Gənclər Evi uğrunda mübarizə başlayır?

1106

Məlum olduğu kimi, 2011-2015-ci il Gənclər Dövlət Proqramı çərçivəsində bir çox regionlarda Gənclər Evinin tikilməsi nəzərdə tutulub. Bəzi regionlarda artıq bu Evlər gənclərin istifadəsindədir. Qeyd edək ki, bu mərkəzlər gənclər üçün intellektual, yaradıcı və əyləncəli məkan funksiyası daşımalıdır.

Sumqayıtda da artıq bir neçə həftədir ki, mərkəzin tikintisinə başlanılıb. Mərkəz tikintisi başlanar başlanmaz onun rəhbərliyi məsələsi də gündəmə gəlib…

Hər şey sosial şəbəkələrdəki müzakirələrdən başladı. Bir neçə yerli gəncin Mərkəzə rəhbərlik etmək iddiasi özünü göstərdi, bu mövzu ətrafında polemikalara start verildi. Daha sonra “Xəbərlə” xəbər portalı elə “Facebook”da ““Gənclər Evi”nin rəhbəri kim olsun” sualı ilə sorğu keçirdi. Sorğuya ümumilikdə 500-dən artıq gəncin respondent qismində qoşulması məsələnin maraqlı mövzular sırasında olduğunu isbatlayırdı.

Sorğunun yekunlarına gəlincə isə, Sumqayıt şəhəri İnsan Hüquqlarının tədrisi üzrə Təlim və Resurs mərkəzinin rəhbəri, “Azərikimya” İB-nin əməkdaşı Emil Maqalov 214 səslə birinci oldu.

Sorğuda ikinci  sırada qərarlaşan “Sumqayitxeber.com” saytının təsisçisi Eyvaz Qocayev 199 səs toplamışdır. Onların ən yaxın izləyicisi ictimai fəal gənc Orxan Səlimov isə yalnız 66 səslə kifayətləndi.

Gənclərin iddiası varmı?

Sorğunun lideri Təlim və Resurs Mərkəzinin rəhbəri E.Maqalov Gənclər Evinin rəhbəri olmaq iddiasını gizlətmir. Sitat: “Gənclərlə iş  sahəsində 12 illik təcrübəm və bəs qədər nüfuza malik olduğumu bildiyimə görə, düşünürəm ki, Gənclər Evini mən və ya mənim kimi bir sumqayıtlı gənc idarə etsə, Sumqayıtlı gənclərin istəklərini daha yaxşı təmin edə bilərik. İstəmirəm kimsə kimisə tapşırsın. Və gənclər siyasəti indiki kimi kağız üzərində qalsın. Mənim məqsədim öz evimizə özümüzün sahib çıxmasıdır. Çünki sumqayıtlı gənclərin problemlərini məhz biz bilirik. Gənclər Evinin əməkhaqqısı 200-300 manatdan çox olmaz. Mənim  şükür ki, heç bir maddi problemim yoxdur, odur ki, Gənclər Evindən oğurluq etməyə, nəsə “qazanmağa” ehtiyacım olmayacaq. Ancaq deyim ki, iddialı deyiləm.  Xoruz yox idi, səhər açılmırdı?!

Sayt təsisçisi Eyvaz Qocayev isə deyir ki, bu cür sorğuları facebook üzvü olan hər bir kəs keçirə bilər: “Və bu tipli sorğuları mən qeyri ciddi hesab edirəm. Yəni bu dostlar və tanışlar arasında keçirilən bir sorğudur. Yəni bu sorğuda da göründüyü kimi sorğuda adları qeyd olunanların öz tanışı, dostu səsvermədə  iştirak edib. Sorğu facebook-un arxivində qalır və istənilən  şəxs baxıb bunu aydın görə bilər.

Mənim belə bir iddiam yoxdur və olsa belə bu iddianı  bu formada, dost-tanış səviyyəsində keçirilən sorğularla gündəmə gətirməyi doğru hesab etmirəm. Ola bilsin ki, kimlərinsə  belə bir iddiası var və hesab edir ki, bu cür sorğularda iştirak etməklə diqqət mərkəzində ola bilərlər. Açığın deyim ki, əgər belə düşünən gənc varsa onun özünü  də qeyri ciddi insan kimi  qiymətləndirərdim. Gənclər mərkəzi seçkili orqan deyil ki, bunu səsvermə ilə müəyyənləşdirəsən.

Mən hesab edirəm ki, gnclərə yönəlik hər hansı bir iş görmək üçün heç də gənclər mərkəzinin rəhbəri olmaq lazım deyil. Necə ki Sumqayıtın bir çox fəal gəncləri bunu öz işləri ilə əməlləri ilə göstəriblər”.

 

 

 

Gənlər və İdman Baş İdarəsinin rəisi: “Səbrli olaq…”

Gənclər Evlərinin hazır olduğu əksər regionlarda həmin mərkəzlərdə yerli Gənclər və İdman Baş İdarələri də yerləşdirilir. Bu, ilk növbədə mərkəzlərin kommunal xərcələrinin idarələrin büdcəsi hesabına qarşılamaq üçün edilir. İkinci isə, Baş İdarələr Mərkəzlərin idarə edilməsində qeyri-rəsmi olaraq nəzarətedici orqanlar kimi çıxış edirlər.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov qeyd edir ki, Sumqayıt həm də Gənclər şəhəri kimi tanınır: “Şübhəsiz ki, əhalisinin böyük bir hissəsini gənclərdən ibarət olmasını şəhərimizin dinamikliyinə, inkişafına kömək edir. Ulu öndərin şəhərimizə xüsusi münasibəti, prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Təsadüfi deyil ki, Gənclər Evinin tikintisinin nəzərdə tutulduğu regionlar arasında Sumqayıtımızın da adı var. Bu gün şəhərimizdə quruculuq işləri ilə yanaşı, şəhər rəhbərliyinin təşəbbüsü ilə gənclər sahəsində də yeni ənənələrin əsası qoyulub”.

Şəhərin 5-ci mikrorayonunda, 1 saylı UGİM-nin yanında inşaasına başlanan Gənclər Evinin layihəsinin müasir dövrün tələblərinə cavab verdiyini qeyd edən M.Həsənov hesab edir ki, mərkəzin rəhbəri ilə bağlı təyinatdan danışmaq hələ tezdir. “Hələ bu Ev tikilməyib. Şübhəsiz ki, bu təyinat şəhər rəhbərliyi ilə Gənclər və İdman Nazirliyi arasında aparılan müzakirələrdən sonra edilir. Bilmirəm bu barədə danışmaq, sorğu aparmaq nə qədər doğrudur, nə qədər tezdir – deyə bilmirəm. Bəlkə də bu müzakirələr bir az tələsik aparılıb. Təklif edirəm ki, bir az gözləyək, Gənclər Evi tikilsin, sonra digər məsələlərə baxarıq. Düşünürəm ki, Gənclər Evinə şəhərimizin ən layiqli, sayılıb-seçilən, istedadlı gənclərindən biri təyin  olunacaq”.

“Yəqin ki, seçim zamanı sizin İdarənin də rəyi öyrəniləcək. Bu zaman siz kimlərin adlarını təkid edəcəksiniz?” sualına M.Həsənov bu cür cavab verdi:

– Bu təyinat cənab nazirin qərarı ilə edilir. Şəhər rəhbərliyi ilə nazirliyin məsləhətləşmələri ilə seçim edilir. Təbii ki, bizim rəyimiz də öyrəniləcəksə, çalışacağıq ki,ədalətli, obyektiv şəkildə rəyimizi bildirək. Bunun üçün yetərincə layiqli gənclərimiz var. Ancaq mən konkret adlar çəkmək istəmirəm. Hesab edirəm ki, bu, həm bir qədər qeyri-etikdir, həm də yersiz narazılıqlar yarada bilər.

 

Rəhbər necə seçiləcək?

Fakt odur ki, Gənclər Evinin rəhbəri sosial bazası yüksək olan gənc olmaya da bilər. Yəni sorğunun nəticələrinə görə, ilk sıralarda olmaq hələ bir şey demək deyil. Məsələ ilə bağlı, bizi məlumatlandıran mənbənin sözlərinə görə, Gənclər Evinin rəhbəri seçilərkən onun şəxsi karyerası ilə yanaşı, fərdi keyfiyyətləri də nəzərə alınacaq: “Yəni həmin adam münasibətləri balanslaşdırmağı, hər şeyi yoluna qoymağı bacarmalıdır. Rəhbərliklə dil tapmağı, kütlə ilə işləməyi bacarmaq da vacib keyfiyyətlərdəndir”.

Mənbə bu mənada artlq gənclərdən birinin namizədliyinin təsdiq edildiyini bildirdi: Azərbaycanlı Tələbələrin Avropa Forumunun keçmiş sədri Vüsal Məmmədovun “dabro”sunun verildiyi söylənilsə də, V.Məmmədovun beynəlxalqmiqyaslı layihələrini buraxıb, hansısa şəhərdən Gənclər Evinə rəhbərlik edəcəyini gözləmək bir az sadəlövhcəsinə yanaşmaya oxşayır.

P.S. V.Məmmədov bu aralar Azərbaycanda olmadığından onun mövqeyini öyrənə bilmədik. Məlumata görə, o, SOCAR – Belçikanın nümayəndəliyinin rəhbəri vəzifəsini icra edir.

Hazırladı: Vüsal,

“168 saat” qəzeti

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər