Gənclər proqramı Sumqayıtda müzakirə olundu

955

Proqramın hazırlanması ilə bağlı yaradılan işçi qrupun üzvləri gənclərin təkliflərini dinlədilər

“Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” ictimai birliyinin təşkilatçılığı ilə  Sumqayıtda “Azərbaycan Gəncliyi 2011-2015” Dövlət Proqramının hazırlanması ilə bağlı yaradılan işçi qrupun üzvləri- Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova ilə görüş keçirildi. Birliyin rəhbəri  Ramil Zeynallıdan aldığımız məlumata görə,  tədbirdə Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, aparıcı və fəallığı ilə seçilən gənclər təşkilatlarının nümayəndələri iştirak etdilər.

Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açan R. Zeynallı ictimai birliyin Kamal Almuradlı, Elnur Ağayev tərəfindən təsis olunduğunu və  əsas məqsədlərinin vətəndaş cəmiyyəti quruculuğunda icmaların fəallığının artırılmasına, gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirakına yardım göstərməkdən ibarət olduğunu bildirdi. R. Zeynallı bir sıra tədbirlər həyata keçirdiklərini iştirakçıların diqqətinə çatdırdı.

O, gənclər proqramının hazırlanması ilə bağlı işçi qrupun yaradıldığını vurğuladı.

Sonra söz işçi qrupun üzvlərinə verildi.  ATGTİ-nin sədri Şahin İsmayılov işçi qrupun iş fəaliyyəti və mexanizmləri barədə tədbir iştirakçılarına məlumat verdi.  İndiyədək işçi qrupa 2000-ə yaxın təklifin daxil olduğunu bildirən Ş. İsmayılov bu təkliflərin müxtəlif sahələri əhatə etdiyini dedi. Onun sözlərinə görə,  artıq gənclər proqramının ilkin variantının cizgiləri hazırdır. İlkin variantda əsasən 10 sahə əhatə olunub ki, hər sahədə də konkret maddələr yer alıb.  İşçi qrupun üzvü mayın 25-də hazırlanan ilkin təkliflər paketinin aidiyyatı quruma təhvil veriləcəyini də qeyd etdi.  İyunun 6-da isə proqram artıq təsdiqlənməlidir. Bu sözləri də Ş. İsmayılov dedi.

AGAT-ın sədri Gülsel Səfərova isə çıxışında işçi qrupun artıq 2 görüşünün keçirildiyini bildirdi.  Proqramda çoxsaylı sahələrin əhatə olunduğunu deyən işçi qrupun üzvü təkliflər paketində Gənclər Mərkəzinin, vahid tələbə kartının yaradılması, pullu təhsil alan tələbələrə təqaüdlərin verilməsi, xarici səfərlərlə bağlı səfər xərclərində güzəştlərin tətbiq edilməsi, informasiya təhlükəsizliyi və digər məsələlərin də əks olunduğunu gənclərin nəzərinə çatdırdı.

Daha sonra gənclər işçi qrupun üzvlərinə suallar ünvanladılar, təkliflər səsləndirdilər.   Sumqayıtlı gənclər  gənc sahibkarlara xüsusi güzəştlərin  tətbiqi, Tikinti Əmanət Banklarının formalaşdırılması, Karyera Mərkəzlərinin yaradılması, Sumqayıtda Gənclər Evinin yaradılması, peşə məktəblərinin əsaslı bərpası, gənc ailələrə psixoloji dəstəyin verilməsi, yeni iş yerlərinin açılması kimi təkliflər irəli sürdülər.

Tədbirin sonunda çıxış edən Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov Sumqayıtda gənclərlin üzləşdiyi problemlərlə bağlı qonaqlara məlumat verdi.  Sumqayıt gənclərinin uğurlarından danışan idarə rəisi gənclər proqramına salınması ilə bağlı bir sıra təkliflər səsləndirdi. M. Həsənov   “Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” ictimai birliyinin az bir müddətdir yaranmasına baxmayaraq aktiv fəaliyyət göstərdiyini bildirdi və təşkilatçılara öz minnətdarlığını ifadə etdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər