Gənclər Sumqayıtın problemlərini müzakirə etdilər

809

Martın 13-də IREX təşkilatı Sumqayıt İcma Məlumat mərkəzində “XXI Əsr Sumqayıt Gəncliyi” Təşəbbüs qrupunun təşkilatçılığı ilə “Sumqayıtda mövcud problemlər, reallıqlar və çıxış yolları” mövzusunda toplantı keçirildi. Toplantıda şəhərdə öz aktiv fəaliyyəti ilə seçilən gənclər, eləcə də Sumqayıt Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş üzrə şöbəsinin rəisi Rüstəm Sadıqzadə iştirak edirdi.
Hər bir tədbir iştirakçısına mövzuya münasibət bildirməyə şərait yaradıldı. Hər kəs öz növbəsində aktual hesab etdiyi və həllini vacib saydığı bir neçə məsələni müzakirəyə təqdim etdi. Problemlər müxtəlif fəaliyyət sferalarını əhatə edirdi. Xüsusən, təhsildə, şəhərin abadlaşdırılmasında, işıq və su ilə təminatında, bəzi məmurların fəaliyyətində olan qüsurlar vurğulandı.
Tədbirdə səslənən fikirlərdən belə nəticəyə gəlmək olar ki, gəncləri daha çox narahat edən problemlər sırasında şəhər əhalisinin məşğulluq məsələsi öndə durur. Bu problemin aradan qaldırılmasına yardım kimi Karyera Mərkəzlərinin yaradılması təklif edildi. Sumqayıt gənclərini narahat edən digər mühüm bir məsələ isə şəhərdə bir dənə də olsun Gənclər Mərkəzinin olmamasıdır. Tədbir iştirakçıları qeyd etdi ki, müxtəlif vaxtlarda bu problemi dəfələrlə qaldırmalarına baxmayaraq indiyə qədər həll olunmamış qalır.
Problemlər sistemləşdirildi, növbəti dəyirmi masaların keçirilməsi qərara alındı. Silsilə xarakterli keçiriləcək dəyirmi masalarda problemlərin müzakirəsi aidiyyatı qurum rəhbərlərinin iştirakı ilə keçiriləcək. Tədbirin sonunda ən çox səslənən problemlər və təkliflər haqqında sənəd hazırlayıb gənclər adından yeni icra başçısına təqdim etmək təklifi də verildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər