Müstəqil dövlətçiliyin əldə olunması çoxəsrlik Azərbaycan tarixinin ən böyük hadisəsidir. XX əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyi qazanmaq şansına sahib olan Azərbaycan xalqının bu uğurunun ideya rəhbəri dövlətimizin xilaskarı, müstəqilliyimizin möhkəm əsaslarını yaradıb onu əbədi bir sərvətə çevirən görkəmli dövlət xadimi Heydər Əliyev idi.
İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndərin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də gənclərə diqqət və qayğının artırılması, dövlət gənclər siyasətinin əsaslarının müəyyənləşdirilməsi, respublikamızın ictimai-siyasi həyatında xalqın ümidi, onun inkişafının və yüksəlişinin əsas meyarı və barometri olan gənclərin iştirakının təmin olunması, gənclərin sosial-mənəvi ehtiyaclarının ödənilməsi və onların gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olub.
Ötən 19 ildə Prezident İlham Əliyevin rasional, uzaqgörən və praqmatik siyasəti, cəsarətli addımları, güclü liderlik keyfiyyətləri və yorulmaz gündəlik əməyi sayəsində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasını, xalqımızın tarixi irsinin yaşadılmasını, ölkə daxilində tolerantlıq mühitinin və multikultural dəyərlərin möhkəmləndirilməsini, gənclərin vətənpərvərlik tərbiyəsini dövlət siyasətinin tərkib hissəsinə çevirməsi onun Heydər Əliyevin dövlətçilik təliminə verdiyi ciddi əhəmiyyətin və bu təlimi yaradıcı şəkildə inkişaf etdirməsinin əyani təzahürüdür.
Dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Elm, təhsil, mədəniyyət və incəsənət sahəsində istedadlı gənclərin aşkar olunması, onlarla fərdi işin qurulması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı gənclərin əməyinin qiymətləndirilməsi və onlar üçün yeni stimulların yaradılması məqsədilə yeni mükafatların təsis edilməsi, gənclərin intellektual inkişafının dəstəklənməsi buna bariz misaldır.
Gənc nəslin vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Ölkəmizdə vətənpərvərlik tərbiyəsinin düzgün qurulmasının nəticəsi idi ki, Ali Baş Komandanın bir çağırışı ilə yüz minlərlə gəncimiz Vətən torpaqlarının müdafiəsinə qoşuldu və cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımızı düşmən işğalından həmişəlik xilas etdi.
Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun misilsiz töhfəsi var. İctimai həyatımızın ayrı-ayrı sahələrində Ulu Öndərin adını daşıyan Fondun həyata keçirdiyi layihələr, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq Azərbaycanın uğurlu gələcəyinin təmin olunmasına, respublikamızın sivil dünyaya inteqrasiyasına hesablanıb. Ulu öndərin ideyalarına sadiq qalan, onun əməllərini yaşadan və ideyalarını gerçəkləşdirən Fondun fəaliyyəti ölkə gənclərinin məşğulluğunun təmin edilməsi, onların ictimai-siyasi proseslərdə yaxından iştiraka cəlb olunmasına yönəlmişdir.
Ramiz Hüseynov,
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri
Müzakirə qapadılmışdır.