Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev: “Mənim uşaqlığım Sumqayıt şəhərində keçib…”

1262

“GÜN”ün adamı” rubrikasının budəfəki qonağı gənclərlə ünsiyyətə böyük önəm verən, onların ideyalarının gerçəkləşməsində yardımçı olan, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevdir.

– Fərhad bəy, səmimiyyətinizə və alicənablığınıza güvəndiyim üçün inanıram ki, bu söhbətimiz maraqlı alınacaq.

Elə isə başlayaq ilkin və ənənəvi sualımızdan. Zahiri görünüşcə mülayim xarakterli birinə bənzəyirsiniz. Bəs uşaqkən necə, sakit ya dəcəl olmusunuz?

– Mənim uşaqlığım Sumqayıt şəhərində keçib. Orada böyüyüb boya-başa çatmışam. Hər bir uşaq kimi mən də uşaq bağçasına getmişəm. Hətta bağçamızın nömrəsi də yadımdadır. 50 saylı Uşaq Sünbül bağçası… Müəlliməmiz çox tələbkar idi.

Bizi böyük insan kimi tərbiyələndirirdilər. Digər qruplarda uşaqlar oyuncaqlarla oynayırdı, biz isə şeirlər oxuyub, əzbərləyirdik. Deyə bilərəm ki, mənimlə bir qrupda olan uşaqların 90 faizi orta məktəbi əla qiymətlərlə bitirib. Hətta biz o zaman ingilis əlifbasını da öyrənirdik. Yadımdadır ki, evdə Alman dilində bir kitab vardı ki, başa düşməsəm də mən onu latın əlifbası ilə oxuya bilirdim. Valideynlərim çox icazə verməzdilər ki, küçəyə çıxım (Gülür). Beləcə, sakit bir uşaqlıq yaşamışam…

– Hansı məktəbdə oxumusunuz? Ümumiyyətlə məktəb və tələbəlik illəriniz necə keçib?

– Mən Sumqayıt şəhərindəki 22 saylı orta məktəbdə oxumuşam. Rus bölməsində təhsil almışam və əla qiymətlərlə məktəbi başa vurmuşam. Sizə deyim ki, sinfimiz çox gözəl sinif olub. Hər kəsin oxumağa, təhsil almağa böyük marağı vardı. Belə ki, yay tətilində istirahət vaxtlarında da biz öz aramızda kitab oxumaqda yarışardıq. Sinif rəhbərimiz isə Rus dili və ədəbiyyat müəlliməsi idi. O bizə hər zaman bədii ədəbiyyatlar oxudurdu.

Tələbəlik illərim də yaddaqalan olub, maraqlı tədbirlərdə iştirak edir, xarici ölkələrə səfərlərə gedirdim. Mənim iki təhsilim var. Həm beynəlxalq münasibətlər ixtisası, həm də iqtisad. Həmçinin, Fəlsəfə üzrə elmlər namizədi dərəcəsini müdafiə etmişəm. Daha sonra isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşam…

– Hər birimiz uşaq və yaxud da gənc yaşlarımızda gələcəkdə kim olacağımız, hansı peşəni seçəcəyimizlə bağlı qərarlar veririk. Maraqlıdır, bəs siz özünüzü gələcəkdə hansı peşənin sahibi olaraq təsəvvür edirdiniz?

– Mən diplomat olmaq istəmişəm. Bu peşə hər zaman məni maraqlandırıb. Əgər sizi maraqlandırırsa ki, niyə iqtisad üzrə də təhsil almışam, düşünürəm ki, iqtisadi bilik hər zaman insana lazım olur. Ona görə də mən iqtisadiyyat üzrə magistraturaya qəbul oldum. İxtisas seçimimdə valideynlərimin heç bir təsiri olmadı.

Baxmayaraq ki, mən həkim ailəsində böyümüşəm və adətən belə deyirlər ki, həkim ailəsində həkim böyüyür. Lakin, mən həkimlikdən vaz keçərək istədiyim peşəni seçmişəm. Ancaq bacım öz istəyi ilə həkim oldu.

– Bildiyimizə görə, hələ ki, ailə həyatı qurmamısınız. Yəqin ki, sizi bəyənən kifayət qədər gənc xanım var. Sirr deyilsə, bu günə kimi ailə həyatı qurmamağınızın səbəbi nədir?

– Buna səbəb iş həyatım olub. Belə ki, mən 21 yaşımdan çalışmışam. Hələ 20 yaşım olanda Gənclər və İdman Nazirliyinə işə dəvət olunmuşam. Daha sonra isə hərbi xidmətə çağrıldım.

Hərbi xidməti bitirdikdən sonra isə yenidən nazirlikdə çalışmağa davam etdim. Nazirliyin o zaman iki böyük idarəsi var idi: gənclər və idman. Mən Gənclər İdarəsinə rəis təyin olundum. Bəlkə də o zaman üçün mən ən gənc bu cür vəzifəli şəxslərdən biri idim. Təbii ki, vəzifəm böyük olduğu üçün məsuliyyət və iş həcmi də çox olurdu. Buna görə də vaxtımın çoxunu işə həsr etdim və bir də gördüm ki, 33 yaşım var (Gülür).

– Bu günədək həyatınızda böyük önəm verdiyiniz, çox sevdiyiniz bir xanım olubmu və hazırda sevdiyiniz bir insan varmı?

– Bilirsiniz, həyat o qədər maraqlıdır ki, buna görə də insanın həyatında çoxlu sayda önəmli insanlar olur. (Gülür).

– Yəqin ki, ailə qurmaq haqqında hər bir kəs kimi sizin də müəyyən qədər kriteriyalarınız var. Bəs, sizinlə ailə quracaq xanım hansı kriteriyalara cavab verməlidir?

– Digər düşüncələrimdən fərqli olaraq, ailə məsələsində mən çox konservativ insanam. Mən çox sevinirəm ki, Azərbaycanda çox güclü ailə institutu var. Dünyanı gəzdikcə və başa düşdükcə anlayırsan ki, insanın həyatında ən önəmli məsələlərdən biri məhz onun ailəsidir.

Ona görə də ailə quranda insan çalışmalıdır ki, ailə quracağı insan onunla həmfikir olsun. Bir-birlərinə arxa olsunlar. Əgər belə demək mümkünsə, xoşbəxtlik anlayışı onlar üçün eyni dəyər daşısın. Təbii ki, insan istəyər ki, həyat yoldaşı savadlı, intellektli, geniş dünya görüşlü və eyni zamanda sadə bir insan olsun.

– Ümumiyyətlə, xaraktercə necə birisisiniz? İşdə və işdən kənar mühitdə, məsələn, elə götürək ailədə necə bir insansınız?

– Mən deyə bilmərəm ki, mən çox sərt insanam. Sərt insanları da mən sözün düzü, o qədər də alqışlamıram. Çünki insan həyata daha müsbət baxmalı və daha pozitiv olmalıdır. Ümumiyyətlə, deyim ki, insanlarla münasibət qarşılıqlıdır. Yəni, əgər mən kiməsə hörmətlə yanaşsam əlbəttə ki, o da qarşılığını edəcək.

Əksinə hörmətsizlik etmişəmsə yenə də həmin şəxs eyni hərəkəti mənə qaytaracaq. Lakin, düşünürəm ki, çalışdığın yerdə sən insanlardan istədiyini alırsansa deməli, burada sərt olmağa ehtiyac yoxdur. Təbii ki, kimsə işin öhdəsindən gəlmir və yalandan vaxtını ötürməklə məşğul olursa, ona qarşı hər hansısa bir iradı bildirmək lazım olur və məncə bu həmin insanın özünə fayda gətirər.

– Deyirlər sevgidən nifrətə bir addımlıq məsafə var. Sizdə hər hansı birinə qarşı olan sevgi nə baş versə nifrətə çevrilə bilər?

– Ümumiyyətlə, mən kiməsə kin saxlamaq, nifrət etmək kimi hisslərdən uzağam. Dünyada elə bir insan yoxdur ki, onunla dil tapmaq mümkün olmasın. İnsanlara kin saxlamaq, nifrət etmək ilk növbədə insanın özünə zərərlidir. Çalışıb insanlara kömək etmək, onlara hər zaman müsbət enerji vermək, müsbət münasibət göstərmək lazımdır. İnsan çalışmalıdır ki, ətrafında həmişə müsbət aura yaratsın. Belə olanda qarşılığında da müsbət münasibət görürsən.

– Fərhad müəllim, fondun icraçı direktoru olaraq, məlumdur ki, çoxlu həm gənc xanım liderlərlə, həm də tələbələrlə, ümumiyyətlə gənc xanımlarımızla ünsiyyətdəsiniz. Bax elə gənc xanımlarımızda xoşunuza gəlməyən başlıca xüsusiyyətlər hansılardır?

– Ümumiyyətlə insanlarda sevmədiyim cəhət sünilikdir. Bunun heç bir fərqi yoxdur istər kişilərdə, istərsə də xanımlarda. Və burada insanın hər hansı peşə ilə məşğul olması da şərt deyil. Sünilik heç kəsə yaraşmır… İnsanın xasiyyəti necədirsə davranışı da elə olmalıdır.

– Əlbəttə doğru dediniz. Sünilik heç bir kəsə yaraşmır. Fərhad bəy, hər bir insanın boş vaxtı olan zaman çalışır ki, ondan səmərəli istifadə etsin. Buna görə də çoxumuz maraqlı istirahət imkanlarından istifadə edirik. Bəs, siz boş vaxtlarınızı necə keçirməyi sevirsiniz?

– Mənim çox da boş vaxtlarım olmur (Gülür). Çünki fondun icraçı direktoru, həm də Bakı-2015 Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsinin üzvü olduğum üçün bizim üzərimizə çoxlu işlər düşür. Lakin boş vaxtlarım olan zaman həmin anları dostlarımla keçirməyi sevirəm. Həmçinin, bu yaxınlarda idmanla da məşğul olmağa başlamışam. Boş zamanlarım olanda isə çoxlu jurnal, kitab oxuyuram.

– İnsanları bəzən iki tipə bölürlər, romantik və realist. Siz özünüzü hansı qrupa aid edirsiniz?

– Mən haradasa ortadayam (Gülür). Romantika da var, ancaq daha çox realistəm. Çünki mən real işlərlə məşğul olmağı xoşlayıram. Yəni gördüyüm işə inanıram. İnandığım üçün də bunu edirəm. İnsan öz işini sevməlidir. Bu sevgi və inam olmasa heç nə əldə etmək olmaz.

– Ümumiyyətlə, necə oldu ki, ictimai-siyasi həyata qədəm qoydunuz? Bu sahəyə marağınız necə yarandı?

– Mən hələ universitet illərimdə çox aktiv bir tələbə idim. Həmin illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının fəaliyyəti ilə tanış oldum. Çalışdım ki, həmin təşkilatda mən də hər hansı bir işlə məşğul olum. Həmin qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri, sonra isə baş katibi, İdarə Heyətinin sədri vəzifəsinə seçildim və nəhayət Gənclər və İdman Nazirliyində çalışmağa başladım. Və gənclərlə iş demək olar ki, həyat tərzimə çevrildi.

– Fərhad bəy, siz Gənclər Fondu yaranan gündən bu qurumun icraçı direktorusunuz. Maraqlıdır, bu vəzifəyə təyinat almağınızı necə qarşıladınız və ümumiyyətlə gənclərlə işləmək sizə nə dərəcədə xoşdur?

– Təbii ki, böyük sevinclə qarşıladım. Ümumiyyətlə, Gənclər Fondunun yaradılması ilə bağlı cəmiyyətdə müxtəlif ideyalar var idi. Cənab Prezident bunu təklif edən zaman mən də həmin görüşdə idim və heç fikrimə də gəlməzdi ki, bu vəzifəyə məhz məni təyin edəcəklər.

Çünki mən hələ o zamanlar nazirlikdə gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışırdım. Fonda icraçı direktor təyin olunmaq mənim üçün böyük məsuliyyət idi. Mən düşünürəm ki, bu işdə təcrübəmdən və əldə etdiyim biliklərdən istifadə edərək daha çox fayda verə bilərəm. Mən 6 ildən çox Avropa Şurasının Gənclərlə İş üzrə proqram komitəsinin üzvü və sədri olmuşam.

Və orada da demək olar ki, Avropa Gənclər Fondunun fəaliyyətinin təşkili və qərarların qəbul edilməsində iştirak etmişəm. Amma təbii ki, bu təyinata görə mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu mənim üçün böyük bir etimaddır ki, 31 yaşlı bir gəncə bu cür böyük bir iş həvalə edilib. Mən də çalışıram ki, bu məsuliyyəti dərk edərək əlimdən gələni əsirgəməyim ki, üzərimə düşən vəzifələri layiqincə yerinə yetirim.

Onu da deyim ki, gənclərlə iş mənim ən çox sevdiyim peşədir. Çünki gənclərlə işlədikdə insan hər zaman gənc qalır, onlar hər zaman yenilik gətirirlər. Həmçinin, mən fondda işləyən gəncləri, təşkilatlardan olan gəncləri hər zaman dinləyirəm, onların maraqlı ideyalarını eşidirəm. Bəzən çox maksimalist ideyalar da olur. Ancaq bu da normaldır. İnsan gərək maksimum düşünsün ki, öz məqsədinə maksimum səviyyədə çata bilsin.

– Gənclərlə əməkdaşlıq edən bir şəxs kimi məhz həmin gənclərdə bəyəndiyiniz və əksinə heç sevmədiyiniz xüsusiyyətlər hansılardır?

– Gənclərdə sevmədiyim xüsusiyyətlərdən biri onların kitaba az maraq göstərməsidir. Hazırki gənc nəsil az kitab oxuyur və bədii ədəbiyyata heç maraq göstərmirlər. Ancaq ixtisaslaşmış kitablar oxuyurlar, hansı ki, bu kitablar ancaq və ancaq onların ixtisasına aid kitablardır.

Lakin zənnimcə insan daha çox bədii ədəbiyyatla zənginləşir. Bədii ədəbiyyat oxumayan insanın dünya görüşü də, davranışı da, söz ehtiyatı da zəif olur. Yəni bütün bunlar bədii ədəbiyyatla formalaşır. Mən Rus bölməsində təhsil aldığımçün Rus yazıçılarının əsərlərini daha çox oxumuşam. Lakin Azərbaycanın çox zəngin ədəbiyyatı var. Mən məktəb illərindən rus ədəbiyyatı ilə yanaşı Azərbaycan ədəbiyyatını da oxuyurdum. Təəssüf ki, indi bədii ədəbiyyat oxumağa çox vaxtım olmur, amma vaxt tapan kimi çalışıram ki, kitabları vərəqləyim.

Ancaq deyim ki, gənclərimizdə müsbət cəhətlər də çoxdur. Mən Azərbaycan gəncinin bu gün ən böyük müsbət cəhətini onun vətənpərvərliyində görürəm. İnsanlarımız, gənclərimiz indi daha çox vətənpərvərdir. Onlar hazırda torpağa, millətə, ölkəmizə, dövlət başçımıza bağlıdırlar. Bunu biz mütəmadi olaraq görüşlərdə, xarici səfərlərdə hiss edirik. Biz istər Azərbaycanda, istərsə də xaricdə yaşayan gənclərimizlə əməkdaşlıq edirik. Qeyd edim ki, xaricdə yaşayan gənclərimizin təqdim etdiyi layihələrin çoxu Azərbaycanla bağlı olur. Bu bizi çox sevindirir. Yəni, bugünkü gənclik sabahımız üçün sağlam təminat yaradır.

– Sonda gənclərimizə nə deyərdiniz?

– Gənclərimizə hər zaman sağlam olmağı və öz inkişafları üçün çalışmaqlarını arzu edirəm. Məqsədə nail olmaq üçün onlar gərək öz üzərlərində işləsinlər. Söhbət kiminsə cəmiyyətdə müəyyən status tutmasından getmir. İnsani keyfiyyətdən gedir. Mən deyə bilmərəm, bəlkə də hər zaman belə olub, amma mən yaşadığımız dövr üçün deyə bilərəm ki, bu gün yaşadığımız dövrün inkişaf templəri sürətlə gedən qatara bənzəyir. Bu qatara çatmaq və onunla ayaqlaşmaq lazımdır.

Hər gecikdikdə sən daha çox geri qalırsan. Buna görə də gənclərimizə hər zaman yaşadıqları dövrlə ayaqlaşmağı, intellekt arxasınca qaçmağı, əlində olan imkanları dəyərləndirməyi və ən əsası layiqli vətəndaş olmağı arzu edirəm… Bizə qalan isə onlara bu işdə dəstək göstərməkdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edib ki, müasir peşəkar kadrların hazırlanmasına ciddi fikir verilməlidir. Cənab Prezident gənclərin bu işlərə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Dünyanın hətta inkişaf etmiş bir çox dövlətlərində də gənclərin maraqları və istəklərini bu qədər əks etdirən gənclər siyasəti mövcud deyil. Son 2 ildə cənab Prezident dəfələrlə gənclərlə görüşlər keçirmiş, onların fikirlərini, təkliflərini dəstəkləmişdir. Ölkədə genişmiqyaslı gənclərlə bağlı infrastrukturun yaradılması prosesi gedir. Bölgələrdə gənclərin istifadəsi üçün gənclər evləri və idman obyektləri açılır. Təbii ki, bunların hamısı cənab Prezidentin gənclərə olan diqqət və qayğısı nəticəsində həyata keçirilir.

Fidan Əliyeva
Gün.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər