“Gənclər siyasəti məhz gənclərin iştirakı ilə qurulmalıdır”

1198

2008-ci ildə ABŞ-da başlayan və tez bir zamanda bütün dünyanı bürüyən qlobal maliyyə böhranı Böyük Britaniya iqtisadiyyatını sözün əsl mənasında silkələdi. Kraliça əsəbindən özünə yer tapa bilmirdi, axı necə olurdu ki hər il dövlət büdcəsindən milyonlarla funt sterlinq vəsait alan araşdırma mərkəzləri və universitetlərdə çalışan professorlar böhranı əvvəlcədən proqnozlaşdıra bilməmişdi.

Nəhayət Kraliça London İqtisadiyyat Məktəbindəki görüşdə Böyük Britaniya iqtisadçılarını əməlli-başlı tənqid etdi. İqtisadçıların cavabı isə özünü çox gözlətmədi.

Media vasitəsilə Kraliçaya yazdıqları məktub “Əziz Ana” (Dear Mom) sözləri ilə başlayırdı. Fikirlərinin məğzi isə o idi ki, bəzi böhranlar sistemli xarakter daşıyır və sistemli olaraq tədqiq olunmalıdır. Eyni zamanda, qərar qəbul edənlər öz qərarlarında səmimi şəkildə müstəqil təhlillərə əsaslanmalıdırlar. Müstəqil fikrin, tədqiqatın və təhlilin önəmi bir daha sübuta yetirildi.

Gənclər sektorundakı tədqiqat və təhlillərin vəziyyətini, bu sahədəki mövcud problemləri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, araşdırmaçıekspert İsmayıl Kərimovla müzakirə etdik.

ismayil karimov3

İsmayıl müəllim, bütün cəmiyyətlərdə müstəqil araşdırmalar həmin cəmiyyəti gözləyən təhdidlərin “zəif siqnallar”ını qabaqcadan müəyyənləşdirməyə kömək edir. Mürəkkəb geopolitik mübarizənin coğrafi baxımdan mərkəzində olan Azərbaycanda sosial proseslərin və müxtəlif sahələr üzrə dövlətin yeritdiyi siyasətlərin müstəqil tədqiqatı hansı səviyyədə aparılır?

Əlbəttə ki, bugün müstəqil tədqiqatların miqyası və bunun sistemli olması bizi qane etmir. Bu məsələdə akademik qurumlarımız-xüsusi ilə ali təhsil məktəblərimizdə araşdırma mərkəzlərinin olmaması ən böyük çatışmamazlığımızdır. Biz, ali məktəbləri yalnız bakalavr və magistr təhsili verən qurumlar kimi assosasiya edirik. Ona görə də ölkədə aparılan müstəqil tədqiqlarda əsas yük QHT sektorunun üzərinə düşür. Halbuki ali məktəblər yalnız təhsil verən yox eyni zamanda yeni informasiya istehsal edən qurumlar olmalıdır. Bu həm də QHT-lər tərəfindən aparılan müstəqil tədqiqatlara akademik yanaşmaya da əhəmiyyətli töhfə verərdi. Bu cür arzuladığımız tendesiyanı təəssüf ki ölkəmizdə görə bilmirik.

Bir araşdırmaçı kimi necə hesab edirsiniz cəmiyyətdə fundamental araşdırma boşluğu nədən qaynaqlanır? Mətbuatda mütəmadi olaraq beynəlxalq təşkilatların, xarici universitetlərin araşdırmalarına rast gəlirik. Bizdə isə bu cür araşdırmalarla rast gəlmirik. Fikrinizcə bunun səbəbi nədir?

Birincisi onu deyim ki, bizdəki araşdırma sahəsindəki boşluq cəmiyyətin yanaşmasından asılıdır. Bizim cəmiyyətdə belə bir hakim fikir var ki, maddi resurslar varsa hər bir problemi həll etmək olar. Lakin resursların olması hələ o demək deyil ki, bununla bütün problemlər həll oluna bilər. Bəzən çoxlu belə nümunələr görürük ki, çoxlu layihələr həyata keçirilir, amma baxırsınız ki, o problemlər həll olunmur. Oturub fikirləşirik ki, bizim bütün cəhdlərimizə baxmayaraq bu sahədə problemlər hələ də həll edilmədi və nəyisə düzgün etmədik. Ona görə maddi resursların çox olması əsas məsələlərdən biridir, ancaq ondan da vacib olan məsələ həmin xərclərin real ehtiyaclara uyğun prioritetləşdirilməsidir.

İkinci bir məsələ, istənilən layihənin və xüsusi ilə dövlət proqramının icrasının monitorinqi və qiymətləndirməsində araşdırmalar çox vacibidir. Nədənsə bizdə adətən dövlət proqramlarının icrasının səmərəliliyinin ölçülməsində yalnız kəmiyyət göstəricilərindən istifadə edilir. Axı görülən işlərin insanımıza faydalılığını ölçmək üçün keyfiyyət göstəricilərinin də hazırlanması vacibdir. Bu göstəriciləri isə yalnız araşdırmalarla müəyyən etmək mümkündür. Üçüncüsü isə, araşdırmalar cəmiyyətin sosial mədəni dəyərləri baxımından çox vacib məsələdir. Bu o dəyərlərdir ki, hökümətin qəbul etdiyi qərarlara reaksiyanı müəyyən edir. Yəni davranış modelləri kontekstində yanaşmaq lazımdır. Bizdə bu faktor da əksər hallarda nəzərdən qaçırılan məsələlərdən biridir və sosioloji araşdırmalara marağı azaltmaqdadır. Bütün bunlara baxmayaraq deməzdim ki, araşdırmalar ümumiyyətlə yoxdur. Bizdə də müəyyən QHT-lər, xüsusilə də iqtisadi sahədə müəyyən araşdırmalar aparırlar.

Lakin başqa sahələrdə, xüsusilə də cəmiyyətin sosioloji  baxımdan incələnməsi məsələsində çoxlu boşluqlar var. Bunların çoxu da mən deyərdim ki, gənclər siyasəti ilə bağlıdır. Bu sahə üzrə bir çox fundamental istiqamətlərdə hələ də araşdırmalara rast gəlmirik. Məsələn bu gün bizi ən çox narahat edən məsələlərdən biri gənc ailələrdə boşanmalar, ailədaxili zorakılıq, cinayətə meyillilik və narkomaniyanın geniş vüsət alması, gənclərin işsizliyi kimi məsələlərdə araşdırmalarımız yoxdur. Halbuki bunlar elə məsələlərdir ki, buradakı problemlərdə səbəb-nəticə münaisbətini müəyyən etmək çox vacibdir.  Bu problemlərin yaranmasında iqtisadi faktorlar, sosial-mədəni dəyərlərdə dəyişmələr vacibdir. Biz bu məsələlərdə səbəb-nəticə əlaqəsini bilmədən problemləri həll edə bilmərik. Biz problemlərin müəyyən edilməsində səbəb-nəticə əlaqəsini də nəzərdən qaçırırıq. Belə yanaşmalar araşdırmaya olan ehtiyacı azaldır

 Ciddi araşdırmalara rast gəlməməyimizin səbəblərindən biri də yəqin ki, sifarişlərin olmaması ilə bağlıdır. Bu sifarişləri hansı qurumlar etməlidir? Bəzən sifarişçilər hesab edirlər ki, hər hansı bir sahədə ciddi araşdırma aparmaq üçün kifayət qədər maliyyə lazımdır. İkinci bir səbəb kimi isə araşdırmaçı şəxs və şirkətlərin olmamasını gətirirlər.

Mən sifarişlərin olmaması fikri ilə razıyam, lakin araşdırmaçıların az olması ilə bağlı fikirlə razı deyiləm. Ölkəmizdə bu sahədə kifayət qədər böyük potensial var. Tələbin olmamasını mən öncəki sualın cavabında da qeyd etdiyim səbəblərdir. Bu səbəblərin kökündə isə o dayanır ki, sifarişçilər hesab edirlər ki, bizim cəmiyyət plastilin kimidir, biz nəyi tətbiq etsək onu da qəbul edəcəklər. Bütün sahələrdə insanların davranışları çox önəmlidir. Elə problemlər var ki, onlar insanların davranışları ilə bağlıdır. Biz bunu hansısa maarifləndirmə tədbirləri ilə aradan qaldıra bilmərik. Bizdə bir ənənə halını alıb ki, hansı problem olsa orada düşünmədən maarifləndirmə tədbirlərini tətbiq edirlər. Amma təcrübə göstərir ki, insanların hansısa sahədə maarifləndirməsi o demək deyil ki, o məsələ həllini tapacaq. İnsanlar çoxlu məlumat ala bilər, bu çox yaxşıdır. Amma bu o demək deyil ki, bu informasiyanı alan müsbət yöndə dəyişəcək. Mənim konkret fokuslandığım sahə gənclərlə bağlı olan məsələlərdir. Əslində Azərbaycan gəncliyi 2011-2015-ci illər dövlət proqramında bu öz əksini tapıb ki, gənclər arasında sosioloji sorğular keçirilsin. Lakin təəssüf ki, bununla bağlı heç bir addım atılmadı.  Bəlkə də araşdırmaya ehtiyacın olmaması səbəblərindən biri də budur ki, araşdırmalarda problemlərin üzə çıxması ilə bağlıdır. Biz öz problemlərimizi dilə gətirmək məsələsində komplekslərimiz mövcuddur. Biz həmişə bir problem olanda günahkar axtarmağa çalışırıq. Araşdırmalarda ciddi problemlər üzə çıxdıqda, onu rahatlıqla manipulyasiya edib günahkar axtarışına çıxırıq.

Siz daha çox gənclər sahəsində araşdırmalar aparmısınız. Qeyd etdiniz ki, bir çox sahələr var ki, bu sahələrdə araşdırmalara ehtiyac var. Nə dövlət qurumları tərəfindən, nə də bu sahədə fəaliyyət göstərən gənclər təşkilatlarında bu cür araşdırmalara rast gəlmirik. Fikrinizcə kim ilk addımı atmalıdır ki, bu sadaladığınız problemlərin aradan qalxması üçün fundamental bir araşdırma aparılsın və bunun nəticəsində də mövcud problemlərin həlli istiqamətdində düzgün layihələr icra oluna bilsin.

Çox düzgün məsələləri vurğuladınız. Gəlin, məsələni belə qoymayaq ki, kim birinci addım atmalıdır. İlk öncə zehniyyəti dəyişmək lazımdır. Mən öz şəxsi təcrübəmdən deyirəm ki, gənclər işi elədir ki, burada işlər kabinetdə həyata keçirilmir. Gənclər işi bir küçə işidir. Kabinetdə  və konfrans zallarında müzakirə edilənlərlə küçənin reallığı və prioritetləri arasında fərq mövcuddur. Çünki küçədə siz müxtəlif gənclərlə qarşılaşırsınız, onların dəyərlərini öyrənirsiniz. Gənclərin dəyərləri isə dəyişir. Yəni gənclər işi statik bir iş deyil ki, müəyyən bir sistem qurub sonra avtopilota qoyasınız və öz axarı ilə davam etsin. Gənclərin dəyərlərdəki dəyişikliklərinə uyğun hərəkət etməliyik.  Mən sizə bir şey deyim ki, dəyərlərin dəyişkənliyi bir çox Avropa ölkələrində gənclərin iştirakı məsələsinə diqqəti daha çox yönəltmişdir. Yanaşma bundan ibarətdir ki, gənclər siyasəti məhz gənclərin iştirakı ilə qurulmalıdır. Əslində mən sizə deyim ki, 2011-ci il proqramı hazırlananda belə bir addım atıldı. Bütün rayonlarda gənclərlə görüşlər keçirildi, xüsusilə ictimai fəal gəncləri topladılar. İdeya əslində yaxşı idi. Məqsəd çox yaxşı idi. Amma istifadə edilən alətlərdə düzəlişlər və təkmilləşdirmələrə ehtiyac var idi. Çünki bugün  biz bunu müşahidə edirik ki, sadəcə ictimai fəal gənclər və gənclər təşkilatı bütün gəncləri təmsil edə bilməz. Eyni zamanda bütün gəncliyin problemlərini də bilə bilməz. Azərbaycanda 300-ə yaxın gənclər təşkilatı var və nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan əhalisinin təxminən 32 faizini təşkil edir. Sual oluna bilər ki, bu 300-ə yaxın təşkilat Azərbaycan gənclərinin neçə faizini təmsil edəcək?.Mən düşünmürəm ki, bu 5-6 faizi keçmir. Bəs geridə qalan gənclərin fikirləri necə təmsil olunmalıdır? Gənclər təşkilatlarında rotasiyanın olmaması və rəhbərliyin qocalması fonunda digər gənclər qruplarının iştirakçılığını təmin etmək müşkülə çevrilib. Bizdə gənclərin iştirakı dedikdə dərhal əsas göstərici kimi, seçkili və təyinatlı orqanlarda gənclərin payı ilə ölçülür. Məsələ gənclərin dövlət, bələdiyyə və ictimai sektorda nə qədər vəzifə tutması deyil, həmin gənclərin gənclər qrupunu necə təmsil etməsi və təmsil olunan gənclərin rəyi ilə təmsil olunan gənclərin rəyinin nə dərəcədə sinxron olması ilə bağlıdır.  Orqanlarda gənclərin iştirakı formadır, o məzmunu tam ifadə etmir. Buna görə də gənclərin iştirakı anlayışını dar çərçivədə tutmamalıyıq. Bu anlayışı genişləndirmək üçün biz eyni zamanda sosioloji sorğulara da istinad etməliyik. Bax onda görəcəyik ki, gənclər təşkilatlarının nümayəndələrinin yanaşmaları  ümumilikdə ölkə gənclərinin yanaşmaları ilə  nə dərəcədə örtüşür. Bu sorğular və araşdırmalar eyni zamanda gənclərin prioritet problemlərini və ehtiyaclarını müəyyən etməyə kömək edir.

Bu məsələdə ikinci mühüm məqamı da qeyd etmək istəyərdim. Müvafiq qurumların araşdırmaya həvəs göstərməsi üçün zehniyyəti və davranışı şərtləndirən əsas məsələlərdən biri də araşdırmanın faydalılıq məsələsidir.

Yaxşı, müvafiq qurumlar bunun faydalılığını necə hiss edəcək? Yəni bu faydalılıq olmasa araşdırmalara tələbat olmayacaq?

Başqa sahələrdə çox sadə nümunələrdən başlamaq lazımdır. Bir xəstənin müalicəsində necə ki xəstəliyin səbəbini müəyyən etmək mümkün deyilsə, ictimai siyasət sahələrində, o cümlədən gənclər siyasətində də bu belədir. Dövlət proqramları hazırlananda problemləri versiyalar və ya araşdırmalara əsaslanmadan müəyyən etdikdə fəaliyyətlər üçün xərclənən vəsaitlər artıq itki kimi hesab edilməlidir. Yəni vəsaitlər səmərəli istifadə edilmir. Bugün dövlət proqramlarının hazırlanması və dövlət proqramları üçün nəzərdə tutulan vəsaitlərdən çox yox, 5% araşdırmalara yönəlsə biz geridə qalan 95%-lik vəsaiti daha effektiv istifadə edə bilərik. Mən düşünürəm ki, gənclər siyasəti üzrə fundamental istiqamətlərdən biri üzrə bunu sınaqdan keçirsələr onun faydalılığını hiss edəcəklər. İnsanlar o zaman davranışlarını dəyişdirirlər ki, onlar mövcud dəyişikliklərdən bəhrələnə bilirlər. Bax bu kontekstdə biz bilməliydik ki, gənclərdə hansı dəyişikliklə baş verir. Son 20 ildə Azərbaycan gənclərinin sosial-mədəni dəyərləri necə dəyişib?Yəni doğrudan da bu qədər maraqsızdır bu məsələlər? Bu gün gözəyarı və intiutiv formada bəzi dəyişmələri görə bilirik. Amma bunlar araşdırmalar olmadığı təqdirdə hipotez kimi qalır.

Məsələn məni narahat edən məsələlərdən biri budur ki,  bir tərəfdən modernləşmiş gənclər formalaşır, digər tərəfdən sürətlə dini dəyərlərə qayıdış da var. Bunların içərisində xurafatçılığa meyillilik də var. Bu gələcəkdə gənclər qrupları arasındakı münasibətlərə hansı formada təsir edəcək? Bu, bizim problemlərə necə təsir edir? Bir çox problemlər, xüsusilə də erkən nikah və ailə problemləri kimi məsələlərlə bağlı hesab edirik ki, bu dəyərlərin dəyişməsindən irəli gəlir. Bütün bu məsələlərin hamısı müzakirə üçün açıq qalıb.

Dəyərlər hansı səbəblərdən dəyişir?

ismayil

Çoxlu səbəblər var. Böyük hissəsi qloballaşmanın gətirdiyi bir çox tendesiyalarla bərabər dəyişir. Qloballaşmanın gətirdiyi informasiya mübadiləsi mövcud şəraiti və dəyərləri daha sürətlə dəyişdirir. Mən gənclərin inkişafında sosial mühitlərin rolu ilə bağlı anket-sorğu keçirmişdim. Onun nəticələrinə görə ailə mühiti üçüncü yerdə gəlirdi. Belə nəticəyə gəlmək mümkündür ki, bizim gənclərdə ailədən uzaqlaşma və fərdiyyətçilik meylləri güclənib. Bugün bu tendesiyanı müzakirə etmək lazımdır ki, bunun hansı müsbət və mənfi cəhətləri var. Bu çox fundamental məsələdir və bunu müzakirə etmək bizə çox məsələlərə aydınlıq gətirə bilər. Mən sizə bir şey deyim. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində əsaslandırılmış gənclər siyasəti mövzusunda Belarusiyaya səfər etmişdik. Orada mənim marağımı cəlb edən Belarusiyanın Gənclər və İdman nazirinin müavini çıxış edib aparılan araşdırmalar haqqında danışdılar. Onlar sifarişçi kimi Minsk Dövlət Universiteti tərəfindən bir araşdırma təqdim edildi. Hər il bu araşdırma aparılır. Mövzu “Belarus gənclərində mənəvi dəyərlərin dəyişkənliyi” ilə bağlı idi. Hər il bu araşdırmanı aparırlar ki, bu dəyərlər nə dərəcədə dəyişilir. Yəni bunu həyata keçirmək bu qədərmi çətindir?Sadəcə dövlət qurumları bu araşdrımaya ehtiyacı hiss etməlidir. Mən açığı o təqdimata çox heyran qaldım. Buna görə də bunu dərk etmək lazımdır ki, biz sadəcə gənclər üçün daxili investisiya ilə fəxr etməli deyilik, eyni zamanda bu cür araşdırmalarımızla da fəxr etməliyik

Məsələn hansı məsələlərə aydınlıq gətirə bilər?

Məsələn bugün gənclərdə fərdiyyətçilik hisslərinin güclənməsi, ailədən uzaqlaşması hansı fəsadlara yol açır. Bunu bilən var? Bəlkə boşanmalar, narkomaniya və cinayətkarlığa meyllik ailədən uzaqlaşma ilə əlaqəsi var?Bütün bu mənfi tendesiyaların qarşısını almaq üçün fərqli alternativlərimiz var?İqtisadi faktorlar gənclərimizin sosial-mədəni, mənəvi dəyərlərinə və psixologiyasına necə təsiri var? Bütün bu məsələlərin cavabını kim verəcək. Gənclərimizin işsizliyinin səbəblərini bilirikmi? Bu sualları kifayət qədər çoxaltmaq mümkündür. Bu suallara cavabların vacibliyi hiss edilmədiyi müddətcə fəaliyyətlərin həyata keçirilməsi bizə arzu etdiyimiz nəticələri vermir.

 

Fikrinizcə niyə hiss eləmirlər? Bunu bilirlər ona görəmi, yoxsa araşdırma aparmaq kifayət qədər maliyyə tələb elədiyi üçünmü?

Dediyim kimi hesab edirik ki, bilirik. Amma gənclər sektoru çox dinamikdir. Dəyərlər sürətlə dəyişir amma bunu biz hiss etmirik. Mən sizə deyim ki, burada inzibati maneələr də var. Xüsusilə bu gün gənclər siyasətinin xərcləmələri üzrə Nazirlər Kabineti tərəfindən qoyulmuş maliyyə normativləri mövcud tələbata uyğun qurulmalıdır. Bu gün həmin maliyyə normativləri arasında intellektual əməyin qiymətləndirilməsi faktiki olaraq yoxdur.  Azərbaycan Gəncliyi Dövlət Proqramları çox gözəl təsisat və alətlər yaradıb. Gənclər Fondu fəaliyyət göstərir, nazirlik layihələri maliyyələşdirir. Amma biz bu alətlərdən daha səmərəli istifadə etməliyik.

 Bu alətlərdən biz niyə effektiv istifadə edə bilmirik?

Çünki bizdə həmin dövlət proqramı hazırlananda hədəflər var idi. Lakin bu hədəflərin qiymətləndirməsində yalnız kəmiyyət göstəriciləri var. Məsələn bu qədər gənclər evi tikiləcək, bu qədər layihə olacaq və.s Bəs onda bunun səmərəliliyini ölçən keyfiyyət  göstəriciləri hardadır?

Tutaq ki, biz 500 layihə həyata keçirdik, bunun yüzü gənclərin zərərli vərdişlərinə qarşı mübarizə ilə bağlı olduğunu fərz edək. Bizim onun keyfiyyətini ölçmək üçün indikatorlarımız yoxdur. Keyfiyyət indkatorlarını hazırlamaq lazımdır.Çünki bu olmasa yenə həmin problemlər qalacaq, yenə biz sıfırdan başlamalıyıq. Mən əminəm ki, bəzi problemlər var ki, 2015-ci ilin sonunda növbəti dövlət proqamı hazırlananda bu probolemlər yenidən müzakirə ediləcək ki, bu problemlər yenə də qaldı, bu problemlər üzərində yenidən müzakirələr açılacaq və ortaya heç bir innovativlik çıxmayacaq. Amma biz bütün araşdırmalarda, problem və sosial mədəni dəyərlər arasında müəyyən əlaqəni qura bilsək, inanın ki, bütün təşkilatlar üçün, fərdi şəxslər üçün o qədər gözəl ideyalar ortalığa çıxar ki,hansı ki, biz bunu həyata keçirə bilərik. Bu korelasiyalar ilə bizim üçün çox rahat olacaq ki, eyni zamanda biz hansısa bir keyfiyyət indikatorları hazırlayaq.Bu məsələlər, yəni gənclər siyasəti üzrə statistik məlumatların yenidən təkmilləşdirilməsi və araşdırmaların aparılması 2011-2015-ci il dövlət proqramında öz əksini tapmışdı. Amma bu sahədə hələ bir irəliləyiş əldə edilməyib. Əlbəttə ki, bəzi istiqamətlər var ki, orada keyfiyyət indikatorunu müəyyən etmək çox çətindir.  Çünki, bəzi dəyərlər var ki, onu riyazi modellərlə ölçmək çox çətindir.

Çox maraqlı bir məqama gəldiniz. Doğrudan da bəzi dəyərlər var ki, onları ölçmək çox çətindir və bu sahədə həyata keçirilən fəaliyyətlərin səmərələliliyinin ölçülməsi qəliz məsələdir. Sizcə biz fəaliyyətlərin səmərəliliyini ölçə bilmiriksə o sahədəki fəaliyyətlərdən imtina etməliyik? Sizin yanaşmanız maraqlı olardı.

Məsələn, gənclərin vətənpərvərlik tərbiyəsi ilə bağlı layihələrdə faydalılığı tapmaq müşkül məsələdir. Axı təlimlərlə insanı necə vətənpərvər etmək olar?Necə ölçə bilərik ki, bu təlimlərdən sonra gənclərdə vətənpərvərlik hissi tutaq ki, 30% artıb. Təcrübə göstərir ki, bu tip layihə və təlimlər o qədər səmərəli olmur. Çünki insanları vətənpərvər və ya vətənə bağlı edən səbəblər sadəcə məlumatsızlıqda deyil ki, bunu bir təlimdə həll edəsən. Hər insan öz dəyərlərinə görə özünü vətənpərvər hesab edə bilər. Siz heç ömrünüzdə bircə dəfə görmüsünüz ki, bizim cəmiyyətdə kimsə çıxıb desin ki, mən vətən xainiyəm? Mən demirəm ki, Azərbaycan gənclərində vətənpərvərlik məsələsi əhəmiyyətsiz məsələdir, sadəcə olaraq mən düşünürəm ki, məsələ metodoloji baxımdan düzgün qoyulmur. Amma bu o mənaya gəlmir ki, məktəblərdə bu tərbiyə getməməlidir. Bir çox ölkələrdə bu istiqamət daha çox vətəndaşlıq tərbiyəsi kimi gedir və məktəblərdə ilkin məlumat verirlər. Bizdə də bu belədir. Yəni bu məktəb proqramlarında tədris edilirsə bunun üçün əlavə vəsait xərcləməyə nə ehtiyac var?

Öncə qeyd etdiniz ki, dövlət proqramları hazırlanarkən ənənəvi sorğulardan, metodlardan istifadə olunur. Misal üçün 5-10 ictimai fəaldan problemlər soruşulmaqla. Bunun üçün müəyyən araşdırma aparmaq tələb olunur. Çünki, hər bir rayonun spesfik problemləri ola bilər, bu rayona fərqli yanaşılmalıdır. İkinci bir məsələ mən hesab edirəm ki, bu araşdırmalardan da öncə ehtiyaclar müəyyənləşməlidir. Bu ehtiyaclar öncədən müəyyənləşməlidir ki, layihə bitdikdən sonra da ölçmələr apara bilsinlər ki, bu layihə nə dərəcədə effektiv oldu. Yəni bunun da kökündə araşdırmaların olmaması dayanır. Tutaq ki, insanlar işsizdirlər, bunun səbəbi nədir? Niyə bu regionda işsizlik daha çoxdur? Bəlkə də araşdırma aparılsa elə nəticəyə gəllib çıxmaq olar ki,  səbəb tamamilə başqa bir şeydədir. İqtisadiyyatla bağlı da bizdə araşdırmalar aparılır, ancaq daha çox makro iqtisadiyyatla və digər sahələrlə bağlı biz araşdırmalara rast gəlirik. Regionlar üzrə biz hər hansı bir iqtisadi araşdırmalara rast gəlmirik ki, problemləri əlaqəli şəkildə araşdırsınlar. Tutaq ki, insanlar evsizdirlər, nə səbəbdən, çünki işləmirlər, niyə işləmirlər? İş yoxdur! Niyə iş yoxdur? Bax beləcə biz məsələnin kökünə getməliyik. Yaxşı hesab edirlər ki, iş yoxdur. Bəs bu insanlar niyə iş qura bilmirlər? Bunun səbəbi nədir? Bax biz bu suallarla məsələnin kökünə getməliyik. Əslində biz bu araşdırmaları aparmaqla məsələnin kökünə gedib çata bilsək və bu problemi həll etsək digər problemlər də zəncirvari şəkildə həllini tapacaq. Bunun üçün nə etməliyik? Kimin üzərinə hansı işlər düşür?

Çox düzgün bir məqama gəldiniz, düzdür bütün rayonlarda ictimai fəal gəncləri yığdılar, amma məsələ burdadır ki, dövlət proqramı bütün ölkə üzrə hazırlandı. Amma regional fərqlər o qədər də çox nəzərə alınmadı.  Mən hesab edirəm ki, bütün ölkə üzrə bir xəritə (maping) hazırlanmalı idi ki, burada hansı problem var, digər regionda hansı problem prioritetdir, hansı problemin üzərinə hansı regionda daha çox fokuslanmaq lazımdır və ehtiyaclara uyğun mərkəzləşdirilmiş maliyyə yardımı ayrılmalı idi. Gənclər siyasəti bir ahəngdar vəhdət təşkil etməlidir. Biz anlamalıyıq ki, ölkədə aparılan gənclər siyasəti təkcə Gənclər və İdman idarəsinin üzərinə düşməməlidir. Burada bütün əlaqədar qurumlar qarşılıqlı əməkdaşlıq və ahəngdar vəhdət prinsipi ilə işləməlidir. Əgər hər hansı bir sahə eyni zamanda İqtisadi İnkişaf Nazirliyindən asılıdırsa bunlar qarşılıqlı əlaqələr və anlayış çərçivəsində məsələni həlli istiqamətdində addımlar atmalıdırlar. Amma biz bu gün nəyi görürük.

Azərbaycanda nə qədər region varsa, bir o qədər də gənclər siyasəti var. Yerli icra hakimiyyəti hesab edir ki, mənim rayonumda gənclər siyasəti ilə bağlı əsas prioritetlər bunlardır. Amma bu gün ölkə üzrə ümumi xəritə (maping) hazırlansa təbii ki, Gənclər İdman İdarəsi ilə yerli icra hakimiyyəti arasında müəyyən bir məlumat olar və oturub bir-bir müzakirə aparılar ki, bu rayonda bu problemləri həll etmək digərlərindən daha vacibdir. Dolayısı ilə bu araşdırmaya əsaslanan qarşılıqlı əməkdaşlığa və ahəngdar vəhdətə  söykənən gənclər siyasətini qurmaq lazımdır. Gənclər siyasəti sahəsində ən aktual məsələlərdən biri gənclərin məşğulluğu məsələsi idi. Bu təbii ki, rayondan-rayona dəyişir. Həm  miqyasına görə, həm də səbəblərinə görə. Amma bizim əlimizdə araşdırma yoxdur və biz çoxlu karyera quruculuğu ilə bağlı təlimlər təşkil etməyimiz heç bir fayda vermir.

 Söhbətləşdi: Eyvaz Qocayev,

sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər