Gənclər ölkəmizin həyatında mühüm rol oynayır

862

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gənclər Günü münasibətilə fevralın 2-də Bakı Konqres Mərkəzində gənclərlə görüş keçirdi. Dövlət başçısı tədbirdə çıxış edərək bir çox məqamlara toxundu. İlk öncə onu qeyd etmək lazımdır ki, diqqət çəkən əsas istiqamətlərdən biri vətənpərvərlik mövzusu idi. Gənclərin cəmiyyətimizin fəal hissəsi olduğunu qeyd edən cənab İlham Əliyev gənclərin Vətən müharibəsində həlledici rolunu vurğulayaraq bildirdi ki, Vətən müharibəsində iştirak etmiş hər bir gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda mübarizə aparanların əksəriyyəti gənclər idi. Çünki elə bir gənc nəsil yetişmişdi ki, hətta Qarabağı görməyənlər belə Qarabağ, Vətən, milli ləyaqət uğrunda ölümə gedirdilər. Onlar öz həyatlarını fəda edərək  şəhid və qazi oldular və müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə olmasa idilər, bilmək olmazdı müharibələrin nəticəsi necə olardı.
Müzəffər Ali Baş Komandan müharibənin səbəblərini  və azərbaycanlıların öz doğma torpaqlarından qovulmasının tarixi ilə bağlı faktları da xatırlatdı. O vurğuladı ki, 1918-ci ili heç vaxt yaddan çıxartmamalıyıq. O vaxt Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı — qədim Azərbaycan şəhərini Ermənistana faktiki olaraq heç bir səbəb olmadan bağışladı. Halbuki o vaxt İrəvandan olan nümayəndələr buna qəti etiraz etdilər.Amma onların sözünə baxan olmadı. 1920-ci ildə isə artıq sovetləşmədən sonra noyabr ayında sovet hakimiyyəti Zəngəzuru bizim əlimizdən alıb Ermənistana birləşdirdi. Ondan sonra illər keçdikdə müxtəlif bəhanələr altında yavaş-yavaş bizim kəndlərimizi götürüb Ermənistana birləşdirdilər.Bu proses ancaq 1969-cu ildə dayandı. Ulu Öndər Heydər Əliyev Azərbaycanda rəhbərlik etməyə başlayanda artıq bir qarış torpaq da Ermənistana verilmədi. Ondan sonra 1940-1950-ci illərdə azərbaycanlılar deportasiyaya məruz qaldılar və yüz minlərlə azərbaycanlı öz doğma torpağından Kür-Araz ovalığına köçürüldü. Nəhayət, axırıncı etnik təmizləmə artıq 1980-ci illərin sonlarında baş verdi və Ermənistan ərazisindən azərbaycanlılar tamamilə çıxarıldı və Qarabağ münaqişəsi baş verdi.
Cənab Prezidentimiz həm də qeyd etdi ki, 30 il keçməsinə baxmayaraq Qarabağ məsələsiylə bağlı bu gün də qəsdən təhrif edilmiş məlumat ötürülür. Dünyanın bəzi aparıcı ölkələrinin informasiya məkanında ermənilərin nağılları üstünlük təşkil edir. Azərbaycan  dünyada bəlkə də nadir ölkələrdəndir ki, müntəzəm olaraq informasiya, şər-böhtan hücumuma məruz qalır. Nəinki şəbəkələrdə, hətta Avropanın, Amerikanın bir çox mətbu orqanlarında Azərbaycan haqqında yayılan yalanların arxasında erməni lobbisi dayanır. Yazıların 90 faizi ermənilər tərəfindən təşkil edilib.
Cənab Prezident onu da qeyd etdi ki, bizim gənclərimiz sosial şəbəkələrdə də çox fəal oldular və gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə dünya azərbaycanlıları da könüllü olaraq qoşuldular. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Çünki vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq və sədaqət olmalıdır. Vətən uğrunda, Qarabağ uğrunda burada yaşayan bütün millətlər vuruşdular. Bu müharibə və qələbə Azərbaycanda yaşayan bütün millətləri daha da birləşdirdi. Azərbaycan hər bir ölkə üçün multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Azərbaycan vətəndaşları daim sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayacaqlar.
Dövlətimizin başçısı Milli Qəhrəmanımız Polad Həşimovu qürurla xatırladı. Polad Həşimov kimi qəhrəmanların daim Azərbaycan xalqının qəlbində yaşayacağını söylədi və əlavə etdi. Ölkə başçısı əlavə etdi ki, Onun həlak olması hamımızı sarsıtdı və göstərdi ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı azad etməliyik. Polad Həşimov öz şəhadəti ilə xalqın müharibəyə hazırlanmasında təkan rolu oynadı.
Dövlət başçımız hərbçilərimizin şücaətindən də danışdı: “Onlar mümkün olmayanı reallığa çevirdilər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəli apardı. Belə xalqla heç kim mübarizə apara bilməz. Müharibənin bir çox dərsləri var— həm bizim üçün, həm bütün dünya üçün, həm də region üçün. Onlardan biri də odur ki, düşmənlərə azərbaycanlılarla mübarizə aparmaq, müharibə etmək çox baha başa gələr”.
Şuşa uğrunda mübarizə görüşdə ən çox toxunulan mövzulardan biri idi. Prezident İlham Əliyev Şuşanın düşmənə təhvil verilməsində o vaxtki hakimiyyətin birbaşa rolundan danışdı. Bunu xəyanət, satqınlıq adlandırdı. Bu gün Şuşada olan hər bir insan görür ki, o şəhəri götürmək mümkün deyildi. Şuşanın düşmənə təhvil verilməsi xəyanət aktı idi. Aparılan bütün əməliyyatların fövqündə Şuşanın azad edilməsi dayanmışdı. Şuşa elə azad edildi ki, artıq düşmən öz müqavimətini dayandırmışdı. Şuşa ilə bağlı ədalətsizlik Azərbaycan xalqında Şuşaya xüsusi bir məhəbbət oyatdı. Müharibə zamanı Şuşanın azad edilməsi təkcə strateji əhəmiyyət daşımırdı. Halbuki Şuşa azad olunandan sonra artıq Ermənistan ordusunun beli tam qırıldı. Məqsədimiz mədəniyyət incimizi qaytarmaq idi və Şuşa əməliyyatı elə keçirildi ki, şəhərə ziyan vurulmadı. Şuşa bir müqəddəs rəmz idi. Şuşanın təbii gözəlliyi var: landşaftı, relyefi, qaya üstündə yerləşməsi, havası və s. Amma Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyət təkcə bu coğrafi mənzərə ilə məhdudlaşmırdı. Şuşanın çox böyük rəmzi mənası var. Şuşanın işğaldan azad edilməsi çox çətin məsələ oldu. Orada ermənilər tərəfindən böyük istehkamlar qurulmuşdu. Bu səbəbdən artilleriya və zirehli texnikanı Şuşaya aparmaq mümkün deyildi. Azərbaycan Ordusu Şuşaya doğru meşələr, cığırlar aşaraq getmişdi.Şuşanın tam azad edilməsi xüsusi əməliyyat planı əsasında noyabrın 8-də baş verdi.
Həmçinin cənab İlham Əliyev ölkəmizə qarşı informasiya təxribatları barədə gəncləri məlumatlandırdı. Yalan məlumatların artıq siyasi mübarizənin bir üsuluna çevrildiyi vurğulandı. Saxta məlumatlar ötürülür, əlaltılar vasitəsilə  bu məlumat ətrafında müzakirələr aparılır. Sonra təhlil edilir və insanların şüuruna bu yalan həqiqət kimi ötürülür. Eyni zamanda dünyanın əsas qeyri-hökumət təşkilatları da Azərbaycana qarşı uzun illərdir mübarizə aparır. Bu təşkilatlar, o cümlədən Qarabağ məsələsində ermənilərə dəstək göstərirlər. Onların adları da məlumdur: “Freedom House”,  “Amnesty International”, “Human Rights Watch”, “Soros” və onun nəzarəti altında olan qurumlar, sərhədsiz reportyorlar. Hamısı anti-Azərbaycan mövqeyində dayanan, Azərbaycanı məhv etmək istəyən QHT-lərdir. Azərbaycan gəncləri bu fitnələrə heç vaxt uymayacaq.

Süsən Məmmədova, Sumqayıt şəhər Gənc Müəllimlər Şurasının üzvü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər