Bildiyiniz kimi, 2002-ci ildə qəbul edilən “Gənclər siyasəti” haqqında qanun yeni dövrə uyğunlaşdırılması məqsədi ilə dəyişikliklərin edilməsi üçün Milli Məclisdə müzakirəyə çıxarılıb. Dəyişiklik Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələrini artırıb. Belə ki, Milli Məclisin keçirilən plenar iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklərə əsasən, Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları, spirtli və energetik içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.
Təşkilatdan sumqayitxeber.com-a verilən açıqlamada bildirilir ki, “Sağlam Düşüncə” Gənclər Təşkilatı olaraq, qanuna edilmiş dəyişiklik təkliflərini yarandığı ildən gənclər və yeni yetmələr arasında sağlam həyat tərzini təbliğ edən qurum kimi tamamilə dəstəkləyirik.
Tütünlə mübarizəyə, həmçinin sağlam həyat tərzinin inkişafına yönəlmiş tədbirlərdə əsas hədəf kütləmiz gənclər və xüsusən yeniyetmələrdir. Tütün məmulatlarının və spirtli içkilərin yaratdığı fəsadlar bir çoxumuza məlumdur. Bu istiqamətdə hər il mütəmadi olaraq profilaktika və təbliğat məqsədli tədbir, təlim, seminar, müxtəlif kütləvi tədbirlər və maarifləndirmə kampaniyaları keçiririk. Yeni qanun layihəsinin spirtli içkilər və tütün məmulatları ilə yanaşı, energetik içkilərə də şamil olunması sevindirici haldır. Ələxsus, yuxarı sinif şagirdlərininin energetik içkilərə maraq göstərməsi inkişaf dövründəki orqanizmlərinə ciddi ziyan yetirir. Energetik içkilərin tərkibində bir sıra aktiv maddələr var ki, onların, aşırı dozası orqanizmdə maddələr mübadiləsində mənfi dəyişikliklərə səbəb olur. Bir sıra Avropa ölkələrində bu içkilərin yalnız apteklərdə tibbi müalicələr zəminində reseptlə satışına icazə verilir. Energetik içkilərin tərkibindəki maddələrdən, xüsusilə kofein insan həyatı üçün təhlükəlidir. Kofein normal hədd daxilində orqanizmə zəruri olduğu halda, artıq istifadə zamanı ürəkdöyünmə, yüksək qan təzyiqi, ürəkbulanma, qusma, qıcolmalar, yuxusuzluq və s. yaradır. Bu içkilərin tərkibindəki artıq şəkər gənclərdə piylənmə, diabet, digər bir maddə, taurinin artıq istifadəsi böyrək problemlərinə gətirib çıxara bilər. Enerji içkilərinin reklam bazarında geniş payının olmasını da nəzərə alsaq, bu sahədə ciddi tənzimləmələrin aparılmasına ehtiyac duyulduğunu deyə bilərik. Təşkilatımız istər yerli istərsə də beynəlxalq layihələrdə tütün məmulatları, spirtli və energetik içkilərinin satışını həyata keçirən şirkətlərlə əməkdaşlıq qurmur və eyni zamanda gənclərlə işləyən digər qurumları da bu prinsipdən çıxış etməyə çağırır. Eyni zamanda ,Gənclər siyasəti haqqında qanuna məhz bu müddəaların da əlavə edilməsi, bizim fəaliyyətimizə bir hüquqi dəstək olacaq, planlaşdırdığımız profilaktik və təbliğat xarakterli tədbirlərimizdə atacağımız addımların effektivliyində də yeni dəyişiklik xüsusi rol oynayacaqdır.