biliklərinin artırılması, onlarda neft-kimya sənayesinin mürəkkəb istehsalatını idarə etmək vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən «Yay təcrübəsi proqramı»na uyğun olaraq artıq bir neçə müddətdir ki onların bir qrupu ali məktəb auditoriyalarında əldə etdikləri elmi bilikləri istehsalatda tətbiq etməklə əyaniliyə nail olmaq imkanı qazanmışlar.
Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri, Türkiyənin Orta Doğu Texniki Universitetlərinin və M.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının bir qrup tələbə və məzunu «Azərikimya»da keçdikləri yay istehsalat təcrübəsinin ilk günlərindən etibarən kimyaçı və sənaye inşaatçısı ixtisaslarını təsadüfi seçmədiklərini sübut etməyə çalışırlar.
Onların hər biri qısa müddət ərzində təhkim olunduqları təcrübəli istehsalat rəhbərlərinin səyi ilə öz nəzəri biliklərini istehsalatın sınağından çıxararaq, sabahın mütəxəssisləri kimi təcrübi bilik və vərdişlərə yiyələnir, nəzəri əsaslarını öyrəndikləri texnoloji prosesləri praktikada real olaraq izləməklə onların mükəmməl və keyfiyyətlə aparılması üsullarını öyrənirlər.
Yay istehsalat təcrübəsi keçən gənc mütəxəssislər «Azərikimya» İB-nin müəssisələrində onların hər birinə xüsusi diqqət və qayğı ilə yanaşıldığını, yaxşı təcrübə qazanmaları üçün səylərini əsirgəməyən kimyaçılar kollektivindən razılıqlarını bildirirlər. Gənclər onu da etiraf edirlər ki, Dövlət Neft Şirkətinin onlar üçün yaratdığı yay təcrübəsi imkanı öz mahiyyəti ilə hər biri üçün ikiqat-üçqat sərfəli və faydalıdır. Belə ki, onlar bugünlərdə bilavasitə istehsalatda çalışaraq, kifayət qədər təcrübə əldə etməklə yanaşı həm də müvəqqəti müqavilə əsasında işlədiklərinin müqabilində münasib maaşla təmin olunurlar. Ən başlıcası isə – onların hər biri artıq bu gündən etibarən özləri üçün gələcək iş yerlərini və çalışacaqları kollektivləri müəyyən edə bilmişlər ki, bu da onların gənc bir mütəxəssis kimi gələcək əmək fəaliyyətində mühüm bir başlanğıc olaraq, xüsusi rol oynayacaqdır.