“Gənclər təşkilatının inkişafında axırıncı tələb olunan resurs gənclər evidir”

1169

Ismayıl Kərimov: “Gənclər təşkilatları üçün ən vacib resurs  onların ideyaları və bacarıqlarıdır”

Son dövrlərdə sosial şəbəkələrdə və Sumqayıtın yerli mediasında şəhər gənclərinin ictimai fəaliyyətində mövcud vəziyyət haqqında xeyli müzakirələr aparılır. Bu müzakirələr gənclər siyasəti ilə məşğul olan dövlət strukturları tərəfindən necə görünməsi  gənc oxucularımız üçün maraqlı olardı. Müsahibim İsmayıl Kərimov-2008-ci ilin may ayının 1-dən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsində gənclərlə iş sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyir. 1997-ci ildə Türkiyənin Səlcuq Universitetinin dövlət və bələdiyyə idarəçiliyi ixtisasının bakalavr pilləsini, 2000-ci ildə isə inzibati idarəetmə ixtisası üzrə magistatura pilləsini bitirib.  1999-cu ildən ictimai sektorda fəaliyyət göstərib. 2003-cü ildən isə müxtəlif gənclər təşkilatlarında fəaliyyət göstərib və müxtəlif layihələrdə işləyib. İsmayıl müsahibə verməmişdən əvvəl bildirdi ki, müsahibədəki fikirlər onun şəxsi mövqeyidir və daşıdığı səlahiyyətə görə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi rəhbərliyinin rəsmi mövqeyini ifadə etmir.

– Həm ictimai həm də dövlət sektorunda çalışan bir şəxs olaraq Sumqayıtda gənclər siyasətini necə qiymətləndirirsiniz?

– Hər bir şəhərdə yaşayan gənclərin özünəməxsus potensialı, problemləri, qayğıları və eyni zamanda prioritetləri var. Hər halda Bakı gəncləri ilə Sumqayıt və yaxud digər rayon  gənclərinin problemləri, maraqları və potensialı eyni deyil. Bunlar daha çox sosial mədəni iqtisadi və eləcə də gənclər üçün yaradılmış sosial təsisatlardan şəraitdən də asılıdır. Gənclər siyasətinin inkişafını gənclərin təşkilatlanması və şəbəkələşməsi mövzusundan ayrı təsəvvür etmək qeyri-mümkündür. Bu, gənclər siyasəti sahəsində daha çevik bir idarəetmə moduludur. Axı bir şeyi bilmək lazımdır kı, sırf fərdlərlə əlaqə saxlamaq və fərdlərlə hansısa aksiyaları, layihələri həyata keçirmək də mümkün deyil. Lakin təşkilatlarla əməkdaşlıq edərək gənclər siyasətini həyata keçirməklə gəncləri cəlb etmək daha asan və çevikdir. Gənclər təşkilatları ilə əməkdaşlıq hər iki tərəfə qarşılıqlı şəkildə töhfə verir. Bu əməkdaşlıq nəticəsində gənclər öz təşkilatçılıq bacarıqlarını artırırlar və gələcəkdə öz ideyalarını daha mükəmməl həyata keçirmək imkanı əldə edirlər.

Ona görə də gənclər siyasəti dedikdə mən düşünürəm ki, gənclər təşkilatından başlamaq lazımdır

–          Sumqayıtda gənclər təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

Yaxşı olardı ki, biz gənclər təşkilatlarının inkişafı nələrdən asılıdır bunu müəyyən edək. Yerindən asılı olmayaraq bunlar gənclərin şəbəkələşmə imkanları, qeyri-formal təhsil təcrübəsi, təhsil səviyyəsi və ən vacibi gənclər arasında ünsiyyət bacarıqları və təcrübələridir. Şəhər gənclərimizin şəbəkələşmə imkanlarına baxmalıyıq. Yəni şəhərimizdə şəbəkələşmə imkanları nə dərəcədə əlçatandır. Biz gəncləri haradan toplaya bilərik. Bu sualları cavablandırmalıyıq. Gənclər daha çox təhsil müəssisələrində cəmləşirlər. Orta məktəbdən gəncləri təşkilatllara cəlb etmək çox çətindir. Şagirdlər daha çox universitetlərə hazırlaşır, onların o dərəcədə asudə vaxtı olmur ki, ictimai işlərlə məşğul olsunlar. İkincisi universitetlərdir ki, bu baxımdan Sumqayıtda çox yaxşı şərait var. Sumqayıt tələbələr şəhəridir. Yəni böyük bir tələbə ordusu var. Sadəcə şəhərin özündə yerləşən ali və orta ixtisas məktəblərində 6 mindən çox tələbə təhsil alır. Eyni zamanda Bakıda təhsil alan gənclərimiz də kifayət qədərdir. Sumqayıt gənclərinin təhsil səviyyəsinin yüksək səviyyədə olduğunu nəzərə alsaq, görərik ki, Sumqayıtda bizim şəbəkələşmə imkanımız daha çoxdur. Bu şəbəkəni Baş İdarə olaraq yahooqrup və facebook kimi internetdə mövcud olan sosial şəbəkələr vasitəsi ilə gücləndiririk ki, gəncləri maraqlandıran informasiya axını daha güclü olsun. Bu sahədə aparılan iş artıq öz bəhrəsini verir. Ikinci məsələ gənclərin qeyri formal təhsilidir. bütün gənclər təşkilatlarının inkişaf etdirilməsində bacarıqları artıran müxtəlif təlimlərin keçirilməsi vacib məsələdir.

İsmayıl müəllim, bu günlərdə belə bir təlimlər keçirirdiniz. Bu layihə haqqında zəhmət olmasa məlumat verərdiniz

Biz bu yaxınlarda belə bir layihə keçirdik. Araşdırma apardıq ki, Sumqayıtda fəaliyyət göstərən gənclər təşkilatlarında nə çatışmır. Şəhərimizdəki  gənclər təşkilatlarının çoxu yeni yaradılmasına baxmayaraq motivasiya çox yaxşıdır.Lakin gənclər təşkilatlarının üzvləri təşkilatı inkişaf etdirmək üçün nədən başlamalıdır, qarşıya qoyulan məqsədlərə necə çatmalıdır, fəaliyyət üçün maliyyə axtarışının necə aparılması haqqında çox məlumat və bacarığa malik deyildilər. Bütün bu problemləri əhatə edən layihəni hazırlayarkən düşündüm ki, biz burada gənclər təşkilatlarının bacarıqlarını inkişaf etdirsək onlar, öz ideyalarını necə həyata keçirmələri haqqında suallara cavab tapacaqlar. Burada qeyd etmək istəyirəm ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc İstedadlara Dəstək Fondu tərəfindən həyata keçirildi. Mən, bu layihənin həyata keçməsində bizim Baş İdarənin rəisi Musa Həsənovun dəstəyini xüsusi ilə qeyd etmək istəyirəm. Layihədə keçirilən təlimlər, Layihələrin yazılışı və idarəçiliyi, QHT idarəçiliyi və liderlik, kampaniyaların aparılma qaydaları, QHT-lərdə PR işi və ünsiyyət bacarıqlarını inkişaf etdirirdi. Bu layihəyəyə 120 gənci cəlb etdik. Onu deyim ki, kənardan verilən dəyərləndirməyə görə layihə oz bəhrəsini verir.Təlimin ikinci bir məqsədi də var idi ki, biz bu şəbəkəni inkişaf etdirək və onlar arasında ünsiyyəti gücləndirək. Gənclər arasında sıx ünsiyyət və müzakirələr hər zaman yeni ideyaların meydana gəlməsi ilə nəticələnir. Hətta çox vaxt bir-birindən ideyalar oğurlayırlar (gülür). Amma açığını deyim ki, mən bu məsələyə pozitiv yanaşıram.

Elə gənclər təşkilatlarının yaranması üçün də bir ideya, bir yol olmalıdır. Və bunun ətrafında gənclər birləşməlidir.

Ictimai təşkilatın təməli “başqalarının taleyi və problemləri haqqında birgə fikirləşmək” fəlsəfəsinə əsaslanmalıdır.  Təəssüf ki bizdə çox vaxt QHT işinə bu fəlsəfədən yox, daha çox peşəkar aspektdən yanaşılır və yalnız qazanc mənbəyi kimi dəyərləndirilir.

İkincisi gənclər təşkilatları, üzvlərini bilavasitə say çoxluğuna görə ətrafına toplamamalıdır. Gənclər təşkilatları həmin üzvləri təşkilatın idarəçiliyinə və fəaliyyətinə fəal cəlb etməli və gənc üzvləri fəal vətəndaş kimi yetiştirməlidir. Avropada gənclərlə işləyən strukturlar gənclərdə “fəal vətəndaşlıq” anlayışının formalaşmasına həssas yanaşırlar və bu anlayışı gənclərin ictimai fəaliyətinin effektiv qurulmasında önəmli hesab edirlər. Əlbəttə bu bacarılqar müxtəlif təlimlərlə, qeyri-formal təhsilin inkitşafı ilə mümkündür ki, Sumqayıtda bu sahə böyük miqdarda investisiya tələb edir.

Sizin fikrinizcə bu investisiya təxminən nə qədər olmalıdır?

Ümumiyyətlə qeyri formal təhsilin inkişafına təxmini hesablamalara görə 15-16 min manat illik maliyyə lazımdır ki, bunları biz həyata keçirək.

Sizin fikrinizcə rəsmi, yəni formal təhsil gəncləri ictimai fəaliyyətə hazırlamaq üçün kifayət etmir?

Formal təhsil bir qədər gənclər siyasəti ilə birbaşa məşğul olan strukturlarının səlahiyyətləri xaricində olan bir məsələdir. Arzu edərdik ki, universitetlərdə interaktiv dərs metodunu görsünlər. Mən düşünürəm ki, bu sahədə təhsil strukturlarının gənclərlə iş strukturları ilə əməkdaşlığı çox ideal olardı. Bəzən elə olur ki, 21-22 yaşlı gəncin özünü təqdim etməkdə çətinlikləri yaranır. Təqdimat qabliyyəti zəifdir. Amma biz buna görə məyus olmuruq. Buna görə gəncləri qiymətləndirmək lazım deyil. Bu streotipi aradan qaldırmaq lazımdır. Təxminən 3-4 ildən sonra gənclər təşkilatının inkişafı üçün Sumqayıtda təlim və resur mərkəzinə ehtiyac olacaq.

Həm də gənclər evinə ehtiyac var ki, siz qeyd etdiyiniz təlimlər və s burda bir mərkəzdə koordinasiya olunsun. Kifayət qədər işlər görmək istəyənlər var ki, onlar lazımi dəstək almadığı üçün iş görə bilmirlər. Belə bir mərkəzə çox böyük ehtiyac duyulur.

Gənclər təşkilatının inkişafı üçün məncə ən axırıncı tələb olunan resurs gənclər evidir.  Gənclər təşkilatları üçün ən vacib resurs onların ideyaları və bacarıqlarıdır. Əgər bunlar yoxdursa gənclər evi necə fəaliyyət göstərəcək? Gənclər evi o zaman qurula bilər ki, orada çox ciddi tələb yaransın. Bu tələbat aşağıdan yuxarıya doğru gəlməlidir. Yuxarıdan aşağıya yox. Bir neçə gənclər təşkilatı yığışıb hesab edirsə ki, gənclər evi lazımdır bu məsələ  mübahisə doğuran məsələdir. Bu təşkilatlar doğurdan da ictimai rəyi ifadə edib etmədiyini müzakirə etmək lazımdır. Fikrimcə Sumqayıt şəhərində gənclərin motivasiyası, şəbəkələşmə səviyyəsi və bacarıqlarını qiymətləndirsək 1 neçə ildən sonra buna böyük ehtiyac yaranacaq.

Daha çox gənclər ictimai fəaliyyət üçün Bakıya üz tuturlar. Sizcə bunun səbəbi nədir?

Şübhəsiz bunun çox sadə bir səbəbi var. Bakı paytaxt olaraq resurs paylayıcıdır. Həm maddi baxımdan, eyni zamanda informasiya baxımından.Dolayısıyla Sumqayıtın Bakıya yaxın olması bizim gəncləri sövq edir ki, informasiya ilə təmin olunmaq üçün, daha yaxşı işlə təmin olunmaq üçün paytaxta üz tutsunlar. Bunun üçün ora daha çox üz tuturlar. Məncə gəncləri qınamaq lazım deyil ki, niyə ora gedirsiniz.

Bu gün gənclər müxtəlif sosial şəbəkələrdə birləşirlər, müəyyən məsələləri müzakirə edir və həyata keçirirlər. Bu haqda fikirləriniz maraqlı olardı.

Əgər biz gənclərlə işləyiriksə hökmən şəbəkələşmə vəziyyətini müasir tələblərə uyğun qurmalıyıq. Biz 2008-ci ildən “Sumqayıt gəncləri yahoogrops” yaratdıq. Hal hazırda o qrupun 562 üzvü var və gündə günə say artır. Son bir ildə “facebook” sosial şəbəkəsinin istifadəçiləri də çox artıb. Artıq elə bir inkişaf yaranıb ki, son aylarda artıq biz, gəncləri sosial şəbəkələr vasitəsi ilə tədbirlərə dəvət edirik. Biz Sumqayıt tələbələri arasında internet istifadəçilərinin sayını çoxaltmalıyıq. Bu sahədə davamlı inkişaf olmalıdır. Türkiyənin Baş Naziri Rəcəb Tayyib Erdoğan öz seçki kompaniyasında demişkən “Durmaq yox, Davam”. (gülür) Şəbəkələşmə, ünsiyyət üçün lazımdır. Bu ünsiyyəti effektiv şəkildə qurmasaq, gənclər ölkə məsələlərini müzakirə edib yeni ideyalar meydana gətirə bilməzlər.

Söhbətləşdi:  Eyvaz Qocayev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Gulnar
    Dekabr 13, 2010 - 12:20

    Mən də bir gənc olaraq gənclər təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirirəm.Fikirləşirəm ki, cəmiyyətdə fəaliyyət baxımından ən passiv gənci də bu təşkilatlara qoşmaqla aktiv iş rejiminə salmaq olar. Mən fikirləşirəm ki, məktəbdə bilik cəhətdən zəif olanları da bu cür təşkilatlara qoşmaqla cəmiyyətə yararlı şəxsiyyətlər yetişdirmək olar.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər