Gəncədə arvadını və onun qohumlarını bıçaqlayan Sumqayıt sakininə hökm oxundu

504

Gəncədə həyat yoldaşını və onun qohumlarını bıçaqlamaqda təqsirləndirilən Babək Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, B.Nəsirov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Araşdırma zamanı məlum olub ki, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Babək Nəsirov və 1993-cü il təvəllüdlü Elnurə Əlimərdanova 2016-cı ildə ailə həyatı qurub. Cütlüyün birgə nikahdan 2017-ci ildə bir qız övladı, 2019-cu ildə isə bir oğlan övladı dünyaya gəlib. Ailə Saray qəsəbəsində kirayədə yaşayırmış. Aralarında mütəmadi olaraq söz-söhbət yaşandığına görə Elnurə hadisə baş verməmişdən təxminən bir ay əvvəl iki azyaşlı övladı ilə birlikdə Gəncə şəhərinə gələrək anasının qaldığı evdə yaşamağa başlayıb. Cari ilin yanvar ayının 30-da Babək Elnurənin yaşadığı evə gələrək onu və uşaqlarını Bakıya aparmaq istədiyini bildirib. Elnurə bununla razılaşmadıqda aralarında mübahisə yaşanıb. Mübahisə zəminində Babək qadını boyun nahiyəsindən bıçaqlayıb. Həmçinin Elnurənin qardaşı 1992-ci il təvəllüdlü Elnur Əlimərdanova kürəyindən, əmisi 1980-ci il təvəllüdlü Elşən Əlimərdanova isə boyun nahiyəsindən bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları B.Nəsirovun istintaqa təhvil verilməsi istiqamətində keçirdikləri tədbir nəticəsində şübhəli şəxs Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə ittiham irəli sürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər