“Sağlam Düşüncə” Gənclər Təşkilatının Sumqayıtda keçirdiyi “Sağlam şəhər” adlı layihəsinə yekun vurulub.
Layihə, Azərbaycan Respublikasının Prezident yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sumqayıt şəhər bələdiyyəsinin tərəfdaşlığı ilə təşkil olunub.
Layihənin əsas məqsədi ictimai yerlərdə tullantıların atılmasının qarşısının alınması, tullantıların yaratdığı ekoloji və sağlamlıq problemləri haqqında əhalinin bilgiləndirilməsi, eləcə də şəhərin təmiz saxlanaraq ekoloji nüfuzunun yaxşılaşdırılması olub.
“Sağlam şəhər” layihəsi 2018-ci il 1 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 637 nömrəli sərancamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022 illər üçün milli strategiya”-sının 2.1.3.-cü bəndinə uyğun olaraq ictimai maarifləndirmə kampaniyası həyata keçirmişdir.
Belə ki, layihə çərçivəsində Sumqayıt şəhərində 1000-dən çox respondent arasında virtual və ənənəvi sorğu keçirilmiş, ətraf mühitə vurulan zərər ilə əlaqəli ekspertlərin təqdimatında vebinarlar təşkil edilmiş, şəhərin görünən yerlərində məlumat xarakterli afişalar yerləşdirilmiş, şəhər sakinlərinə parça torbalar paylanılmış və “Sağlam Düşüncə” Gənclər Təşkilatının rəsmi sosial media hesablarında tematik illüstrasiyalar və fotolar paylaşılmışdır.
Qeyd edək ki, “Sağlam Düşüncə” Gənclər Təşkilatı 2016-ci ildən etibarən Sumqayıt şəhərinin məktəblərində ekoloji klublar yaradaraq şagirdlərə ətraf mühitin qorunmasının əhəmiyyətini təbliğ edir. Bu təbliğat çərçivəsində ekoloji mövzuda təlim, seminar, təkrar emal oluna bilən materiallardan laboratoriyaların təşkil olunması və onlardan əl işlərinin hazırlanması, bu mövzuda debat turnirləri, ekskursiyalar, açıq hava düşərgələri, iməcliklər və digər bu kimi fəaliyyətlər təşkil olunur.